“Vəfa Quluzadə, Tofiq Zülfüqarov və mən istefa verməsəydik, böyük problemlər olacaqdı”

Baxılıb:434
“Vəfa Quluzadə, Tofiq Zülfüqarov və mən istefa verməsəydik, böyük problemlər olacaqdı”

AzTimes.az modern.az-a istinadən Prezident katibliyinin sabiq rəhbəri, Prezidentin eks-köməkçisi (1993-1999-cu illərdə), politoloq Eldar Namazov ilə müsahibəni təqdim edir:

 

– Eldar müəllim, Qarabağ məsələsi ilə bağlı mətbuat, dövlət və cəmiyyət hansı işləri görməlidir ki, daha effektiv nəticələr əldə edilsin?

– Bu məsələ qarışıb. Hər bir böyük işin ucundan tutanda bunu həyata keçirmək üçün vasitə lazımdır. Yaxşı cərrahın əlində əməliyyat bıçağı olmasa, mətbəxdən bıçaq götürüb, əməliyyat apara bilməz ki… Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konflikti kimi böyük bir problemin mahiyyətinə görə mübarizə həm millət səviyyəsində, həm də dövlət səviyyəsində aparılır. Qarşıdurmanın hərbi, diplomatik və iqtisadi sahələri var. Konfliktin həlli bütün cəmiyyətin güclərini səfərbər etməsi və eyni strategiya üzərində fəaliyyət göstərməsindən asılıdır. Bu yalnız ordunun və ya diplomatiyanın, siyasi partiyaların və ya medianın işi deyil. Millət və dövlət vahid strategiya ətrafında birləşib, eyni anda hərəkət etməlidir.

Şəxsən mənim üçün Qarabağ probleminin həlli sahəsində qarşılaşdığımız çətinliklər təkcə ermənilərə xarici dəstəyin olması, dünyada açıq və ya pərdəarxasında islamafobiyanın mövcudluğu deyil. Təbii ki, biz bu amillərin olduğunu da bilirik.

Sizin sualın mahiyyətini saxlamaq şərti ilə başqa cür ifadə edərdim: Bəs işğala son qoymaq üçün daxilimizdə hərbi, intellektual və digər sahələrdə bütün gücümüzü səfərbər edə bilirikmi?

Maraqlı məqamdır. Azərbaycanda sırf Qarabağ münaqişəsinin araşdırılması, həlli ilə məşğul olan dövlət qurumu, məmurlar varmı? Vəzifəsi sırf bu münaqişə ilə məşğul olmaq olan elə bir dövlət qurumu mövcuddurmu? Bunun hərbi, iqtisadi, diplomatiya hissələri tək bir nazirliyin çərçivəsində formalaşa bilməz. Hansısa üst qurum ola bilərdi ki, bütün bu işləri koordinasiya etsin. Belə dövlət qurumu, bütün işi sırf Qarabağ məsələsi olan məmur yoxdur. Ola bilər, ayrı-ayrı nazirliklərdə konfliktlə məşğul olan bölmələr var. Halbuki bu dövlət qurumlarının tək işi Dağlıq Qarabağ münaqişəsi deyil. Məsələn, Xarici İşlər Nazirliyinin ümdə məsələsi Dağlıq Qarabağ problemi olsa da, onun min bir başqa problemi də var. Bu işi koordinasiya etmək, vahid strategiya formalaşdırmaq lazımdır.

Münaqişə olan Ukrayna, Gürcüstan, Moldova kimi ölkələrdə faktiki olaraq, iki dövlət qurumu yaradıblar. Bu addım konfliktlərin həlli ilə bağlı dövlət qurumlarının fəaliyyətini koordinasiya etmək məqsədi daşıyır. Həmin ölkələrdə də nazirliklər mövcuddur. Bəzən baş nazirin müavini səviyyəsində, yaxud xüsusi yaradılmış nazirlik, idarə səviyyəsində bunu tənzimləyirlər. Bundan başqa həmin dövlətlərdə Milli Təhlükəsizlik Şuraları formalaşdırılıb. Azərbaycanda da Təhlükəsizlik Şurası adlanan qurum var. Ancaq həmin qurum faktiki olaraq, prezidentin yanında müşavirə statusu daşıyır. Bir neçə aydan bir prezident Təhlükəsizlik Şurasının iclasını çağırır, nazirlər gəlir, hansısa məsələni müzakirə edib, dağılırlar. Bu prezidentin yanında müşavirədir. Ona görə, Şuranın katibi vəzifəsinə ayrıca məmur da ayrılmayıb.

Təhlükəsizlik Şurası yaradılan illərdə ona katibliklə bağlı təkliflərin hazırlanması müzakirə olundu. Elə birinci iclasda Aparat rəhbəri prezidentə məruzə etdi ki, biz həmin təklifləri də hazırlamışıq. Heydər Əliyev isə “başqa birinə ehtiyac yoxdur, Eldar Namazov  bu sahəni də yaxşı bilir, o aparacaq” dedi.  Mən bir neçə il təkcə prezidentin köməkçisi, katib deyil, eyni zamanda Təhlükəsizlik Şurasının da katibi vəzifəsini icra etdim. İndi bunu Prezident Administrasiyasının rəhbəri həyata keçirir. Vaxtilə ölkə başçısının fərmanında yer alsa da, Şuraya xüsusi adam təyin olunmur. Qeyd etdiyim kimi, bu, prezidentin yanında müşavirə xarakteri daşıdığından xüsusi bir şəxsin təyin olunmasına ehtiyac da yoxdur.

Bu hal müharibə aparan, torpaqlarının 20 faizi işğal edilən ölkə üçün adekvat deyil. Münaqişə şəraitində yaşayan digər ölkələrdə milli təhlükəsizlik şuraları aparıcı üst qurumlardan biridir. Bu şuralarda ölkə üçün strateji əhəmiyyətli məsələlərin hamısı müzakirə olunur. Şuranın böyük aparatı olur, onun daxilində ordu ilə, xarici siyasət, iqtisadiyyatla bağlı ayrıca bölmələr olur. Milli təhlükəsizlik şuraları bütün bu məsələləri koordinasiya edən qurumdur. Şuranın işini aparan onun katibi olur və hər bir nazirliyin nümayəndəsi həmin qurumda müzakirələrdə iştirak edirlər.

Bizdə Qarabağ məsələsinin menecmenti ilə bağlı boşluq qalır. Prezidentin də etməli oluğu işlər kifayət qədər çoxdur. Düzdür, ölkə başçısının da, elə hər bir azərbaycanlının da ürəyindən keçən başlıca məqsəd münaqişənin həllidir. Söhbət ondan gedir ki, bunun idarəçilik mexanizmi təkmilləşirilməlidir.

– Vahid strategiya olsa, nələr dəyişə bilər?

– Bizim vahid strategiyamız olsa, onun ətrafında hər kəsin özünün iş planı qurula bilər. Siz jurnalistsiniz, informasiya mübadiləsi nədir, bunu yaxşı bilirsiniz. Təbliğatın da, əks təbliğatın da öz qanunları  var. Siz bilirsiniz ki, Qarabağla bağlı hansısa informasiyanı müsbət mənada “partlatmaq” olar, yaxud mənfi xarakterli “informasiya bombası”nın təsirlərini necə zəiflətmək olar.  Məsələn, onu 3-5 hissəyə bölüb, hissə-hissə çatdırmaq mümkündür. Biz tarixdən bilirik ki, hansısa xanlar bir zəhərdən qorxanda həkimlərin məsləhətilə onu hər gün hissə-hissə qəbul edir, orqanizmi buna öyrəşdirirdilər. Bundan sonra, kimsə səni zəhərləmək istəsə belə, bu mümkün olmurdu.

– Eldar müəllim, “informasiya bombası”nı hissə-hissə “partlatmaq” deyərkən konkret nəyi nəzərdə tutursunuz?

– Misallarla izah edim. Bu il hərbi parad keçirdik, yeni güclü silahlar aldığımızı nümayiş etdirdik. Bu həm dünyaya, həm də ermənilərə informasiya təsiri idi. Parad keçiriləndə bizim nümayiş etdirdiyimiz 3-4 yeni silah növü var idi. Ermənilər 2016-cı il “aprel döyüşləri”ndən sonra onsuz da bilirdilər ki, bizdə güclü İsrail silahları var. Məsələn, “Spayk” tank əleyhinə raketlər buna nümunə ola bilər. Dünyada tankın əleyhinə raketlərin içərisində III nəsil adlandırılan “Javelin” silahları mövcuddur. Rusiyada həmin silah yoxdur, ABŞ-da isə var. Bu silah elədir ki, hansısa tankı nişan alanda, obyektin hara getməsindən asılı olmayaraq, raket özü onu tapıb, məhv edir. Azərbaycanın İsraildən aldığı “Spayk” tank əleyhinə raketlər isə “III+” nəsil gedir. Azərbaycanda olan bu raket Amerika raketlərindən qat-qat üstündür. “Spayk”ın elə imkanları var ki, “Javelin”də bu yoxdur. Tanka istiqamətləndirilən raketin içərisində yerləşdirilən kamera ilə raketi planşetdən izləmək olur. Hətta raketlə tankı vurmağa çalışarkən, hərbçinin gözünə daha cəlbedici obyekt sataşarsa, raketin istiqamətini dəyişib, həmin obyekti də vura bilər. “Javelində”isə bu özəlliklər yoxdur. “Spayk” raketlərini dağın o tərəfinə atıb, kamera ilə izləyərək, əvvəlcədən bilmədiyimiz obyektləri də vura bilərik.

Emənilər bu silahları “aprel döyüşləri”ndə görəndən sonra Serj Sarkisyan Almaniyaya gedərək, kansler Angela Merkelə şikayət etmişdi ki, “Azərbaycan XXI əsrin silahları ilə döyüşür, biz isə XX əsrin köhnə silahları ilə qalmışıq”.
Biz yenə də təsir etmək üçün növbəti dəfə hərbi parad təşkil etdik. Azərbaycan Belarusdan “Polonez” silahları, Türkiyədən ilk dəfə olaraq qanadlı raketlər, İsraildən “Lora” raketləri  aldı. Ölkə rəhbərliyi sağolsun ki, buna diqqət ayırır. Ordu rəhbərliyi isə öz növbəsində ölkəmiz üçün həqiqətən əhəmiyyətli olan silahları seçib, sifariş edib. Bu işlə məşğul olan xüsusi komissiya müqavilələr hazırladı, silahların alınmasına nail oldu. Paradın keçirilməsinə 10 gün, bir həftə, 3 gün, bir gün qalmış həmin silahlarla bağlı mediada informasiyalar çap olundu, mətbuat nümayəndələri parada çıxarılacaq yeni silahlardan hissə-hissə yazmağa başladı. Nəticədə parad keçirilən günü təqdim edilən heç bir yenilik yox idi. Biz böyük bir “informasiya bombası”nı hissələrə böldük və düşmənlərimizə yavaş-yavaş çatdırdıq. Yəni, informasiya bombasını hissə-hissə “partlatdıq”, bu isə düzgün deyildi. Nəticədə “bomba”nın təsirləri zəiflədi. Jurnalistlər də bunu özbaşına etməmişdilər ki…

Biz bu “bomba”nı bütünlüklə paradda “partlatmalı” idik. O zaman ermənilər daha çox qorxuya düşərdilər, yeniliklərdən xofa düşərdilər.

Demək istədiyim odur ki, bu, əvvəlcədən koordinasiya edilsəydi, silahları alanlarla, təbiğatı quranlar bir yerdə bunu müzakirə etsəydilər, daha uğurlu təsir imkanı olardı.

Ona görə, yenə fikrimə qayıdıram ki, dövlətin içərisində Qarabağla bağlı məsələləri uzlaşdıran, tənzimləyən qurum olmalıdır.

– Bir zamanlar bu cür qurum yaratmaq təşəbbüsü ilə çıxış edə bilərdiniz. Bəs vəzifədə olanda niyə indi dediklərinizi reallaşdırmadınız?

– Təhlükəsizlik Şurası 1997-ci ildə yaradıldı. Mən o zaman 6 il prezidentin köməkçisi və Şuranın katibi vəzifəsində çalışmışam. İlk dəfə məndə səhhətimlə bağlı problemlər yaranmışdı. Gözlərimdə müalicəyə ehtiyac var idi. Prezidentin razılığı ilə müalicə götürmək üçün Moskvaya uçmuşdum.

– Rusiya adamın gözünü aça bilirdi ki, ora getdiniz?

– Orada sovet dövründən çalışan oftolmoloqlar, həkimlər var idi.

– Bizdə hara güvən varsa, ora gedirlər…

– Son dövrlər bu sahə ilə bağlı problem olanda Türkiyəyə, Gürcüstana gedirəm…

– Rusiyaya artıq getmirsiniz?

– Xeyr (gülür)… Moskvada müalicə aldığım xəstəxanada mənə məktub verildi ki, prezidentə çatdırım. Sən demə məni müalicə edən həkim müalicəmi davam etdirməyim üçün prezidentdən icazə alıb, mənə vaxt verilməsini istəyirmiş. Qısa müddət fəaliyyətimdən uzaq qaldım. Təhlükəsizlik Şurasının yaradılmasına hazırlıq işləri gedəndə mən Bakıda idim, ancaq artıq qurum yaradılanda iştirak edə bilmədim. Mən yenidən işə başlayanda prezidentlə söhbətlərimiz elə bu Şura haqqında oldu. Mətbuatda bu qurum sadəcə Təhülkəsizlik Şurası şəklində qeyd edilmişdi. Mən ölkə başçısından soruşdum ki, nəyə görə Milli Təhlükəsizlik Şurası deyil, sadəcə Təhlükəsizlik Şurası adlandırılıb? Heydər Əliyev bildirdi ki, elə dediyim kimi, Milli Təhlükəsizlik Şurasıdır. Araşdıranda məlum oldu ki, “Milli” sözü Şuranın adında qeyd edilməyib. Biz onu sonradan düzəltdik.

Həmin dövrdə hansısa yeni qurumların yaranması ilə bağlı problemlər var idi. Vaxtında bu proses düzgün qurulmadı, indi də davam edir.

Qarabağ məsələsində ayrı-ayrı sahələrə qiymət vermək olar. 1994-cü ildən – atəşkəs imzalanandan sonra yaranmış vəziyyət Azərbaycan ordusunun zəif olduğu fikirlərini gücləndirmişdi. Belə mif yaranmışdı ki, Ermənistan ordusu Azərbaycandan daha güclüdür. Bu mifi gücləndirən torpaqlarımızın işğal altında olması, bizim geri çəkilməyimiz idi. O dövrdə də hamı bilirdi ki, Ermənistanın arxasında Rusiya durur. Biz onda bir məsələnin də üstünü açdıq. Rusiya 1 milyard dollar həcmində silah-sursatı Ermənistana pulsuz vermişdi. Söhbət 1990-cı illərin ortalarından söhbət gedir. Moskvada bununla bağlı böyük bir kampaniya həyata keçirdim.

– O məxfi sənədləri siz əldə etmişdiniz?

– Xeyr. Fərqli üsullarla prezidentə çatdırılmışdı. O zaman ölkə başçısı Heydər Əliyev mənə dedi ki, Rusiyanın bu əməlini açmaq üçün təbliğat aparmaq, Moskvanın özündə prosesi qurmaq mümkündürmü? Dedim, olar. Mən onda Rusiya prezidentinin mətbuat xidməti ilə qaçaqaç vəziyyətində idim. Rusiya saytlarına bu materialı yerləşdirirdim, bir az sonra Rusiyanın təzyiqi ilə həmin materiallar çıxarılırdı. Onlar addım atana qədər başqa internet resurslarında bunları yerləşdirirdim. Onlar həmin yazılarla məşğul olan mərhələdə mən televiziya kanallarına həmin materialları ötürürdüm. Rusiya telekanallarında səhərlər mətbuat icmalı təqdim edən verilişlər yayımlanırdı. Rusiyanın həmin əməli verilişlərə çıxarılırdı, jurnalistlər mənim tapşırığımla o materialı şərh edirdilər.

O dövrdə də bəlli idi ki, ermənilərin havadarı Rusiyadır. Azərbaycanın arxasında elə bir qüvvə yox idi. Türkiyə çalışırdı daha çox kömək etsin, ancaq NATO üzvü olduğuna görə, konfliktə cəlb olunmamaqla bağlı öhdəliklər götürmüşdü. Ona görə, ermənilərin güclü olduğu barədə inanclar formalaşırdı. Həmin vaxt biz güclü dilomatiya ilə problemi kompensasiya edirdik. Diplomatiyanın əsas vasitəsi isə Azərbaycanın nefti oldu. “Əsrin müqaviləsi” imzalanandan, Qərbin iri şirkətləri Azərbaycana sərmayə qoyduğu andan siyasi maraqlar da bura qatıldı. Çünki həmin sərmayələri qorumaq lazım idi. Beynəlxalq qurumlar vasitəsilə biz dalbadal ermənilərə ciddi zərbələr vurduq. 1994-cü ilin sonlarında ATƏT-in Budapeştdə sammiti keçirildi. Həmin sammitdə ATƏT-in tarixində ilk dəfə olaraq, təşkilat tərəfindən sülhməramlı qüvvələrin formalaşdırılması və Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı qərar ala bildik. Rusiyanın çox ciddi reaksiyası var idi. ABŞ və Avropanın təzyiqi isə elə güclü idi ki, Boris Yeltsin veto hüququndan orada istifadə edə bilmədi. Həmin təzyiq də məhz neft kontraktlarına görə formalaşmışdı. Axı Qərb ölkəmizə qoyduğu sərmayələri qorumağı düşünürdü.

Neft müqavilələri imzalandıqdan sonra Azərbaycan prezidenti BMT Baş Assambleyasında iştirak üçün Nyu-Yorka səfər etdi. Orada ABŞ prezidenti Bill Klintonla ilk görüşü baş tutdu. Heydər Əliyev Qarabağ məsələsi ilə bağlı məsələ qaldırdı. Biz isə müəyyən məsələləri həmin görüşdən sonra koordinasiya edə bildik.

ATƏT-in addımı tarixi qərar idi. Həmin vaxta qədər bu təşkilatın sülhməramlı qüvvələri olmayıb. Yalnız BMT sülhməramlıları var idi. Bu, məhz Azərbaycanın uğuru idi. İki ildən sonra Lissabon sammitində başqa bir qərar qəbul olundu. Artıq Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ermənilərə muxtariyyət verilərək həll edilməli idi. Bu qərarlarla biz ard-arda siyasi sahədə Ermənistanı üstələdik. Artıq Ermənistanda siyasi partlayış başladı ki, “bu hüquqi genosiddir, Azərbaycan beynəlxalq aləmdə bizi üstələyib”. Həmin vaxt Levon Ter-Petrosyanı qınadılar. O, mətbuata açıqlama verərək bildirdi ki, “bütün beynəlxalq qurumlar bizi sıxır, güzəştə getməliyik”. Beləliklə, biz ordu cəhətdən uduzmuş olsaq da, diplomatiyada uğur qazanan tərəf olduq.

İndiki mərhələdə isə tamamilə əks mənzərə yaranıb. Biz ordu cəhətdən şəksiz üstünlüyə nail olmuşuk, bunu sübut da etmişik. Bütün dünya “aprel döyüşləri”ndə bunu gördü. Diplomatiyamız isə bunu o səviyyədə kapitulyasiya edib, tamamlaya bilmir.

Diplomatiya sahəsində müəyyən səhvləri gördüm, onları deməliyəm. İlk dəfə olaraq, konflikt 1988-ci ildə başladı. SSRİ dağılandan sonra ATƏT Minsk qrupunu yaratdı, proses artıq həmin təşkilatın çərçivəsində həll edilir. İlk dəfə olaraq sənədlərdə ermənilərin öz müqəddəratını təyin etmək hüququ “Madrid prinsipləri”ndə əks olundu. Əvvəlki illərdə isə biz heç vaxt buna imkan vermirdik. Bu hüquq ermənilərə verilir, ərazi bütövülüyü prinsipi ilə az qala eyni səviyyəyə qaldırılır. Ən əsası, orada bir növ məhdudiyyət də göstərilmir. Biz referenduma heç vaxt imkan verməmişik və bu düzgün də deyil. Hesab edirəm ki, belə məsələlər heç vaxt referendumla həll olunmur. Əgər Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağla bağlı razılıq əldə olunsa, o zaman referendum keçirilə bilər ki, biz bunu Konstitusiyaya əlavə edək. Xalqdan soruşmaq lazımdır ki, bu dəyişikliklərin Konstitusiyaya salınmasına razıdırmı? Ancaq hansısa ərazidə yaşayan kiçik bir qrupa səsvermə hüququ vermək, ölkənin tərkibindən çıxmaq istəyinə şərait yaratmaq absurddur. Ermənistandan neçə yüz min azərbaycanlı 80-ci illərdə deportasiya olundu. Dekabrın 5-də sonuncu azərbaycanlının Ermənistandan deportasiyasından  30 il keçir. Sual olunur, onları niyə deportasiya etdilər?
Akademik Andrey Saxarov bəyan etdi ki, o, Mixail Qorbaçovla danışıb.

“Bakıya da, Yerevana da təklif edirəm ki, iki respublikanın ikisində də referendum keçirək” deyirdi. Bununla dərhal azərbaycanlılar Ermənistandan çıxarıldı.

2016-cı ilin “aprel döyüşləri”ndə əldə edilmiş hərbi üstünlüyü diplomatiya sahəsində kapitulyasiya etmədik. Biz üstünlük əldə etmişdik və düşmənə şərtlər qoya bilərdik. Amma belə çıxır ermənilər bizə şərt qoydular. Mən gözləyirdim ki, hərbi üstünlük əldə edildikdən sonra, Azərbaycanın hərbi əməliyyat keçirib torpaqlarını azad etməyə olan hüququ qabardılsın. Bu, BMT nizamnaməsinə tam uyğundur. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə görə, torpaqlarımız işğal altındadır və azad olunmalıdır. Əgər bu yerinə yetirilmirsə, Azərbaycan hərb yoluna əl ata bilər. Mən əminəm ki, Azərbaycan hərbi üstünlüyü nümayiş etdirəndən sonra Minsk qrupunda, BMT-də, ATƏT-də müəyyən ciddi qərarları qəbul etdirə bilərdi. Əgər bu qəbul olunmasa, Azərbaycanın hərbi əməliyyatlara başlaması üçün yaşıl işıq var idi. Bizi hərb yolundan çəkindirmək üçün addımlar atmalı idilər. Qətnamələrə görə, ermənilər həmin torpaqlardan çıxmalı idilərsə, niyə hələ də orada yaşayırlar, başqa ölkələrdən erməniləri gətirib, orada məskunladırırlar, coğafi adlar dəyişdirilir?

Fələstin-İsrail münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnaməsi hazırlandı ki, Fələstin dövlətinin yaradılması nəzərdə tutulan ərazilərdə İsrail qəsəbələr tikə bilməz. Tikilənləri də darmadağın etməlidir, coğrafi adlar da olduğu kimi qalmalıdır. İsrail məcbur oldu, o yerlərdə olan evləri dağıtsın. İsrailin daxilində radikallar buna etiraz etsə də, dövlət BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi. Biz isə diplomatiyamızı ordumuzun uğurları səviyyəsində qura bilməmişik.

– Qarabağ münaqişəsindən danışanda 1988-ci ildə Ermənistanda və Azərbaycanda baş verən proseslərə toxunmaya bilmərik. Həmin proseslər bir növ münaqişənin də nüvəsini təşkil edirdi. Siz 1988-ci ildə başlayan və sonrakı illərdə də davam edən nümayişlərdə iştirak etməmisiniz və ya çox az qatılmısınız. Niyə nümayişlərə qatılmamısınız?

– Maraqlı sualdır. Qarabağla bağlı proses başlayanda ən birinci ermənilərin cavabını verən, mətbuata çıxan, tək ölkədə deyil, SSRİ mətbuatına açıqlamalar verən mən idim. Bəziləri xatırlayır, SSRİ-nin birinci kanalında siyasi verilişlərdə ekspert kimi çıxış edib, bütün SSRİ-ni Qarabağ məsələsi ilə bağlı agah edirdim. Mənim yazdığım məqalələr tək SSRİ-də yayılmırdı. Azərbaycan diasporu onu tərcümə edib, fransız, ingilis dillərində bütün ölkələrdə yayırdı. Mən Moskvada etnik konfliktlərlə bağlı institutda çalışırdım. Düzdür, dissertaya mövzusunu “Dədə Qorqud” seçmişdim, türkçüyəm və türkologiyanı da çox sevirəm. Ancaq həmin instituda bir neçə il çalışdığıma görə, mətbuatdan uzaq müzakirə olunan etnik konfliktlər haqqında məlumatlı idim. Sovet dövründə də müxtəlif bölgələrdə konfliktlərin olduğu sirr deyildi. Mən orada alimlərin, ekspertlərin müzakirələrində iştirak etdiyim üçün erməniləri arqumentlərlə yerinə oturtmağı bacarırdım. Bu sahəni yaxşı bilirdim. Qarabağ münaqişəsi başlayanda Moskvadan nümayəndə heyəti gəlmişdi.  O zaman “Azadlıq” qəzetinin baş redaktoru olan Nəcəf Nəcəfov məni dəvət etdi ki, onların qarşısında çıxış edim. Mən bütün arqumentləri izah etdim, separatçılıqla bağlı danışdım. Həmin iclasdan sonra Nəcəf Nəcəfov mənə yaxınlaşdı ki, “sizinlə əməkdaşlıq etmək istəyirəm”. O dövrdə qadağa var idi, onu sındırmaq üçün Nəcəf Nəcəfov qəzetində çağırış etdi ki, susmaq olmaz, sonra isə mənim böyük bir məqaləmi yayımladı. Bu bir növ “informasiya bombası” oldu. Dağlıq Qarabağ münaqişəsində ermənilərin iddialarının saxta olduğu dalbadal sənədlərlə göstərildi. Silsilə yazılar dərc olundu. Məqalələrin hamısı rəsmi qəzetlərdə, SSRİ-nin müxtəlif yerlərində, xarici qəzetlərdə çap olunurdu. Həmin dövrdə artıq xalq hərəkatı başlayanda mən ekspert kimi tanınmış adam idim. Bir neçə dəfə həmin dövrdə dövlət orqanları tərəfindən də xahiş olunurdu ki, Moskvada SSRİ qurultayının 19-cu partiya konfransında ermənilərin iddialarına cavab verim. Orada maraqlı hadisə baş verdi. Xalq hərəkatı başlayanda onu başladanlar mənim tanışlarım, dostlarım idi. Biz Elmlər Akademiyasında da bu məsələləri həmişə müzakirə edir, fikir mübadiləsi aparırdıq. Mən mitinqlər başlayandan ilk gündən meydanda idim. Akademiyada məni çağırdılar və dedilər ki, sizinlə söhbət etmək istəyirik. Onlar məndən xahiş edirdilər ki, tribunaya çıxıb, bu işləri qaydasına salım. Mənə bunu təklif edənlər vəzifəli şəxslər idi. Orada radikalların olduğunu bildirdilər…

– Bu sualı elə-belə səsləndirmədim. Britaniyalı jurnalist Tomas De Vaalın “Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında” kitabında yazılıb ki, sizə siyahı haqda da məlumat veriblər.

– Mənə Lenin meydanındakı Hökumət Evinin arxa qapısından keçərək natiqlərin çıxış etdiyi tribunaya çıxıb hökumətə lazım olan sözləri demək təklif olunmuşdu.

 

Onlar mənə həmin mitinqlərə göndərəcəkləri tanınmış ictimai fiqurların adlarını dedilər.

 

Onların sözlərinə görə, siyahıda çoxlu adamlar var idi, onlar da həmin mitinqlərdə çıxış edəcəkdilər. “Siz arxa qapıdan gələrsiniz, orada sizi qarşılayacaqlar. Sizi hamı tanıyır, hər həftə mətbuatda yeni məqaləniz dərc olunur” dedilər.

Həmin şəxslər mənə deyirdilər ki, tribunada çıxış etmək sizin üçün asan olar. Mən buna etiraz etdim. Bildirdim ki, mən aliməm, ekspertəm. Əgər insanların qarşısına çıxmaq lazımdırsa, arxa qapıdan heç vaxt çıxmaram. Dedilər, siyahıda olan başqaları da buna razılıq veriblər.

Onlar mənə, həmin mitinqlərə göndərəcəkləri tanınmış ictimai fiqurların adlarını dedilər. Mən də “Yox, sağ olun, mən belə oyunlarda yoxam” cavabını verdim.

Yenə də fikrimdə qaldım və onların istədiyi kimi tribunaya çıxmadım. Bütün mitinqlərə sıravi bir vətəndaş kimi qatıldım.

Onların siyahısında olan adamlar həqiqətən də tribunaya çıxdılar və çıxış etməyə başladılar. Onların çoxu tarixə AXC liderləri kimi düşüblər.

Ancaq Nəcəf Nəcəfovla əməkdaşlığımız axıra kimi davam edirdi. Mən “Azadlıq” qəzetinin siyasi icmalçısı idim. Biz onunla həm də dost idik. Mənim Qarabağla bağlı ekspert kimi fəaliyyətimə hökumət tərəfindən bir müddətdən sonra son qoyuldu. Mən Dağlıq Qarabağda Qarabağ Təşkilat Komitəsində çalışırdım. 1990-cı ildə hərbi qarnizonun qarşısında Xankəndində general- leytenant Safrov məni həm saat, həm də fəxri diplomla təltif etmişdi. Öz adından kiçik bir şeir də yazmışdı:

“Nə imkan varsa, insanda,
Sən də o işlərin hamısını gördün Qarabağda”.

Ancaq bir müddət sonra dedilər ki, sənin həm oradakı, həm də beynəlxalq fəaliyyətinə son qoyuldu. Mən maraqlandım ki, bu nə məsələdir? Ekspertlər dedilər ki, Viktor Polyaniçko çağırdı, stolun üstünə “Azadlıq” qəzetinin bir nüsxəsini qoydu. Deyib ki, bu Eldar Namazov hər yerdə Qarabağla bağlı çıxış edir. O Xalq Cəbhəsinin tərəfdarıdırmı? Ekspertlər ona bildiriblər ki, siz hələ rus dilində indi görürsünüz, Eldarın Azərbaycan dilində məqalələri də var, o, xalq hərəkatını dəstəkləyir. Qarabağ məsələsində isə  hər kəsin birlikdə əməkdaşlıq etməsinin tərəfdarıdır. Ondan sonra SSRİ dağılana qədər mənim dövlətlə, Qarabağla bağlı fəaliyyətimə fasilə verildi.

– Demək istəyirsiniz ki, Xalq Cəbhəsində müəyyən qrupları o vaxtkı Azərbaycan hökuməti idarə edirdi?

–  Hesab edirəm ki, xalq etirazları, nümayişlər deyilən məsələlərdə hökumətin əli var idi. Mən bunu müsbət sayıram. Yuxarıdan razılıq olmasa idi, təhsil ocaqlarının rektorları rahatca həmin tələbələri meydana buraxmazdı. Mənim qənaətim odur ki, Ermənistanda kommunist rəhbərləri aksiyaları təşkil edirdilər, özləri qabağa düşmürdülər ki, Moskvaya təzyiq etsinlər. Yüz minlərlə insan küçəyə çıxıb, Qarabağın Ermənistana birləşməsini tələb edirdi. Bir müddət Azərbaycan buna cavab vermirdi. Ancaq sonradan bizdə 100 min yox, milyonlarla insan küçəyə çıxdı, tələb etdi ki, Qarabağ Azərbaycanın tərkibində qalmalıdır. Müəyyən mənada burada hakimiyyətin maraqları da təmin olunurdu. Ona görə mən əməkdaşlığı tamamilə mənfi saymıram. Hakimiyyətin içərisində də hərəkatı dağıtmaq, başqa səmtə istiqamətləndirmək üçün birmənalı fəaliyyət göstərənlər, hakimiyyət uğrunda mübarizə aparanlar var idi. Bütün bunların fonunda, müsbət və mənfi saydığım əməkdaşlıqlar da mövcud idi. Bu qarışıq mövzu olduğuna görə, konkret ağ ya qara demək mümkün deyil.

Mənə bir dəfə dedilər ki, Qarboçovun gənclərlə görüşü olacaq, Moskvaya getmək lazımdır. Bu fürsəti əldən verə bilməzdim. Orada Qorbaçova elə suallar verdim ki, o qıpqırmızı oldu, amma zal əl çalırdı. Sualları yazılı göndərirdik, o oxuyurdu. 15 respublikadan mindən çox gənc tədbirdə iştirak edirdi. Dəfələrlə arxa-arxaya suallar verirdim, özü də sərt suallar idi. Hamısı Qarabağ məsələsilə bağlı idi, Qorbaçov pərt vəziyyətində qalırdı.

Mən Xankəndidə çalışanda evə – anama demirdim ki, hara gedirəm. Bir həftə, 10 gün anamı Zaqataladayam adı ilə aldada bildim. Nəhayət Xankəndinə jurnalistlər gəldi və çəkiliş apardılar, məni təriflədirlər, təltif etdilər. Mətbuatda mənim haqqımda yazı çıxdı, anam da bunu oxumuşdu. Və beləliklə xəbəri oldu, mən ona zəng edəndə ağlayırdı, dedi bilirdim ki, sən məni aldadırsan.

“Azadlıq” qəzetində dediyim kimi, siyasi icmalçı kimi çıxış edirdim. “Azərbaycan” qəzetində rus dilində yazılarm çıxanda ilk dəfə bunu Polyaniçko oxudu, dəhşətə gəldi.

– Sizin nəzərinizdə Əbülfəz Elçibəy xalq hərəkatında hansı mərtəbədə idi?

– O, siyasətçi deyil, daha çox dövlətçi insan idi. Bu ikisi arasında müəyyən bir fərq var. Mənə deyirlər belə məsələləri danışmaqla reytinq qazanırsan. Mən əksər hallarda bu məqamları demirəm, deyəndə isə ümumi axının əleyhinə gedirəm. Mən daxilən bilirəm ki, bizim dövlətimiz üçün daha düzgün bu yanaşmadır. İctimai rəy yanlış bir şeyə köklənibsə, mən buna uyğun nəyisə desəm, daha çox xal qazanaram. Amma dövləçilik baxımından düzgün saydığımı desəm, kimsə məni qınayar. Amma seçim edəndə hər zaman dövlətçilik məsələsini öndə tuturam.

Mənim aləmimdə Əbülfəz Elçibəyə bu gün verilən qiymət tamamilə düzgün qiymətdir. O rəhmətə gedəndə Heydər Əliyev onu özünə nə qədər siyasi opponent kimi görsə də, onun tabutu qarşısında baş əydi, “Allah rəhmət eləsin” dedi. Onun ailəsinə dövlət tərəfindən dəstək olunur. Hesab edirəm ki, bu, tamamilə düzgündür. Bilirəm, bu siyasətçilərin xoşuna gəlməyəcək. Ancaq mənə görə, Azərbaycanın hər bir prezidentinin şəkli Prezident Administrasiyasının içində, birinci  mərtəbədə olmalıdır. Fərqi yoxdur, sənin kimə nə cür münasibətin var. Bu şəxs prezident olubsa, dövlətin simvollarından biridir. Kimisə inkar etmək olmaz, hətta bir-birinə rəqib olan adamların da şəkli yan-yana olmalıdır. Bu mənada, necə ki, prezidentləri ABŞ-da təbliğ edirlər, onlar zala girəndə təbliğ edən adamlar da ayağa dururlar. Çünki o, ABŞ prezidentidir. Sən onun fəaliyyətini tənqid edə bilərsən, ancaq o instituta hörmətlə yanaş. Bu mənada Əbülfəz Elçibəyin də prezidentliyi ilə bağlı istənilən qədər tənqid səsləndirmək, səhvləri dilə gətirmək olar. Əgər o səhvlər olmasa idi, bu qədər tezliklə hakimiyyəti itirməzdi. Onun milli azadlıq hərəkatının lideri kimi bəzi yaxşı addımları oldu, hansı ki, bunu başqaları görməyib. Həm prezident, həm də digər vəzifələrdə olduqda yaxşı addımları atdı. Kifayət qədər mürəkkəb proseslərin içərisində prezident oldu, eyni şəraitdə də prezidentliyini itirdi. Bütün hallarda o Azərbaycanın prezidenti olub, ona hörmətlə yanaşaq.

 

– Qeyd etdiyiniz səhvləri analitik təfəkkürlə daha dolğun açıqlamağınızı istərdik. Həm Elçibəyin, həm də Ayaz Mütəllibovun səhvləri nə idi?

– Bilirsiniz, Elçibəyin siyasətini təhlil etmək, onun ümumiyyətlə Xalq Cəbhəsinin lideri, həm də prezidentlik dönəmini dəyərləndirmək çox böyük bir söhbətin mövzusudur. O insandan asılı olmayan məqamlar var. Ümumiyyətlə, hər siyasətçinin uğuru və ya uğursuzluğu 50 faiz onun şəxsi keyfiyyətləri ilə bağlıdır. Digər 50 faiz isə yaranmış durumla əlaqədardır. O yaranmış durum diktə edir ki, hakimiyyətə hansı tipli lider lazımdır. 5 ildən sonra ola bilər, başqa durumda lider lazım olacaq. Hesab edirəm ki, Ayaz Mütəllibovun da, Elçibəyin də çox ciddi üstünlükləri var idi. İqtisadiyyatı yaxşı bilməsi, iqtisadi sistemdə hər kəsə şərait yaradılması, biznesin inkişaf etdirilməsi istiqamətində addımlara meyilli olması baxımından Ayaz Mütəllibov öndə idi. İdeoloji məsələlər, türkçülük məqamları cəhətdən isə Elçibəy. O 10-20 il qarşını düşünüb, hansısa ideyalar irəli sürə bilirdi. Müharibə aparan ölkə olmasa idi, Avropanın ortasında yaşasaydıq, sağ-solumuzda bizə təzyiq etməyən, əməkdaşlığa can atan ölkələr çox olsa idi, bəlkə Ayaz Mütəllibov da Elçibəy də hərəsi 5-10 il rahat prezidentliklərini həyata keçirə bilərdilər. Amma ermənilərlə münaqişə şəraitində yaşadığımız dönəmdə, çox çətin bir məqamda Heydər Əliyev kimi siyasətçinin burada uğur qazanması reallığa daha çox söykənir. Bu şəraitləri biz nəzərə almalıyıq.

– Tomas de Vall yazırdı ki, Heydər Əliyev prezident səlahiyyətlərinin icrasına başlayanda Qarabağın “spikeri” Karen Baburyanla danışıqları olub. Bu realdırmı?

–  Bütün bunlar ermənilərin uydurmalarıdır. Belə uydurmalarının məqasədi isə Dağlıq Qarabağı üçüncü tərəf kimi göstərməkdir. Ya saxta “Bişkek Protokolu”nu ortaya atırlar ki, guya orada üç tərəfin iştirakı ilə sənəd qəbul olunub. Halbuki, belə bir şey olmayıb. Azərbaycan tərəfi “Bişkek Protokolu”na imza atmayıb. Atanda da məntiqlə Azərbaycan icmasının mövqeyi olmalı, sədri imza atmalıdır. Erməni tərəfi isə bunu qəbul etməyib ona görə, belə bir sənəd olmayıb. O hüquqi cəhətdən qüvvəyə minməyən bir şeydir. Ermənilərin belə saxta iddialar ortaya atması həmişə olub.

Mən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində çalışırdım. O kiçik bir müəssisə idi. Vəzifədə çalışdığım illərdə fəaliyyətim dondurulmuşdu, onu indi bərpa etmişəm. Məni dəvət etdilər, Azərbaycanın o dövrdəki xarici işlər naziri Hüseynağa Sadıqovun yanına. Dedi ki, ATƏT-in Finlandiyada vacib iclası keçiriləcək, Dağlıq Qarabağla bağlı vacib məsələlər müzakirə ediləcək. Rəhbərliyin önündə müzakirə etmişik, xahiş edirik, orada Azərbaycanı təmsil edəsiniz. Mən dedim ki, dövlət adamı deyiləm. Rəhbərlik etdiyim mərkəz kiçik bir müəssisədir, Azərbaycanı nə cür təmsil edə bilərəm? Mən iş görə bilərəm, ancaq yanımda kimsə mütləq olmalıdır. Dedilər sənin yanında bir nəfər Xarici İşlər Nazirliyindən, bir nəfər isə parlamentdən göndərərik. Mən razılaşdım. Getdim. Həmin iclasa Çexiya nümayəndəsi sədrlik edirdi və o, Dağlıq Qarabağın “spikeri”nə də məktub göndərmişdi. Həmin qondarma qurum ATƏT-in üzvü deyildi və tanınmırdı. Mən orada böyük siyasi qalmaqal qopartdım və məcbur etdim ki, həmin məktubu ləğv etsinlər. Onlar boyunlarına aldılar ki, səhv olub. Beləliklə, rəsmilər tərəfindən həmin məktub ləğv edilib.

Mən başqa bir şeyin şahidi olmuşam. Vaxtilə Yeltsin, Nazarbayev Bakıya gəlir, buradan da Dağlıq Qarabağa səfər edirdilər. Nazarbayev bura gələndə qərara gəlmişdilər ki, onlar sülhməramlı missiya ilə Xankəndinə də yola düşsünlər. Məni də orada dəvət etdilər ki, siz bu məsələləri daha yaxşı bilirsiniz. Orada ermənilər Yeltsinlə bağlı yanlış informasiyalar verəndə, bunun qarşısını almaq üçün dəvət olunmuşdu. Onlar Bakıda görüşlərdə ləngidilər. Mən müxalifət və xalq hərəkatının ictimai fəallarının nümayəndəsi kimi də onlarla görüşdüm.

O zaman Ayaz Mütəllibov prezident idi. Yeltsinin təyyarəsində Xankəndinə uçurduq. Məlum oldu ki, axşamüstü olduğundan Yeltsinin təyyarəsi Xankəndidə qəbul edilə bilməyəcək. Buna görə də Gəncəyə getdik. Nazarbayev də bizimlə idi. Ayaz Mütəllibov da Yeltsinlə bir yerdə Gəncəyə uçdu.

Axşam vaxtı orada bu üçü arasında Qarabağ məsələsi barədə danışıqlar aparıldı. Xankəndidən Dağlıq Qarabağdakı separatçıları  isə Yeltsinin mühafizəsi vertolyotla Gəncəyə gətirmişdi ki, sabah orada heç bir sürpriz olmasın. Axşam qonaq evinin həyətində oturmuşdular, mən də orada idim. Ermənilər artıq-əskik hərəkət etdilər. Yeltsin dedi ki, biz sabah Xankəndiyə uçuruq, Ayaz müəllimin isə işləri var, o, Bakıda qalır. O bildirdi ki, Azərbayan nümayəndələri – Tamerlan Qarayev və Eldar Namazov da orada görüşdə iştirak etməlidir. Həmin qondarma qurumun rəhbərlərindən biri “biz yalnız sizi Xankəndinə dəvət edirik. Ayaz Mütəllibovu dəvət etmirik” dedi. Bu zaman Yeltsin hirsləndi. Dedi “siz, öz yerinizi bilin, artıq-əskik danışmayın. Bu torpaq Azərbaycanın torpağıdır. Burada rəhbər isə Ayaz Mütəllibovdur. Getmək istəyərsə, gedəcək”. Bu zaman Ayaz Mütəllibov fikrini dəyişdi, “mən də gedirəm” dedi..

Hesab edirəm ki, ermənilərin bu cür yersiz danışığı olmasa, Xankəndi səfəri Ayaz Mütəllibovsuz baş tutacaqdı. Biz birlikdə Dağlıq Qarabağa uçduq. Orada çox sayda insidentlər baş verdi. Jurnalistlərin oğurlanması və s. Əslində Ayaz Mütəllibov sərt qərar vermişdi və bu erməniləri bir az hikkələndirmişdi.

– Türkiyənin və İranın Qarabağ münaqişəsinin həllində iştirakı ilə bağlı çox fikirlər səsləndirilir. İran çox iddialı danışır ki, Qarabağ müharibəsi vaxtında, Xalq Cəbhəsi hakimiyyətə gələnə qədər guya, Azərbaycana kömək edib. İran Azərbaycana nə kömək edib?

– Mən bu münaqişədə İranın tutduğu mövqedən çox narazıyam. Müəyyən bir köməkliklər ediblər, o sözsüz. Amma ermənilərə qat-qat artıq köməkliklər ediblər.

Əsas köməklikləri isə o idi ki, Ermənistan hər tərəfdən blokadaya düşəndə Ermənistanın bütün iqtisadiyyatı İran ərazisindən, İran vasitəsilə ayağa qalxırdı. Levon Ter-Petrosyan çıxışında deyirdi ki, İran da Türkiyə kimi Ermənistanla sərhədini bağlasaydı, bir aya Ermənistan çökəcəkdi. İranın qardaş dediyi, müsəlman dediyi ölkədə ermənilər işğal törədiblər. Türkiyə və Azərbaycan sərhədləri bağlayıb. Sən isə onlara yol açır, şərait yaradırsan. Halbuki, İranın bir qərarı ilə o dövrdə Qarabağ münaqişəsini həll etmək mümkün idi. Çünki Rusiya ilə də Ermənistanın birbaşa əlaqəsi yox idi. Ona görə, ermənilər özləri də etiraf edirlər ki, İran olmasaydı, dövlətləri çökərdi.

 

– Bəs niyə həmin vaxtkı qeyd etdiyiniz güclü diplomatiya İrana təsir etmədi?

– Çünki bu yanaşma o zaman təsadüfi deyildi. Bilirsiniz ki, Azərbaycan amili, geopolitik maraqlarla bağlı hamı daim istifadə etmək istəyirdi. Qorbaçov burada 20 Yanvar hadisələrini törədəndə İran Qərb üçün açıqlama vermişdi ki, Azərbaycan da şiə ölkəsidir, İran da, bunlar bir-birinə çox yaxındırlar. O zamanlar ABŞ İranı özünün əsas düşməni sayırdı. Əclaflığın dərəcəsinə baxın ki, Qorbaçov bizi şiə fanatları kimi qələmə verirdi ki, 20 Yanvar hadisələrini ört-basdır etsin.

İranın özündə də Azərbaycanın müstəqilliyini qəbul etməyən dairələr bu günə qədər də var. Biz müxtəlif vaxtlarda onların əməllərini görürük. Bu yaxınlarda Təbrizdə futbol matçında fars futbol klubu “Artsax” bayrağını qaldırıb, İran türklərinə, azərbaycanlılara qıcıq verdi.  Təəssüf, bu təsadüfi deyildi ki, Ermənistana ən böyük təsiri edə biləcək ölkə olan İran onlara əksinə kömək etdi.

 

– Əbülfəz Elçibəy Türkiyə meyilli siyasət yürüdüb. Amma onun belə bir etirafı var ki,  Kəlbəcərdən dinc sakinlərin evakuasiya edilməsi üçün Türkiyəyə müraciət etsə də, Azərbaycana helikopter verilməyib. Sizə elə gəlmirmi ki, burada Türkiyənin NATO-ya üzv olub-olmaması önəmli deyildi?

– Mən həmin söhbəti eşitmişəm, açığı bəzi detalları bilmədiyimə görə, qiymət verməkdə çətinlik çəkirəm. Biz hamımız bilirik ki, Türkiyə bizə nə qədər yaxın, qardaş ölkədir. NATO tərəfindən orada müəyyən qadağalar olub, bunu da bilirik. NATO Qafqazda heç bir toqquşma istəmirdi, indi də istəmir. O helikopterlər hansı ərazilərdən keçib, Dağlıq Qabağa gəlməli idi və həmin ölkələr buna azılıq verməli idimi – bunlar müəmmalıdır. Bütün bunları bilmədən birmənalı hadisəyə qiymət verməkdə çətinlik çəkirəm.

– Eldar müəllim, bu haqda heç zaman açıq danışmamısınız. Sizin dövlət postundakı vəzifənizdən istefanız sırf Qarabağla bağlı idi, yoxsa başqa səbəblər vardı?

– Əslində mən iki dəfə istefa ərizəmi yazmışam. Birinci dəfə real istefamdan təxmini bir il əvvəl olmuşdu. Onda Qarabağ məsələsi ilə bağlı deyildi. O zaman istefam reallaşmadı, çünki o zaman prezident ağır xəstələndi. Gülhanəyə getdi, müalicə olundu, sonra Kremlə yola düşdü. Onda mən niyyətimi bildirə, istefa ərizəmi təqdim edə bilməzdim, çünki xəstə idi. Gözləyirdim ki, müalicəsi bitsin, tam bərpa olunub işə başlasın. Elə də oldu. Uzun müalicədən sonra Heydər Əliyev Bakıya qayıtdı. Əvvəlki kimi mən də bütün vəzifələrimi yerinə yetirirdim. Tam bərpa olunandan sonra Qarabağla bağlı məqamlar yetişdi. O zaman tək mən deyil, rəhmətlik Vəfa Quluzadə, Tofiq Zülfüqarov da istefa verdik. O istefam da Azərbaycana çox böyük təhükə olan prosesin qarşısını almaq xarakteri daşıyırdı. Onda bizim istefamızdan bir müddət sonra İstanbulda ATƏT-in sammiti keçirildi. Sammitin qərarlarında var ki, burada Qarabağla bağlı bəzi məqamlar həll edilməli idi. Azərbaycanda üç vəzifəli şəxsin istefa verməsi və İrəvanda parlamentdə güllələnmə  hadisəsi bunun qarşısını aldı. Həmin təhlükəli proseslərlə bağlı iki hadisə baş verdi. Azərbaycanda könüllü şəkildə 3 vəzifəli şəxs istefaya getdi. Ermənistanda isə Robert Koçaryandan savayı bütün ölkə rəhbərliyini qırdılar. Hadisələr elə inkişaf edə bilərdi ki, əksinə ola bilərdi. Azərbaycanda elə terror aktları törədilərdi ki… Şəxsən mən hesab edirəm ki, vəzifə, kürsü çox xırda məsələdir. Dövlət üçün təhlükəli olan prosesin qarşısı alınıbsa, kiminsə vəzifəsi kimi nüanslar çox xırda məsələdir. Hesab edirəm ki, biz həmin vəziyyətdən çox az itkilərlə çıxdıq.

Bundan sonra Heydər Əliyev mənə təklif göndərdi ki, vəzifəyə qayıdım. Hətta daha böyük vəzifə təklif olundu. Müxtəlif obyektiv və subyektiv səbəblər var idi. Bildirdim ki, artıq vəzifədən getmişəm, ictimai fəliyyətə öyrənmişəm və bu yolda addımlamaq istəyirəm. Tofiq Zülfüqarov dəvət oundu və səfir kimi fəaliyyətinə davam etdi. Heydər Əliyev tədbirlərdə görəndə, jurnalistlər qarşısında da sual verirdi ki, niyə getdin?
– Yaxşı, siz, Vəfa Quluzadə, Tofiq Zülfüqarov birlikdə razılaşıb istefa vermişdiniz, yoxsa təsadüfən 3-nüzün istefası birdən reallaşdı?

– Bu sual təkcə mənimlə bağlı olmadığına görə cavab verə bilmərəm. Elə məsələlər var, yalnız mənə aiddir və onların hamısına cavab verməyə hazıram. Başqa adamlara aid olan suallara cavab vermək isə mənim üçün çətindir. Maraqlarınızı nəzərə alıb deyə bilərəm ki, Vəfa Quluzadənin ərizəsini ən birinci oxuyan adam mən olmuşam. O mənim yanıma gəldi, məsləhətləşdi və ərizəsini göstərdi. Dedim ki, prezident bu istefaya razı olmayacaq. Dedi onda mən kabinetimə qayıdım, ərizəmi göndərim prezidentin yanına. Sonra “prezident razı olmayıb. Amma ərizəm mediada yayılıb” dedi.

O zaman Vəfa Quluzadə Heydər Əliyevdən xəbərsiz öz istefası ilə bağlı bəyanatı “Turan” agentliyinə göndərmişdi.
Əgər xarici siyasətlə bağlı olan 3 adam dalbadal istefaya gedirsə, o istefalar ATƏT-in sammitinin qərarlarında vacib amil kimi qeyd olunursa, deməli burada ciddi səbəblər var. Elə məsələlər var ki, bunlar dövlətçiliklə bağlıdır. Ona görə, dediyim kimi, siyasətçilər və dövlətçilər var. Siyasətçilər belə bir fürsətdən istifadə edib, qalmaqallı müsahibələr, “informasiya bombaları” “partlatmaq” və s. edə bilərdi. Amma bizim yanaşmamız dövlətin maraqları olduğuna görə, elə addım atdıq. Biz millət olaraq, dövlət olaraq, çox az itkilərlə vəziyyətdən çıxa bildik.

 

– “Qobl planı” deyilən həll variantı var idi ki,  Naxçıvana quru yolu açılır, Mehri ilə gediş-gəliş olur, əvəzində Qarabağda müəyyən güzəştlər edilir. Azərbaycan bu plana razı idimi?

– Orada ərazi mübadiləsi ideyası var idi. Onun bir neçə variantları var. Biri bu idi ki, yalnız dəhlizlər mübadilə edilir. Digər variantda isə rayonların adı hallanırdı. Ona görə, konkretləşdirmək lazımdır ki, hansı plandan söhbət gedir. İstefamdan təxmini yarım il keçəndən sonra belə bir sualı mənə vermişdilər. Cavabımı indi də təkrarlaya bilərəm. Ən vacib amil budur ki, həmin dəhlizlər nəyi nə ilə birləşdirir. Əgər bir dəhliz Azərbycanı Azərbaycan ərazisi ilə birləşdirirsə, ölkəmizin əsas hissəsini Naxçıvanla əlqaləndirirsə, o biri dəhliz Ermənistanı Azərbayanın tərkibində olan Qarabağlam birləşdirəcək? Dəhlizdən daha vacibi, onun birləşdirdiyi məqamdır. Buna cavab alanda həmin dəhlizlərlə bağlı fikir yürüdə bilərik.

O vaxtı referendum məsələsi meydana gələndə, Saxarov iddia edirdi ki, Qorbaçov razılıq verib və deyib ki, bunu Bakıya və İrəvana təklif et. O isə hər iki paytaxta səfər etmişdi. Ona buralara gəlməzdən öncə demişdilər ki, Azərbaycanda Eldar Namazov adında ekspert var.

Bakıya gələn kimi Saxarov  məni “İnturist” otelinə dəvət etdi. O zaman Azərbaycada mitinqlər, fövqəladə vəziyyət idi. Onunla gecə saat 1-ə kimi söhbət etdik. Komendant saatı olduğundan evə gedə bilmədim, Saxarov orada xahiş etdi ki, mən oteldə qalım. Orada Saxarova dediyim sözləri burada da təkrar edə bilərəm. Ona dedim:

“Azərbaycan dünyada ən çox bölünmüş ölkədir. Bu, 40 milyonluq xalq yaşayan kompakt ərazidir. Bu gün yalnız 10 milyonu Şimalı Azərbaycanda yaşayır. Qalan 30 milyon isə dünyaya səpələnib. Gürcüstana gedəndə bəzi ərazilərdən Azərbaycan dilində danışa-danışa keçirsən Tiflisin özündə. Həmin mənzərə Ermənistanla da, Dağıstan sərhədi və cənubla da bağlıdır. Dünyada bizdən çox bölünən xalq yoxdur. Əgər belə qərar qəbul olunsa ki, hər yerdə referendum keçirilsin, xalqlar öz yaşadıqları ərazilərə birləşdirilsin, ən çox udan Azərbaycan olacaq. Belədə Azərbaycan Avropanın həm əhalisinə, həm ərazisinə görə 5-6-cı dövləti olacaq. Ona görə, həmin 40 milyonluq millətlə – bizimlə birlikdə yaşayan çoxlu millətlər də var. Bu yalnız Azərbaycana aiddir ki, burada yaşayan ermənilər referendum keçirsin, ayrılsın? Bu prinsipi Azərbyacanı parçalamaq üçün bizə qarşı çevrilməsinin qəti əleyhinəyik və heç vaxt imkan verməyəcəyik. Ona görə, sərhədlərin toxunulmazlığı prinsipinin üzərində dayanırıq ki, bizdən bunu tələb edirlər, amma həmin hüququ vermirlər”.

Vaxtilə Mircəfər Bağırov Stalinə demişdi ki, “Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə etiraz etmirəm. Amma eyni zamanda Ermənistanda 22 rayonda və şəhərdə hansı ki, azərbaycanlılar çoxluq təşkil edir və Gürcüstanda da, Dağıstanda da yaşayan azərbaycanlıların torpaqları Azərbaycana birləşdirilsin”. Bununla da məsələ bitdi.

Saxarov Bakıda və İrəvanda çıxış etdi ki, bu hüquq yalnız ermənilərə verilə bilməz. Demokratik hüquqdursa, azərbaycanlılara da verilməlidir. Ermənistanda yaşayan azərbaycanlılar arasında da referendum keçirək. Ondan sonra həmin deportasiya başladı. Ermənilər qorxdular. Total deportasiya başladı və qısa müddətdən sonra Ermənistanda yaşayan azərbaycanlıların hamısını deportasiya etdilər.

– Paraddan əvvəl də bizdə informasiya yayıldı ki, Amerika istehsalı olan helikopterlər alınıb. Ermənilər səs-küy saldılar, 907-ci düzəlişi xatırlatdılar. Necə düşünürsünüz, 907-ci düzəliş artıq formaldırmı və Azərbaycan ABŞ-dan yeni silah alışını həyata keçirirmi?

– ABŞ prezidentləri daim o düzəlişi qüvvədən müvəqqəti salırlar. Tam onu ləğv etmək Konqresin razılığı ilə olmalıdır. Onların müvəqqəti qüvvədən salmağa ixtiyarları var ki, Azərbaycanla əməkdaşlıq etsinlər. ABŞ-la hərbi sahədə əməkdaşlıq o qədər böyük olmasa da,  var. Con Boltonun bəyanatı onu göstərdi ki, Tramp administrasiyası bir çox sahələrdə yeni baxış ortaya qoydu. Onlar ABŞ silahının satılması ilə bağlı addım atırlar. Artıq Türkiyə də onlardan silah almağa başlayır. Hindistan da. Onlar açıq rəqabətə girib, ABŞ silahının dünyada satışını təşkil etmək niyyətindirlər. Dünyada silah alan vacib ölkələrdən biri də Azərbaycandır. Biz tək İsraildən və Rusiyadan cəmi 10 milyardlıq silah alırıq.  Bu az pul sayılmır. Ermənistanda bu söhbəti ona görə başladılar ki, deməsinlər bu yalnız Azərbyacana aididr. Ermənistanda da hamı başa düşür ki,E rmənistanın bunu almağa pulu yoxdur. Bu dövlət yalnız hədiyyə, yaxud kredit adı ilə bunu qəbul edə bilər. Rusiyadan kredit adı ilə aldığı silahları ödəyə bilmədiyinə görə, ruslar az həcmdə, təxmini 200 milyonluq silah verirlər. Azərbaycanla isə 5 milyard dollarlıq müqavilə var. Yeni dövr başlayır, yəqin ki, bu sahədə Qərblə əməkdaşlığı qura biləcəyik. Ermənistan “pulumuz yoxdur” desə, pulsuz onlara kiçik köməklik edib, Azərbayanla böyük müqavilə bağlaya bilərlər. Ən azı isə Konqresdə erməni lobbisinin müqavimətini aradan qaldırmaq üçün ABŞ-Azərbaycan hərbi əməkdaşlığı Xəzər Hərbi donanması ilə başlaya bilər. Bununla başlasalar, erməni lobbisi deyə bilməyəcək ki, bu silahlar Qarabağ savaşı üçün nəzərdə tutulub. İran və Rusiya ilə bağlı Konqresin mövqeyi çox sərtdir. Xəzər dənizində olan təhlükələri, beynəlxalq layihələrin təhlükəsizliyi ilə bağlı konvensiya imzalandı ki, Türkmənistan qazı Xəzər dənizindən keçsin, dünya bazarlarına çıxarılsın. Bu adla Azərbaycanın ABŞ-la əməkdaşlığı ola bilər.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir