Ukrayna ölümcül əməliyyata belə hazırlaşıbmış – ŞOK DETALLAR
Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) 41 Rusiya strateji aviasiya təyyarəsini məhv etdiyi “Veb” xüsusi əməliyyatı bir il yarımdan çox müddətə hazırlanıb.
Bu barədə UNIAN məlumat yayıb.
Bildirilib ki, əməliyyatın gedişinə şəxsən prezident Volodimir Zelenski nəzarət edib, planı isə UTX-nin rəhbəri Vasil Malyuk və Xidmətin əməkdaşları həyata keçirib.
Mənbənin sözlərinə görə, bu əməliyyat logistika baxımından son dərəcə mürəkkəb olub. Belə ki, əvvəlcə UTX FPV dronlarını Rusiyaya keçirib, ardınca isə taxta mobil evlər göndərib. Daha sonra bu dronlar Rusiyanın ərazisində həmin evlərin damlarının altına gizlədilib, evlərin özü isə yük maşınlarına yerləşdirilib. Lazımi anda evlərin damları məsafədən açılıb və dronlar Rusiya bombardmançılarını vurmaq üçün havaya qaldırılıb.
Mənbələr həmçinin dronların Rusiya hərbi aerodromlarına hücuma necə hazırlandığını göstərən unikal fotoşəkillər təqdim ediblər.
UTX-dəki mənbələrin vurğuladığına görə, bu tarixi xüsusi əməliyyatda iştirak edən şəxslər artıq çoxdan Ukraynaya qayıdıblar. Buna görə də, əgər Putin rejimi nümayişkaranə şəkildə kimisə saxlayarsa, bu, daxili auditoriya üçün növbəti səhnələşdirilmiş nümayiş olacaq.
Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiya arxa cəbhəsində düşmənə məxsus bombardmançı aviasiyanın məhv edilməsi üzrə genişmiqyaslı xüsusi əməliyyat həyata keçirib.
Xüsusilə, bu gün Rusiya Federasiyasına məxsus beş hərbi aerodroma eyni vaxtda zərbələr endirilib. “Partlayışlar” aşağıdakı aerodromlarda baş verib:
“Belaya”, “Dyagilevo”, “Olenya”, “İvanovo”, “Voskresensk” aerodromları.
Daha əvvəl “A-50”, “Tu-95” və “Tu-22 M3” də daxil olmaqla 40-dan çox təyyarənin vurulduğu bildirilmişdi. Unikal xüsusi əməliyyat “Veb” adlandırılıb. Rusiya təyyarələrinə ilkin olaraq 2 milyard dollar dəyərində ziyan dəyib.