Uşaq stomatologiyası sığortaya keçiriləcək? – Diş həkimləri yenidən TƏBİB-in qəbulunda

Baxılıb:42
Uşaq stomatologiyası sığortaya keçiriləcək? – Diş həkimləri yenidən TƏBİB-in qəbulunda

Uşaq stomatoloqları deyirlər ki, iki il əvvəl onlara İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən sığortaya keçiriləcəkləri vəd olunub, lakin bu vaxta qədər məsələ öz həllini tapmayıb.

“Stomatoloqların ümumi güzəranının və maaşlarının yaxşılaşdırılması üçün əsas yol stomatoloji xidmətlərin dövlət müəssisələrində icbari tibbi sığorta paketinə daxil edilməsidir”, – deyə şikayətçi bildirib.

Mövzu ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, icbari tibbi sığortanın xidmətlər zərfi ilə təminata alınan profilaktik tibbi müayinələrə uşaqların icbari dispanserizasiyası və uşaqların ağız boşluğunun mütəmadi müayinəsi daxildir:

“Uşaqlarda ağız boşluğunun sanasiyası qeydiyyatda olduqları poliklinika və ya ailə sağlamlıq mərkəzlərində ailə həkimi, sahə həkimi tərəfindən icbari tibbi sığorta hesabına aparılır. Amma stomatoloji xidmətlər icbari tibbi sığortanın xidmətlər zərfi ilə təminata alınmayıb. Xidmətlər zərfinə daxil olmayan bu xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrində əhaliyə ödənişli əsaslarla göstərilir”.

Qurumdan o da bildirilib ki, göstərilən ödənişli tibbi xidmətlərə görə dövlət tibb müəssisəsinə pasiyent tərəfindən rəsmi şəkildə ödənilən vəsaitin 60 %-i həcmində həkim-stomatoloqlara həvəsləndirici əlavələrin verilməsi nəzərdə tutulub.


Abunəlik