Trampın Xameneiyə göndərdiyi məktubda nələr var? – İran planı işə düşür
Trampın Xameneiyə danışıqlara dəvət məqsədilə məktub ünvanlaması İran ətrafında yeni gərginlik mərhələsinin başlanğıcı deməkdir. ABŞ-da İranla bağlı üç ssenarinin masada olduğu müşahidə edilir:
1. Nüvə proqramı ilə bağlı razılaşmanın əldə edilməsi;
2. Nüvə proqramı da daxil olmaqla İranın Yaxın Şərqdə silahlı dəstələr qurmaması, “müqavimət oxu” adlandırdığı sistemdən imtina etməsinə dair genişçaplı öhdəlik götürdüyü anlaşma;
3. İrana hərbi müdaxilənin edilməsi;
Hərbi müdaxilə sonuncu seçim olaraq saxlanılır, hərçənd, Vaşinqtonda bunun əleyhdarları tərəfdarlarından daha çoxdur. Ukraynada müharibəni dayandırmaq istəyən Tramp da növbəti böyük eskalasiyada maraqlı görünmür. Birinci seçim – yalnız nüvə proqramı ilə bağlı razılaşma ətrafında fikir ayrılığı mövcuddur, xüsusilə İsrail də məsələnin bu formada qoyuluşunu qəbul etmir. Əsas seçim kimi ikinci ssenari aktualdır, hərbi müdaxiləni gündəmində saxlayan İsrail də bu variantla razılaşa bilər.
Belə bir öhdəlik İran tərəfindən məqbul qarşılanmır, Xameneinin danışıqlar aparmaq istəyən Pezeşkiana qarşı çıxması da bundan qaynaqlana bilər. Lakin Tehranın seçim imkanı böyük deyil:
– mövcud şərtlərdə ABŞ-la danışıqlara Rusiya və Çinin iştirakı ilə daxil olmağa çalışır: bu, masada əlini gücləndirmək imkanları yarada bilər;
– nüvə proqramı üzrə danışıqlarda alternativ olaraq Avropa masasının qurulmasına çalışa bilər: ABŞ qarşısında güclü mövqe sərgiləməyə çalışan Avropada da belə çağırışlar var; lakin bu, Vaşinqtonun İranla yanaşı, Avropa İttifaqına da təzyiqlərini gücləndirəcəyi üçün zəif seçimdir; İranla nüvə danışıqları da daha öncə məhz ABŞ-ın (Trampın ilk prezidentliyi dövründə) çıxması ilə arxa plana keçib;
Hərbi müdaxilə seçimini sona saxlayan Vaşinqton Tehranın genişçaplı öhdəliklər götürəcəyi müqavilənin qəbul edilməsi istiqamətində təzyiqlərini gücləndirə – sanksiyaların sərtləşdirilməsi, hərbi rəhbərliyinin hədəfə alınması, proksi qüvvələrə qarşı lokal əməliyyatların genişləndirilməsi və s. – bilər.