“TikTok”a görə ailəsini dağıdanlar: Günah ağsaqallardadır, yoxsa Avropada?

Baxılıb:102
“TikTok”a görə ailəsini dağıdanlar: Günah ağsaqallardadır, yoxsa Avropada?

Bu ilin yanvar-iyun aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 10430 boşanma halları qeydə alınıb. Boşanmaların sayı demək olar ki, hər il əvvəlki illərə nisbətən artmaqda davam edir. Boşanma səbəbləri isə müxtəlifdir. Son dövrlər boşanmaların səbəbinə baxdıqda isə qeyri-ciddi hallar görə bilərik. Rayonlarımızdan birində xanım boşanmaq üçün məhkəməyə ərizə verib. Səbəb kimi isə yoldaşının “TikTok”dan istifadəyə icazə verməməsini göstərib. 

Hazırda bir ailə buna görə boşanmaq üzrədir. Bizim bildiyimiz bir ailə. Bəlkə də ölkədə bu kimi hallara görə yüzlərlə ailə dağılır. 

Məsələ ilə bağlı sosioloq, pedaqoq, fəlsəfə doktoru Mail Yaqub açıqlama verib.

O, son illər Azərbaycanda boşanma hallarının artmasının səbəblərini açıqlayıb:

“Şəxsi təhlil və müşahidəmə görə, boşanmaların bir çox hallarda səbəbləri ciddi deyil. Yəni tərəflər qeyri-ciddi səbəblərdən boşanmağa qərar verirlər. Adi konfliktlər, məişət inciklikləri boşanmalara gətirib çıxarır. Burada səbəb odur ki, müasir insan ümumiyyətlə hövsələsiz olub. Texnologiyanın inkişafı rəngarəngliyi çoxaldıb. Bu rəngarənglik də insanların başını o qədər özünə qatıb ki, artıq get-gedə hövsələsiz olurlar. Kiçik bir inciklik onlara boşanmağa əsas verir. Bunda başqa bir səbəb görmürəm.

Təəssüf ki, bu tendensiya get-gedə dərinləşir, genişlənir və bunun qarşısını mütləq almalıyıq. Hamı səfərbər olmalıdır, belə olmaz. Ailə ciddi məsələdir. Onu qorumaq lazımdır. Kiçik incikliklər ailənin dağılmasına səbəb olmamalıdır. Ağsaqqallar işə qarışmalıdır. Amma bəzi hallarda ağsaqqallar da elə o gənclər kimi hövsələsiz qərar verirlər. Böyüklüklərini qoruyub saxlaya bilmirlər. Bu da bizim başqa problemimizdir”.

Vəkil Zülfiyyə Bayramovanın sözlərinə görə, boşanmanın əsas səbəbi qeyri-ciddi evlilikdir:

“Bəzən xırda bir elementi boşanma səbəbi kimi göstərirlər. Bu balaca elementin altında böyük səbəblər dayanır. Buna baxmayaraq qeyri-ciddi boşanmaların sayı da kifayət qədərdir. Müasirliyi, Avropa mədəniyyətini özümüzə nümunə götürməyə çalışırıq.

Avropa mədəniyyətini oxumadan, öyrənmədən özümüzü bilici kimi aparırıq. Avropanın qəbul etmədiyi məsələləri biz qəbul edirik. Daha sonra isə öz həyatımıza tətbiq edirik. Bu yanlışdır. Qeyri-ciddi boşanma yanlış olaraq müasir düşüncə kimi götürülür. Əslində isə bisavadlıqdır”.


Abunəlik