“UĞURLU GƏLƏCƏK ÜÇÜN ETİBARLI DƏSTƏK”LAYİHƏSİNİN İCRASINA BAŞLANILDI
“Uğurlu gələcək üçün etibarlı dəstək” layihəsi “Azərbaycan Uşaqları” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi çərçivəsində həyata keçirilməyə başlayıb.
Layihənin məqsədi ağır sosial vəziyyətdəki ailələrin və cəzaçəkmə müəssisəsində olan şəxslərin övladlarının sosial reabilitaisyasını həyata keçirməklə uşaqlar arasında cinayətkarlığın azaldılması, həmin qrupa daxil olan şəxslərin qanunlara riayət etməklə yaşamaları, cəmiyyətdə tamhüquqlu vətəndaş kimi inteqrasiyası və onlara kompleks (təhsil, sosial, hüquqi, psixoloji və ehtiyacların ödənilməsi) dəstəyin göstərilməsidir.
Layihənin vəzifələrinə Bakı şəhərində yaşayan 6-17 yaş arası layihə benefisiarlarına yuxarıda qeyd edilən xidmətlərin göstərilməsi yolu ilə onların təhsil nəticələrini yaxşılaşdırma və beləliklə özlərinin və ailələrinin sosial vəziyyətlərinə müsbət təsir göstərmək üçün fəaliyyətlərin icrası daxildir. Bu ilin fevral ayından başlamış layihədə artıq xidmətlər göstəriləcək potensial benefisiarların ilkin siyahısı hazırlanmış, onların əsasında “Yol xəritəsi”nin tərtib edilməsi başa çatmışdır.
Mart ayından başlayaraq bu tədris ilinin sonuna kimi hədəf qrupundakı yeniyetmələrə müxtəlif növ təhsil (dərsdən sonra ibtidai və yuxarı sinif fənləri üzrə fərdi və qrup şəklində hazırlıqlar), sosial (aidiyyatı mütəxəssislərə və ya dövlət qurumlarına yönləndirmə, sosial müşayətin aparılması, mərhələli qiymətləndirmə və tərtib edilən “Yol xəritəsi”ndəki hədəflərə çatmaq üçün layihənin digər əməkdaşları ilə yaxından əməkdaşlıq, birbaşa benefisarların ailələri ilə vaxtaşırı əlaqə yaratmaqla dolayısıyla benefisiar olaraq bu şəxslərin uşağın inkişaf dinamikasının gedişini qiymətləndirmək və s.), hüquqi (ehtiyac olarsa doğum haqqında şəhadətnamənin bərpası, dəyişdirilməsi, təhsil müəssisəsinə yönləndirmə, bərpa, yerdəyişmə, sosial yardımın alınması üçün lazımi prosedurlara dəstək, ərizənin tərtib olunması, müvafiq dövlət qurumlarına müraciət və s.), psixoloji (zərurəti yarandıqda, onlara fərdi və ya qrup terapiyası, şəxsin psixoloji durumunun müəyyən olunması, psixoloji portretinin tərtibi), ehtiyacların ödənilməsi (məktəb ləvazimatları, çantaları, məktəbli formaları, zərurət yarandıqda digər geyim, ayaqqabı və s. ilə təminat vasitəilə benefisiarlarının təhsil ilə bağlı birbaşa və ya dolayısı ilə zəruri sosial tələbatların qarşılanması) xidmətləri təqdim olunacaq. Bu istiqamətlər üzrə artıq bəzi fəaliyyətlərin icrası yerinə yetirilir.
Bundan əlavə, layihə üzrə xidmətlərə cəlb edilən məktəblilər Həyati bacarıqlar təlimi və Art terapiya kurslarına cəlb ediləcək, məktəblərdə tədris edilməyən bilik və bacarıqlar öyrədiləcək. Buraya komandada iş, liderlik bacarıqları, stresli vəziyyətlərdən çıxış, münaqişələrin qarşısının alınması, könüllü fəaliyyəti, vaxtın effektiv idarə edilməsi, düzgün ixtisas və ya peşə seçimi, eləcə də s. mövzular daxil olunacaq. Sosial inklüziya “alət”lərindən istifadə etməklə ağır sosial vəziyyətdəki ailələrin və cəzaçəkmə müəssisəsində olan şəxslərin uşaqları üçün sosial reabilitasiyasının təşkili çərçivəsində yeniyetmələr arasında xüsusi bacarıqların inkişaf etdirilməsi və bu yolla onların cəmiyyətə daha sıx və effektiv inteqrasiya olunması üçün art terapiya kursları da keçiriləcək.
Layihə bu ilin iyun ayında yekunlaşacaq.





