Trampın Əliyevə məktubunun şifrələri – ABŞ Azərbaycana böyük önəm verir
ABŞ prezidenti Donald Trampın 28 May – Müstəqillik Günü ilə bağlı Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubu Ağ Evin yeni Administrasiyasının rəsmi Bakı ilə münasibətlərə verdiyi dəyərin əyani nümunəsi hesab oluna bilər. Tramp məktubunda bunu açıq mətnlə qeyd edir.
Məktubda Azərbaycan-ABŞ tərəfdaşlığı xüsusilə vurğulanır.
Tramp Əliyevə xitabən qeyd edir ki, Azərbaycan Respublikası ilə əlaqələri və terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyinin inkişafında, qonşunuzla sülhə nail olmaq istiqamətində ABŞ-la tərəfdaşlığınızı yüksək qiymətləndiririk.
Azərbaycanın müstəqilliyini bərpa etikdən sonra ABŞ-la qurulan diplomatik əlaqələrdə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq münasibətləri mövcud olub. Azərbaycan regional, ümumilikdə beynəlxalq təhlükəsizliyin təmin edilməsində ABŞ-la əməkdaşlıq edib.
1. 2001-ci ilin 11 sentyabr hücumundan sonra dünyada terrorizmə qarşı mübarizədə ABŞ-ın əsas tərəfdaşlarından biri Azərbaycan olub.
2. Enerji sahəsində, xüsusilə ABŞ-ın Avropadakı müttəfiqlərinin enerji təhlükəsizliyində Azərbaycan ən etibarlı tərəfdaşdır.
3. Cənubi Qafqazda sabitliyin təmin edilməsi – Ermənistanla danışıqlar prosesində rəsmi Bakı Vaşinqtonun vasitəçilik təşəbbüslərinə daim müsbət yanaşıb və istər münaqişənin mövcud olduğu dövrdə, istərsə münaqişənin həllindən sonra İrəvanla münasibətlərin normallaşması prosesində ABŞ-la əməkdaşlıq edib.
Azərbaycanla tərəfdaşlığın ABŞ üçün önəmini qeyd edən Tramp bildirir: “30 ildən artıq diplomatik münasibətlərimiz müddətində əlaqələrimiz əhəmiyyətli dərəcədə inkişaf edib. Biz ümidvarıq ki, ikitərəfli prioritetlərimiz, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığımız, iqtisadi münasibətlərimiz və enerji inkişafı üzrə tərəfdaşlığımız bundan sonra da davam edəcək”.
ABŞ prezidenti bununla Azərbaycanla əməkdaşlığı davam etdirməkdə maraqlı olduqlarının mesajını verir. Məktubda ən önəmli məqamlardan biri də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına yanaşmadır.
“ABŞ Azərbaycan və Ermənistan arasında möhkəm sülhü dəstəkləməkdə davam edir. Davamlı sülh Cənubi Qafqaz regionunun daha firavan olmasını təmin edəcək və ABŞ-la əməkdaşlıq üçün daha geniş imkanlar yaradacaq. İndi sülhə nail olmağın və Cənubi Qafqaz xalqları üçün yeni firavanlıq dövrünə qədəm qoymağın vaxtıdır”, – ABŞ prezidenti vurğulayır.
Bu, ABŞ-ın yeni Administrasiyasının Cənubi Qafqazda ayırıcı xətlərdən çıxış etmədiyinin, əksinə, Azərbaycanın sülh gündəliyini dəstəklədiyinin ifadəsidir. Və rəsmi Bakının Azərbaycan-ABŞ münasibətlərində gözləntilərini doğruldur.
Beləliklə, Trampın İlham Əliyevə ünvanladığı məktubundan üç əsas nəticə çıxır:
Birincisi, ABŞ Azərbaycanla münasibətlərdə əldə olunan nəticələrə – terrorizmə qarşı mübarizə, enerji təhlükəsizliyi və regionda sülhün-sabitliyin təmin edilməsi istiqamətindəki tərəfdaşlığa köklənib;
İkincisi, ABŞ Azərbaycanla tərəfdaşlığın müsbət nəticələrinin davam etdirilməsi istiqamətində işləməkdə maraqlıdır.
Üçüncüsü, ABŞ Cənubi Qafqazda ayırıcı yox, regionun sabitliyinə töhfə verəcək siyasət yürütmək niyyətindədir.
Bu siyasətdə Azərbaycan ABŞ üçün əsas tərəfdaş olacaq. Tramp qarşıdakı illərdə və onilliklər ərzində daha dərin tərəfdaşlığa ümid etdiklərini qeyd edir. Və bununla Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduqları mesajını verir.
Trampın məktubu həm ABŞ-Azərbaycan münasibətləri, həm regionda sabit gələcəyin qurulması, həm də beynəlxalq təhlükəsizliyin təmin edilməsi baxımından kifayət qədər müsbət perspektivləri özündə əks etdirir. Bütün bunların fonunda Trampın İlham Əliyevə ünvanladığı məktub sələfi Bayden Administrasiyasının yanlış siyasətinə istinad etməyəcəyinin də təminatı hesab oluna bilər.
Bayden Administrasiyasının yanlış siyasəti Azərbaycan münasibətlərində ciddi problemlər yaratmışdı və bu, faktiki olaraq, ABŞ-ın milli maraqlarına zidd idi. Vaşinqton-Bakı xəttində çatların yaranması ABŞ üçün prioritet olan məsələlərdə – beynəlxalq təhlükəsizliyin təmin edilməsi, terrorizmə qarşı mübarizə, enerji təhlükəsizliyinin qorunması və s. itkilərə səbəb olurdu. Eyni zamanda, Cənubi Qafqazda ABŞ-ın mövqelərini təhlükə altına salırdı, xüsusilə Bayden Administrasiyasının regiona Ermənistan yönümlü siyasətlə yanaşması, ayırıcı xətlərdən çıxış etməsi bu təhlükəni daha da aktuallaşdırmışdı. Çünki Cənubi Qaqazın lideri olan Azərbaycana qarşı siyasətlə regionda nəticə əldə etmək, ümumiyyətlə mövcudluğunu qorumaq mümkün deyil. Bayden Administrasiyasının yanlış siyasəti ABŞ-ın milli maraqlarını təhlükə altına atmışdı.
Tramp Administrasiyası Azərbaycana münasibətdə bu yanlışı düzəldir. Vaşinqtonda anlayırlar ki, ABŞ-ın beynəlxalq təhlükəsizlik, o cümlədən, enerji təhlükəsizliyi kimi prioritet hədəflərində, eyni zamanda, Cənubi Qafqazda mövqelərinin qorunmasında Azərbaycanla münasibətlər ciddi rol oynayır. Donald Trampın Prezident İlham Əliyevə ünvanladığı məktubda əksini tapan fikirlər təsdiq edir ki, ABŞ-Azərbaycan münasibətlərinin inkişfında yeni mərhələyə başlanır.