Vəzifəli şəxslərdən hədə-qorxu ilə pul tələb edən sayt rəhbəri və əməkdaşı həbs edilib – RƏSMİ
İstifadələrində olan informasiya resurslarından öz maraqları naminə istifadə etməklə qanunsuz gəlir əldə edən vəzifəli şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Baş Prokurorluq tərəfindən bu barədə kütləvi informasiya vasitələrinə xəbərdarlıq edilərək, sui-istifadə hallarının qanunvericiliyin tələblərinə əsasən cinayət məsuliyyətinə səbəb olduğu bildirilmiş olsa da, təəssüf ki, bu növ neqativ hallara hələ də təsadüf edilməkdədir.
Belə ki, “cia.az” informasiya portalının rəhbərinin ayrı-ayrı vəzifəli şəxslərdən hədə-qorxu ilə pul tələb etməsi barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilmişdir.
İlkin araşdırmalarla “cia.az” informasiya portalının rəhbəri Novruzov Asəf Baxşəli oğlunun həmin saytın əməkdaşı Səfərov Məhsud Səfər oğlu ilə əlbir olaraq ayrı-ayrı dövlət qurumları, müəssisə və təşkilatların rəhbər vəzifəli şəxsləri barəsində həqiqəti əks etdirməyən, rüsvayedici, işgüzar imicə xələl gətirə biləcək məlumatları dərc edəcəkləri ilə hədələyərək onlardan ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul vəsaitini hədə-qorxu ilə tələb edərək almalarına əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış, Asəf Novruzov və Məhsud Səfərov həmin məcəllənin 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) və 182.2.2-ci (təkrar hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.
İş üzrə həmin şəxslərin xidməti istifadələrində olan sahələrdə və üzərlərində axtarış aparılan zaman müxtəlif məbləğdə pul vəsaitinə dair qeydlər olan dəftərçələr və digər sübut əhəmiyyətli sənədlər aşkar olunaraq götürülmüşdür.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən şəxslərə Baş Prokurorluğun 961 nömrəli “Çağrı Mərkəzi”nə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələrini tövsiyə edir.