Türkiyədən Aİ-yə SƏRT XƏBƏRDARLIQ: “Alətə çevrilməyin…”
Türkiyə Avropa İttifaqını “Yunanıstanın ətraf mühit proqramları ilə bağlı siyasi həmlələrinə alət olmaması” üçün xəbərdarlıq edib.
Bu fikirlər Türkiyə Xarici İşlər Nazirliyinin “Yunanıstanın Egey dənizində elan edəcəyi Dəniz Parkı” haqqında bəyanatında yer alıb.
Sənəddə Yunanıstan Xarici İşlər Nazirliyinin bugünkü açıqlamasında cari ilin 16-17 aprel tarixlərində Afinada keçiriləcək “Okeanımız Konfransı” zamanı biri Egey dənizində, digəri İon dənizində iki yeni Dəniz Parkı elan edəcəyi xatırladılıb:
“Yunanıstanın uzun müddətdir ki, Egey problemləri kontekstində, demək olar, hər platformadan yararlanmağa çalışdığı məlumdur. Münasibətlərimizdə son yumşalmalara baxmayaraq, görünən odur ki, Yunanıstan bu dəfə ekoloji problemlərdən sui-istifadə edir”.
Türkiyə XİN Afinaya adaların statusu məsələsindən sui-istifadə etməməyi tövsiyə edib:
“Yunanıstana Egey problemlərindən və suverenliyi beynəlxalq müqavilələrlə Yunanıstana verilməyən bəzi ada, adacıq və qayalıqların statusu ilə bağlı məsələlərdən öz gündəmi çərçivəsində istifadə etməməyi tövsiyə edirik”.
Eyni zamanda, Ankara Avropa İttifaqına xəbərdarlıq edərək onu Yunanıstanın alətinə çevrilməməyə çağırıb:
“Biz üçüncü tərəfləri, o cümlədən Aİ-yə xəbərdarlıq etmək istərdik ki, Yunanıstanın ətraf mühit proqramları ilə bağlı siyasi həmlələri üçün alətə çevrilməsinlər”.
Bildirilib ki, Türkiyə Egey dənizində Yunanıstanla əməkdaşlığa həmişə hazırdır:
“Digər tərəfdən, beynəlxalq dəniz hüququnun qapalı və ya yarı qapalı dənizlərdə sahilyanı dövlətlər arasında ətraf mühit məsələləri daxil olmaqla əməkdaşlığı təşviq etdiyini və bu kontekstdə ölkəmizin Egey dənizində Yunanıstanla əməkdaşlığa hər zaman hazır olduğunu xatırladırıq”.
“Bu münasibətlə bir daha diqqətə çatdırmaq istərdik ki, Yunanıstanın statusu mübahisəli coğrafi formasiyalar üzərində yarada biləcəyi faktiki vəziyyətləri qəbul etməyəcəyik.
Egey dənizində iki ölkə arasında yaşanan problemlər kontekstində sözügedən Dəniz Parklarının hüquqi baxımdan heç bir nəticə doğurmayacağını bir daha bildiririk”, – xarici siyasət idarəsi əlavə edib.
Xatırladaq ki, Yunanıstanın Xarici İşlər Nazirliyi “Yunanıstan hökumətinin “Okeanımız Konfransı” zamanı iki böyük milli dəniz parkının dərhal institutlaşdırılmasını elan edəcəyini” açıqlayaraq “bunların Aralıq dənizinin ən böyük parklarından birinə çevriləcək İon və Ege parkı” olacaqlarını bildirib.