Uşaqlar arasında influenza virusunun yayılması ilə bağlı AÇIQLAMA

Baxılıb:141
Uşaqlar arasında influenza virusunun yayılması ilə bağlı AÇIQLAMA

Pediatriya İnstitutu uşaqlar arasında influenza virusunun yayılmasına münasibət bildirib.

Elmi-Tədqiqat Pediatriya İnstitundan APA-ya bildirilib ki, hazırda uşaqlar arasında kəskin respirator xəstəliklər müşahidə olunur və bunların törədiciləri influenza virusudur:

“Cəmiyyətdə qrip kimi də tanınan influenza asanlıqla əsasən, hava-damcı yolu ilə yayılan yüksək yoluxuculuq ehtimalı olan respirator xəstəlikdir. Bu xəstəliyə ən çox qış mövsümündə rast gəlinir. Yoluxmuş şəxs öskürən və ya asqıran zaman tərkibində virus olan kiçik damcılar (infeksion damlalar) havada yayılır və yaxınlıqdakı insanları yoluxdura bilir. İnfeksiya qrip virusu ilə çirklənmiş əllər vasitəsilə də keçə bilər. Əksər hallarda xəstəlik yüngül keçir. Virusa daha çox 0-5 yaşlı uşaqlar yoluxurlar”.

Məlumatda bildirilir ki, qrip əlamətləri adətən xəstə insanla təmasdan 1-4 gün sonra görünür:

“Bu simptomlara bədən hərarətinin yüksəlməsi, boğaz ağrısı, zökəm, ümumi yorğunluq, baş-əzələ ağrısı, ümumi zəiflik, iştahasızlıq, üşütmə kimi əlamətlər daxildir. Böyüklərdən fərqli olaraq uşaqlarda daha çox rast gəlinən əlamət qusma və ya ishal ola bilər. Hərarətin normadan yüksəyə qalxması da müşahidə oluna bilər.

Uşaqlar mümkün qədər açıq havada çox olmalı, vitaminlərlə zəngin qidalarla qidalanmalıdırlar. Xüsusilə bağça və məktəbə gedən uşaqlar vaxtlarının çoxunu qapalı mühitdə keçirdiklərinə görə infeksiya və virusların yayılma ehtimalı olur. Otağın havası tez-tez dəyişdirilməlidir. Valideynlər mümkün olduğu qədər xəstə uşaqları bağçaya, məktəbə göndərməməlidirlər. Əlləri mütəmadi olaraq yumaq tövsiyə olunur. Risk qrupuna aid uşaqlara ildə bir dəfə qrip peyvəndi vurulmalıdır”.

Həmçinin qeyd edilib ki, virus xəstəliklərinin müalicəsi əsasən simptomatik aparılır:

“Hərarət orqanizmin müdafiə reaksiyasıdır. Buna görə də əksər hallarda 38° dərəcəyə qədər hərarəti salmaq məsləhət görülmür. Uşaqlar yuxu rejiminə düzgün riayət etməli, stressdən və zərərli vərdişlərdən uzaq durmalıdırlar. Uşaqlara bol maye içirtmək məsləhət görülür. Burun tutulmasını aradan götürmək üçün tərkibində duz məhlulu olan burun damcılarından və ya spreylərindən istifadə etmək lazımdır. Həkim məsləhəti olmadan antibiotiklərdən istifadə məsləhət görülmür”.


Abunəlik