Ukrayna elan etdi: Rusiya bu istiqamətdən hücuma keçib, vəziyyət ağırdır
Son günlər şərq cəbhəsində vəziyyət daha da gərginləşib. Rusiya qoşunları hücumları intensivləşdirib.
Bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski Telegram kanalında bildirib,
Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı qeyd edib ki, Rusiyada keçirilən prezident seçkilərindən sonra rus qoşunlarının hücum hərəkətləri intensivləşib.
“Düşmən zirehli texnikanın dəstəyi ilə hücum qrupları ilə Liman və Baxmut istiqamətlərində mövqelərimizə aktiv şəkildə hücum edir. Pokrovski istiqamətində onlarla tank və piyada döyüş maşınlarından istifadə edərək müdafiəmizi yarmağa çalışırlar”, – Sırski bildirib.
Onun sözlərinə görə, quru hava cəbhədə zirehli texnikanın istifadəsinə şərait yaradır. Hava şəraiti açıq ərazilərin əksəriyyətini tanklar üçün əlçatan edir.
“Əhəmiyyətli itkilərə baxmayaraq, düşmən zirehli texnikalarda yeni birləşmələrdən istifadə etməklə səylərini artırır və bunun sayəsində vaxtaşırı taktiki uğur qazanır”, – o vurğulayıb.