Tur-aksiya çərçivəsində 9 rayonun məktəbliləri Zaqatalada
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya çıxan Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir, Samux, Neftçala, Salyan və Hacıqabul rayonlarının məktəbliləri noyabrın 19-da, günün ikinci yarısında Zaqatala rayonuna gəliblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tur-aksiya iştirakçıları Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında rayonun rəhbər işçiləri tərəfindən mehribanlıqla qarşılanıblar.
Rayon icra hakimiyyəti başçısının müavini Vəfa Süleymanova məktəblilərə Zaqatalanın tarixi, mədəniyyəti, coğrafi mövqeyi, iqtisadiyyatı, turizm potensialı barədə məlumat verib. Bildirilib ki, Böyük Qafqaz sıra dağlarının cənub yamaclarında yerləşən, 129 min nəfərdən çox əhalisi olan Zaqatala rayonunda 20-dən çox xalqın nümayəndəsi uzun illərdir dostluq və qardaşlıq şəraitində yaşayır.
Sonra məktəblilər Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Məlumat verilib ki, Mərkəzdə müxtəlif təyinatlı bölmələr fəaliyyət göstərir. Binanın birinci mərtəbəsindəki ekspozisiya zalında Ulu Öndərin zəngin həyat yolu və çoxşaxəli fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat almaq mümkündür.
Məktəblilərin Zaqatala Tarix-Mədəniyyət Qoruğuna ekskursiyası da maraqlı keçib. Bildirilib ki, qoruq 1804-1830-cu illərdə inşa edilən Zaqatala qalasında yerləşir. Çar hakimiyyəti tərəfindən Zaqatalaya sürgün edilmiş “Potyomkin” zirehli gəmisinin inqilabçı matrosları vaxtilə bu qalada məhbus kimi saxlanılıblar. Həmin matrosların inqilabi fəaliyyəti barədə yazıçı Qılman İlkin “Qalada üsyan” romanını yazıb və bu əsər əsasında “Yenilməz batalyon” bədii filmi çəkilib.
Sonra məktəblilər məşhur “Qaladüzü pilləkənləri”ndən düşərək Zaqatala şəhərinin tarixi hissəsinə – Dədə Qorqud meydanına gəliblər.
Rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq zamanı bildirilib ki, 1967-ci ildə yaradılan muzeydə 16 minə yaxın eksponat qorunub saxlanılır.
Səfər çərçivəsində məktəblilər fındıq emalı zavodunda da olublar. Məlumat verilib ki, Azərbaycanda fındıq istehsalının böyük bir hissəsi Zaqatala rayonunun payına düşür. Emal zavodlarında istehsal olunan fındıq ləpəsi və fındıq məhsulları Rusiya, Almaniya, İtaliya və digər Avropa ölkələrinə ixrac edilir. Diqqətə çatdırılıb ki, Zaqatalada Beynəlxalq fındıq, qoz və şabalıd festivalının keçirilməsi artıq ənənə halını alıb.
Zaqataladan zəngin təəssüratlarla ayrılan tur-aksiya iştirakçıları axşam saatlarında Qəbələ rayonuna qayıdıblar.
AzTimes.az