Ülvi Bünyadzadənin dünyası
20 Yanvar gecəsinin 20 yaşlı şəhid şairi kimi tanıdığınız Ülvi Bünyadzadə yaşasaydı, bu il 50 yaşı olacaqdı. Ancaq o, yaddaşlarda həmişəlik 20 yaşlı cavan şair kimi qaldı.AzTimes.az olaraq sizə onun duyğularından süzülən bir neçə misranı sizə təqdim edirik
VƏTƏN ÜÇÜN ÖLMƏLİYİK
(Sinif yoldaşlarıma)
Biz öz ömür sazımızda
“Dilqəmi”ni bilməliyik.
Leylimizin ürəyini
Məcnun kimi sevməliyik.
Bisütunu biz də yaraq,
Çənsiz Çənlibellər quraq.
Sazımızda ağlayaraq,
Biz həyatda gülməliyik.
Döyüşlərdə yoğrulmuşuq,
Gələcəyə qaranquşuq.
Həyat üçün doğulmuşuq,
Vətən üçün ölməliyik!
1982
DÜŞÜNCƏLƏRİM
Açmadım qözümü, açmadım ki, mən –
Gözümə görünən göz dağım olsun.
Açdım ki, dünyada insanam deyən –
Ağır çağlarımda dayağım olsun.
Yoxdur əqidəmdə nə ölüm, nə qan,
Mənim arzu-kamım ona düşməndi.
Məsləki yolunda vuruşan insan,
Şərəfsiz tökülən qana düşməndi.
Buludsuz səmadan gözüm doymayır,
Elə bil dənizdi…
küləksiz gündə
Məni xəyalımdan Araz ayırır,
Eyhamlar söyləyir sirli sözündə.
Araz, de, nə qədər nəğmələr yatır,
Sənin qəzəb dolu qəmli nəğməndə.
Qulaq as, qulaq as, gör hara çatır,
Mənim gürşad səsim,
səsin gələndə.
O taydan Savalan, bu taydan Qoşqar,
Buludlar başında körpü salıbdı.
Bu mənfur dirəklər, acı tikanlar,
Bilmirəm heç kimdən miras qalıbdı.
Hicran dərdi mənə ağır olsa da,
Gözümdən tökülən qanlı yaş deyil.
Təbrizim o tayda küskün qalsa da,
Bilir ki, ürəyim dilsiz daş deyil.
Bilin, daşdan deyil, mənim ürəyim,
Ələsgər sazının havasıdı o.
Demə nə danışım, demə nə deyim,
Şəhriyar şeirinin nəvasıdı o.
Səttarxan hədəsi, Cavanşir bəhsi,
Koroğlu gərdişi, Nəsimi səsi,
Xətai sürəti, Nəbi qülləsi,
Babək qılıncının davasıdı o.
Urmiya gölünün gəmi, kədəri,
Yadların qənimi, dostların yeri.
Neçə şəhərlərin qızıl dan yeri,
Neçə axşamların səbasıdı o.
1988
AĞLAYA
Bu şanlı torpağın bəxti kəm oldu,
Otura ağlaya, dura ağlaya.
Qaragöz qızların qisməti buymuş,
Kətməni bəxtinə vura, ağlaya.
Zülmətin quyusu dərindən dər in,
Evləri yıxıldı, ev tikənlərin,
Bir azca başları dikələnlərin
Gözü həsrət qalıb nura, ağlaya.
Verirlər yadlara az nemətimi
Payız nemətimi, yaz nemətimi,
Yaltaqlar yurdumun naz-nemətini
Uduzub, istəyir cura, ağlaya.
Axtarın elimin nər balasını,
Versin haqsızların haqq bəlasını,
Söküb ürəklərin kin qalasını,
Təzədən şəfqətlə qura, ağlaya.
Bilmirəm mən kimin qismətindəyəm,
Alqışla qarğışın vəhdətindəyəm.
Bir el gözəlinin həsrətindəyəm,
Ülvinin dərdini sora, ağlaya.
1987
Ömür yolu
( poemadan bir parça)
Aman qardaş,
Doğrudurmu, deyirlər,
Gecə-gündüz
qan tökülür yurdumda.
Qarabağın tarixini danırlar,
Məscid uçur,
dam sökülür yurdumda.
Qarabağdı mənim dinim -imanım,
O torpağın
nişanəsi,
iziyəm.
Məni belə
aciz görmə qəbirdə,
Qəbirdə də
Qarabağın özüyəm.
Yox,
yox,
ulu torpaq,
Sənin uğrunda
həmişə
hər yerdə
mərd olacağıq.
Sənin
hər qarışın
ocaq yeridi.
Qan töküb
o yeri
biz alacağıq.
Zəmanə dəyişib,
pis zəmanədi.
Rüşvətlə,
yalanla
sözü keçən var.
Sənin halal
çörəyindən, suyundan
hələ güc alan var,
hələ içən var.
Ömrüm səndən ayrı düşsə,
Bəxtim qara bağlar ağlar.
Öz oğlunu yad eyləyib,
Qoşqar kimi dağlar ağlar.
Gözlərindən qəm yaşını sil, yaşa.
Yaşa Vətən, milyon-milyon il yaşa.
Yaşamağın mənasını bil, yaşa.