Vətən müharibəsinin 11-ci günü – Düşmənə sarsıdıcı zərbələr endirilir

Baxılıb:54
Vətən müharibəsinin 11-ci günü – Düşmənə sarsıdıcı zərbələr endirilir

2020-ci il oktyabrın yeddisi – bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin on birinci günü.

Dörd il əvvəl bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilir.

Müdafiə Nazirliyi məlumat yayaraq bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlər zamanı Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində düşmən xeyli itki verir. Düşmənin 10-dək tankı, altı ədəd “D-20” topu, bir ədəd “Akasiya” özüyeriyən artilleriya qurğusu, 30-dək avtomobil texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilir. Ermənistan ordusunun müdafiə xətlərində yerləşən bölmələrinin bir qrup əsgəri döyüş mövqelərini özbaşına tərk edərək fərarilik edirlər.

Azərbaycan Prezidenti İlham Əliyev CNN-Türk “Euronews” telekanallarına müsahibə verir.

Müdafiə Nazirliyi Ermənistan ordusunun məhv edilmiş döyüş texnikasının siyahısını açıqlayır: Sentyabrın 27-dən oktyabrın 7-dək düşmənin 250-dək tank və digər zirehli texnikası, 270-dək artilleriya, yaylım atəşli raket sistemləri və minaatanı, 60-dək hava hücumundan müdafiə vasitəsi, 11 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, səkkiz silah-sursat anbarı, 150-dək avtomobil texnikası və bir ədəd “S-300” zenit-raket kompleksi məhv edilir.

Müdafiə Nazirliyi Ermənistan hərbçilərinin döyüş meydanında qoyub qaçdıqları texnikanın, həmçinin düşmən ordusuna məxsus bir neçə döyüş texnikasının məhv edilməsinin videogörüntülərini paylaşır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun oktyabrın 7-nə olan məlumatına görə, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən intensiv atəşə tutması nəticəsində həlak olmuş mülki şəxslərin sayı 30-a, xəsarət alanların sayı isə 143-ə çatır, 66 mülki obyektə və 427 evə ciddi ziyan dəyir.

Baş Prokurorluq həm də Ermənistanın qadağan olunan bombadan istifadə edərək Bakı-Tbilisi-Ceyhan boru kəmərini hədəfə alması ilə bağlı məlumat yayır.

Məlumatda qeyd olunur ki, Ermənistan silahlı qüvvələrinin silahlı birləşmələrinin üzvləri mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə etməklə oktyabrın 6-da saat 18:30-da Azərbaycan Respublikasının Yevlax rayonunun silahsızlaşdırılmış zonaları, habelə hərbi hədəf olmayan, aydın görünən, fərqləndirilən və xam neft və kondensat ixrac edən kəmərləri hədəfə almaqla, eləcə də döyüşlərdə iştirak etməyən, hərbi əməliyyatlar aparılan ərazidən ən azı 50 kilometrdən artıq məsafədə yerləşən Yevlax rayonunun Aran qəsəbəsi istiqamətində beynəlxalq hüquqla qadağan edilmiş silahları, müharibə vasitələrini və üsullarını tətbiq edib mülki obyektlərə əhəmiyyətli zərər vura bilən qurğulara raketlə hücum etməklə 9M525 qəlpəli “Smerç” nəslindən olub böyük dağıdıcı qüvvəyə malik, içərisində 300 ədəd 9N235 bombacıqları olan reaktiv yaylım atəşli raketdən atəş açıb.

Raketin Azərbaycan Silahlı Qüvvələri tərəfindən havada zərərsizləşdirilməsi nəticəsində onun içərisində olan bombacıqlardan bir hissəsi Yevlax rayonunun Aran qəsəbəsindən keçən, diametri 42 düym olan Cənub Qafqaz Genişlənmiş Boru kəmərinin boru xəttinin üzərinə, bir hissəsi həmin ərazidən keçməklə xam nefti Qara dəniz sahilinə nəql edən Qərb İxrac Boru kəmərindən 120 metr məsafəyə, digər hissələri isə həmin qəsəbədən keçən Bakı-Tbilisi-Ceyhan neft kəmərindən 100 metr məsafəyə səpələnib.

Həmçinin, oktyabrın 7-də Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) Ermənistan-Azərbaycan dövlət sərhədinin Ağstafa rayonu sahəsində uçuş keçirməyə cəhd göstərərkən Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq dərhal məhv edilir.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun azad etdiyi və üçrəngli bayrağımızın dalğalandığı Suqovuşan ərazisinin “Azersky” peykindən əldə olunmuş təsviri təqdim edilir.


Abunəlik