VARDENİS YOX,BASARKEÇƏR DEDİYİMİZ GÜNLƏRDƏ AZTV TARİXİ TORPAQLARIMIZA “QƏRBİ ERMƏNİSTAN” DAMĞASI VURDU
AzTV-nin “xarüqə”ləri bitib tükənmir,
vaxtaşırı efiri səhvlərlə səhifələnir.Əvvəllər də qüsurlar olurdu.İş olan yerdə səhv də olur.Amma bir qayda olaraq nöqsanların çoxu canlı verilişlər zamanı baş verirdi.Rövşən Məmmədov bu televiziyanın rəhbəri olandan sonra xətalar videoyazı ilə və gecikmə qaydasında verilən proqramlara da sirayət etdi.Bilməyənlər üçün deyək ki,televiziyada verilişləri gecikmə ilə vermək o deməkdir ki,canlı yayımlar zamanı səhvlərdən sığortalanmaq üçün çəkilişi verilişin real efir vaxtından 5-10 dəqiqə əvvəl başlayırlar.Bu da hər cəhətdən səhv etmək riskini heçə endirir.Lakin görünür bu qaydalar Rövşən Raqifoğlunun komandası üçün təsirli deyil.
Arada onun özünün də aparıcılıq etdiyi “Əsas məsələ” verilişinin misalında buna əmin ola bilərik.Məsələn, “Türkiyəyə qarşı ikili standartlar” mövzusunun müzakirəsi zamanı “ABŞ-ın qardaş ölkəyə S–400 satmaqdan imtina etməsi müttəfiqliyə ziddir” kimi manşet yazılıb ekranda göstərilmişdi.
Hər kəs bilir ki, S–400 raket komleksini Rusiya hazırlayır və Türkiyə də bu qurğunu oradan alır. Vaşinqton isə NATO-da müttəfiq olduğu Türkiyənin ruslardan silah almasına qarşı çıxır…
Bu AzTV-nin yanlışlarından bir “naxış”dır.
Elə həmin “Əsas məsələ”də Cümşüd Nuriyevin veteran qadın hərbçilər barədə işlətdiyi aşağılayıcı sözlərin efirə verilməsi ilə bağlı yaranmış qalmaqal yadınızda olar. Aparıcı bu həssas məqamda müdaxilə etməmiş, redaktor isə montaj prosesində bu fraqmenti çıxartmamışdı.
Misallar çoxdur.Məsələn,Rövşən Məmmədovun apardığı “Həftə” analitik-informasiya proqramında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanının çıxışı verilərkən subtitrdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin adının,soyadının,vəzifəsinin yazılmasını yəqin diqqətli oxucu,tamaşaçı unutmayıb.
Məlumat üçün bildirək ki,bu veriliş də videoyazı ilə verilir.Deyilənə görə Rövşən Məmmədov montaj prosesində şəxsən özü əvvəldən axıra qədər iştirak edir, lazım gəldikdə dəyişiklik,əlavələr edir.
Hətta bildirilir ki,Rövşən Məmmədov yuxarıda qeyd etdiyimiz kobud səhvə görə bir çox işçini öz ənənəvi üslubunda cəzalandırıb,yəni töhmət,şiddətli töhmət və qonorardan müəyyən faizini kəsdirib .Sual yaranır,bəs Rövşən Məmmədovu kim cəzalandırmalıdır? Axı AzTV-nin ən səlahiyyətli əməkdaşı olaraq bu adam verilişə efirdən əvvəl tam baxır.Deməli,nəzərdən nə qaçırsa,bunda sədr Rövşən Məmmədovun da günahı var.
Səhvləri sadalamaqla bitməz.Bəzilərini yada salaq.Məsələn,AzTV Xəbərin müxbiri Vəfa Ağabalayeva bir süjetdə Azərbaycan Xalq Cümhuriyyəti əvəzinə Azərbaycan Xalq Cəbhəsi demişdi.Ola bilər ki,müəllif Günel Habilqızı səhvən elə yazıb.Amma tamaşaçıya bunun heç bir aidiyyatı yoxdur.Tamaşaçı demir ki,bu xətanı Vəfa ya Günel edib,o bəlkə də bilmir ki,buna cavabdeh,məsul olan xəbər studiyasının rəhbəri Mehriban
Məmmədovanın iş funksiyası nədən ibarətdir,tamaşaçı televiziyanın səhvini görür,nəticədə isə ümumi işə ziyan dəyir.
Daha bir misal.AzTV Xəbərin Reportyorlar Qrupunun rəhbəri Vüsal Qaracanın hazırladığı videomaterialda koronavirusun ilk dalğası zamanı xaricdə təhsil alan azərbaycanlı tələbələrin vətənə gəlmək istəyinin səhiyyə sistemimizə yük olacağını bildirməsi də narazılıq yaratmışdı.
Aşağıdakı video isə Operativ Qərargahın 6 may 2021-ci ildə keçirilmiş brifinqindən götürülüb.Bəs bu xətaya nə ad verək?
İndi isə jurnalist Füzuli Sabiroğlunun öz facebook hesabında paylaşdığı postu oxuyaq:
“Aparıcının sözünü texniki xəta saymaq olardı (hərçənd ki, bu da yolverilməzdi) aşağıda yazılan titrlər olmasaydı…
Ayıbdı, vallah ayıbdı…
“QARAGÖL, ÇAYZƏMİ, KƏMƏRLİ KƏNDİ VƏ ZOD 1938-Cİ İLDƏ ERMƏNİSTANA VERİLDİ” yazmaq biyabırçılıqdı.”
Söhbət avqustun 24-də efirə getmiş “Əsas məsələ” verilişindən gedir.Yuxarıda da qeyd etdiyimiz kimi,veriliş videoyazı və ya gecikmə ilə efirə verildiyi üçün aparıcı Elnar Məmmədlinin “Qərbi Ermənistan” ifadəsini işlətməklə buraxdığı səhvi düzəltmək olardı,ancaq nəyə görəsə nə aparıcının özü,nə verilişin redaktoru,nə “Əsas məsələ”nin aid olduğu AzTV-nin İctimai-siyasi proqramlar baş redaksiyasının baş redaktoru Sahəddin Hüseynov və müavinləri,nə də İctimai-siyasi proqramlar studiyasının direktoru Sərvər Bayramov və müavini bu səhvi vaxtında tutmayaraq efirə verilməsinin qarşısını almayıblar.İlk baxışda adi səhv kimi görünən bu ifadənin səslənməsi,üstəlik də titrlərdə qeyri-dəqiq informasiyaların yazılması,özü də siyasi bir proqramda deyilib göstərilməsi çox rüsvayçı göstəricidir.
Bu məqamda cənab Prezident İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına axırıncı səfəri zamanı etdiyi çıxışından bir hissəni nəzərinizə çatdırırıq:
“Basarkeçər rayonuna Ermənistanda “Vardenis rayonu” deyilir. Ancaq bu rayonun, bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır. 1930-cu ildə Basarkeçər rayonu Ermənistan ərazisində yaradılıb. Orada yaşayanların da mütləq əksəriyyəti azərbaycanlılar olmuşdur. O cümlədən Zod kəndinin sakinləri də azərbaycanlılar idi, deportasiyaya məruz qalmışlar. Yalnız 1969-cu ilin iyun ayında Ermənistan Basarkeçər rayonunu, onun adını dəyişdirərək ona “Vardenis” adı qoymuşdur. Xahiş edirəm ki, Azərbaycanda bu bölgə ilə bağlı reportajlar hazırlayanda və ümumiyyətlə, bizim ümumi leksikonumuzda “Vardenis” yox, Basarkeçər adı bərpa edilsin. İndiki Ermənistan ərazisində yerləşən bütün digər qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə də çağırılmalıdır. Misal üçün, Naxçıvan-Ermənistan sərhədində mövcud olan gərginliklə bağlı mən indi mətbuatı izləyirəm. Bizim mətbuatda yazılıb ki, Ermənistanın “Yerasx” kəndində, onun ətrafında hansı hadisələr baş verir. Bu kəndin adı Arazdəyəndir və azərbaycanlılar deportasiyaya qədər orada əbədi yaşayıblar. Ona görə bütün qədim, yəni tarixi adlar bərpa edilməlidir. Bu adlar bizdə müxtəlif kitablarda da öz əksini tapıb. Ona görə xahiş edirəm ki, həm jurnalistlər, həm ümumiyyətlə, insanlarımız bu yerlərin əsl adlarını çəksinlər – Vardenis yox, Basarkeçər rayonu, Basarkeçər şəhəri.”
Ölkəmizin əsas televiziya kanalı olan AzTV dövlət başçısının bu çağırışını tezis kimi götürərək təbliğ-təşviq etməli olduğu halda nəticədə biz əks-təbliğatla qarşılaşdıq.
AzTV-nin xətalarından çox yazmaq olar.Bir deyil,beş deyil.Nəzərinizə yalnız bəzilərini çatdırdıq.Bir qismi müəmmalı və “operativ” şəkildə şəbəkələrdən silinib.
Digərlərini isə…Rövşən müəllim Məmmədov daha yaxşı bilər.
Pərvin Abışova AzTimes az