Valideynlər bayram günləri və axşamlar müəllimə zəng edə bilməz
Valideynlər və ya qanuni nümayəndələr tədris prosesi və məktəb fəaliyyətinə mane olan davranışlara yol verməməli, məktəb binasına və sinif otaqlarına yalnız məktəb rəhbərliyinin icazəsi ilə daxil olmalıdırlar.
Bu, Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanan və ictimai müzakirələrə çıxarılan “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat”da öz əksini tapıb.
Sözügedən layihədə qeyd olunur ki, məktəb heyətinin üzvləri ilə iş saatlarında və ya təyin olunmuş vaxtda əlaqə saxlamalı, axşam saatları, istirahət və bayram günlər məktəb heyətinin üzvlərini ciddi səbəb olmadan narahat etməkdən çəkinməlidirlər. Valideynlər “Şagirdlərin məktəbdaxili nizam-intizam qaydaları” ilə tanış olmalı və onu dəstəkləməlidirlər. Həmçinin öz övladının cəlb olunduğu situasiyalar da daxil olmaqla, nizam-intizam məsələlərinə dair məktəb heyətinin peşəkar mühakimə və qərarlarına hörmət etməlidirlər.