Uşaq bağçasında baş verən hadisə ilə bağlı Dövlət Komitəsinin MÜRACİƏTİ
Uşaqlarla bağlı məsələlərin həssaslığını nəzərə alaraq, ölkədə uşaq hüquqlarının təmin edilməsinə nəzarət dövlət tərəfindən həyata keçirilir, qarşıya vacib vəzifə və öhdəliklər qoyulur. Buna görə də uşaqlarla bağlı istənilən sahədə çalışan hər bir şəxs bu məsuliyyəti anlamalı, öz üzərinə düşən vətəndaşlıq vəzifələrini peşəkarlıqla və layiqincə yerinə yetirməlidir.
Son günlər uşaq bağçasında baş verən və uşaq hüquqlarının pozulması ilə nəticələnən hadisə və buna bənzər hallar bir daha onu göstərir ki, uşaqlarla işləyən mütəxəssisləri işə qəbul edən zaman onların pedoqoji biliklərinin yoxlanılması ilə yanaşı, psixoloji sağlamlığı, mənəvi dəyərləri, peşəkarlıq səviyyəsi ilə bağlı qiymətləndirilməsinə xüsusi diqqət edilməlidir.
Qeyd edilən məqamlar 14 aprel 2017-ci il tarixli “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun müddəalarında (maddə 17.2.1, 17.2.2) uşaqların həyat və sağlamlıq üçün təhlükəsiz şəraitdə, mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq, şəxsiyyətin alçaldılmasına, mənəvi və psixoloji duruma və sağlamlığa zərər vuran hərəkətlərin bütün formalarından, fiziki və psixoloji zorakılıq hallarından müdafiə olunmaqla bağlı hüquqları öz əksini tapıb.
Eyni Qanunun başqa bir maddəsində (maddə 18.2.6., 18.2.7) təhsilverənlərin vəzifələrinin uşaqların şərəf və ləyaqətinə hörmət etmək, pedaqoji etika və əxlaq normalarına riayət etmək, təhsil işçisi adını yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək, uşaqların təhlükəsizliyinin və sağlamlığının qorunmasında bilavasitə iştirak etmək, onları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq olduğu qeyd edilib.
Məktəbəqədər təhsil vasitəsilə uşaqlarda erkən yaş dövrlərində əqli, fiziki, yaradıcı potensialın, mədəni-estetik zövqün formalaşmasının, sadə əmək vərdişlərinə yiyələnmənin, ətraf aləmə, şəxsi sağlamlığın qorunmasına həssas və şüurlu yanaşmanın əsası qoyulur. Bu səbəbdən də, vəzifəsindən asılı olmayaraq uşaq müəssisələrində çalışan hər bir kəs uşaqların şərəf və ləyaqətinə hörmət etməli, onları fiziki və psixi zorakılığın bütün formalarından qorumalı, uşaqların təhlükəsizliyinin təmin olunmasında bilavasitə iştirak etməlidirlər.
Bu kimi neqativ halların aradan qaldırılması, cəmiyyət arasında maarifləndirmə işinin təşkili məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq müxtəlif mövzuları əhatə edən təlim və tədbirlər həyata keçirilir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 8 may 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın tapşırığına müvafiq olaraq Komitə ilə aidiyyəti dövlət orqanlarını təmsil edən ekspertlər qrupunun əməkdaşlığı çərçivəsində dövlət və qeyri-dövlət uşaq müəssisələrində dövri və növbədənkənar monitorinqlər təşkil olunur.
Təəssüf ki, həyata keçirilən tədbirlər və maarifləndirmə işinə baxmayaraq, hələ də uşaq hüquqlarının pozulması halları ilə rastlaşırıq. Dövlət Komitəsi olaraq uşaqların müdafiəsi baxımından vətəndaşlıq mövqeyini ortaya qoyan, belə hallara həssas yanaşaraq mövzunun cəmiyyətdə, o cümlədən sosial media platformlarında aktual problem kimi müzakirəsinə yardım edən media nümayəndələri, eləcə də sosial media istifadəçilərinə təşəkkür edir, eyni zamanda uşaqlarla bağlı məlumatların yayımlanması zamanı onların hüquqlarının pozulmamasına, şəxsi məlumatlarının və fotolarının əks olunmamasına xüsusi diqqətlə yanaşmalarının vacib olduğunu bildiririk.
Bir daha valideynlərə, ailələrə və cəmiyyətimizin hər bir üzvünə müraciət edərək, uşaqlara qarşı daha diqqətli olmağa, onlara qayğı göstərərək, ehtiyacları və istəklərinə həssas yanaşmağa çağırır, mənfi hallarla rastlaşdıqda müvafiq dövlət qurumlarına müraciət etmələrini xahiş edirik.
AzTimes.az