Teledərslər həftədə iki dəfə effekt vermir, alternativi də yoxdur – AKTUAL

Baxılıb:244
Teledərslər həftədə iki dəfə effekt vermir, alternativi də yoxdur – AKTUAL

Azərbaycanda internetin məhdudlaşdırılması onlayn təhsili mümkünsüz etdiyindən evdən təhsil alan şagirdlərin ümidi teledərslərə qalıb. Valideynlər isə teledərslərin hər sinif üçün iki gün yayımlanmasının şagirdlərin dərs proqramını mənimsəməsi üçün yetərli olmadığından şikayətlənirlər.

Övladı şagird olan valideyn Elmira Muradova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 7-ci sinif üzrə teledərslər həftədə iki dəfə yayımlanır. İki gün bir saat yayımlanan teledərslər isə fənnlər üzrə keçirilən dərsləri tam əhatə etmir. Valideynin sözlərinə görə, teledərslər zamanı bir saat ərzində bir neçə dərsin proqramı sıxışdırılaraq keçirilir ki, bu da şagirdlərin həmin dərsləri tam mənimsəməməsinə, proqramdan geri qalmasına səbəb olur.

Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında valideynlərin narazılığının haqlı olduğunu söyləyib. O bildirib ki, təhsilin əlçatanlığı üçün alternativ təhsilvermə formatları tətbiq edilməlidir: “Pandemiya səbəbindən mart ayından ənənəvi təhsilin dayandırılması vacib oldu. Həmin vaxt təcili olaraq alternativ təhsilvermə forması kimi teledərslərin keçirilməsi mütləq idi. Teledərslər dünya təcrübəsində olduğu kimi fərqli kanallarda həyata keçirilir.

Təhsil Nazirliyinin isə televiziyası var. Amma hansısa kanalın yerinə Təhsil TV-yə tezlik verilməsi mümkün olardı. Türkiyədə tədrislə bağlı 12 televiziya var. Biz təklif etmişdik ki, Azərbaycanda təhsil televiziyası açılmalı, bütün cədvəllər üzrə gündəlik dərslər yayımlanmalıdır. Bunun digər variantı da olmalı idi.
Hər sinif üzrə 9-11 fənn tədris olunur. Orta ümumtəhsil məktəblərinin 1 və 11-ci sinflərinə ən yaxşı halda 12-yə yaxın fənn tədris olunur. Biz isə bu dərsləri gün ərzində 4-5 saat müvəqqəti keçirik. Bu əlbəttə ki, effektiv olmayacaq. Əksinə, şagirdləri ortada dolaşıq salacaq. Pandemiya yeni başlayanda teledərslərin bu formada keçirilməsini haradasa başa düşmək olardı. Amma artıq köhnə qaydaları tətbiq etmək olmaz. Azərbaycanda elə televiziyalar var ki, baxan yoxdur. Onun bazasında və yeni bazada telekanal açaraq təhsilə həsr etmək mümkündür. Həmin telekanalın maliyyələşməsi elə də ciddi problem olmaz. Təhsilə ildə 3 milyard vəsait ayrılır. İnternetin olmadığı dövrdə 24 saat fəaliyyət göstərən təhsil televiziyasına ehtiyac var. Hazırda dərslərlə bağlı bütün məsuliyyət valideynlərin üzərinə düşüb. İmkanı olanlar çıxış yolunu repetitora müraciət etməkdə görür. Bu gün Azərbaycan şagirdləri təhsildən kənarda qalıblar. Mütləq buna bir çıxış yolu tapılmalıdır ki, təhsil harada yaşamasından asılı olmayaraq hər şagird üçün əlçatan olsun”.

Təhsil İnstitutunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bir gündə 7-8 saat efir teledərslərə görə məşğul edilir: “Məsələ bizim dərsləri keçmək istəməmizdə deyil. Sadəcə siniflərin və fənlərin sayının çoxluğu imkan vermir ki, bir fənnə bir saatdan artıq vaxt ayıraq. Biz əsasən ağırlığı ibtidai siniflərə vermişik. Yuxarı siniflərdə heç cür çatdıra bilmədiyimizdən hər sinfə yalnız fənn üzrə bir dərs ayırırıq. İki gün də məhz buradan əmələ gəlir ki, onları da iki günə yığmışıq. Əgər istək ondan ibarətdirsə ki, biz onları parçalayıb fənlərlə başqa-başqa günlərə keçirək, bu məsələyə baxmaq olar. Amma bir saatdan artıq bir fəndən dərs keçməyimiz çətindir. Çünki bunu yayımlamağa efir vaxtı yoxdur. Teledərslər sıxışdırılmış proqramla hazırlanır. Məsələn, həftədə 3 saat riyaziyyat dərsi varsa, teledərslərdə bu saatlar bir dərsə sığışdırılıb. Nəzərə almaq lazımdır ki, teledərslərdə ümumən dərsin hamısı əhatə olunmur. Şagirdin anlaşılmayan çətinlik çəkəcəyi məsələlər keçirilir. Bütün dərsləri keçməyə efir vaxtı yoxdur”.

Nəzakət Mehdiyeva bildirir ki, teledərslər 11 sinif və 2 bölmə üzrə hazırlanır və “Mədəniyyət” kanalı vasitəsilə həftəiçi hər gün 35 dərsə qədər yayımlanır. N.Mehdiyeva da təsdiqləyir ki, teledərslər məktəbdə olan əyani dərslərə dəstək üçün nəzərdə tutulub və şagirdlərin çətinlik çəkdiyi məsələlər üzrə təşkil olunur:

“Televiziyanın öz efir vaxtından hər gün 7 saat “Dərs vaxtı”na ayırması nəzərdə tutulan ən uzun zaman müddətidir. Onu da qeyd edək ki, məktəblərdə üz-üzə dərslərin təşkili prosesində epidemioloji vəziyyət ciddi nəzarət altındadır. Bu günə qədər birbaşa məktəbdə yoluxma hallarının olmaması burada epidemioloji vəziyyətin normal olduğundan xəbər verir və şagirdlərin həftədə 3 dəfə üz-üzə dərslərdə iştirak etməsi onların zəruri biliklərə yiyələnməsi üçün vacib olan imkanı yaradır. Teledərslər isə şagirdlərin öyrənməsinə dəstək olaraq nəzərdə tutulur”.

Qeyd edək ki, oktyabrın 5-dən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin ibtidai sinif şagirdləri həftədə 3 dəfə əyani təhsilə cəlb ediliblər. Amma N.Mehdiyeva bunun teledərslərə aidiyyatının olmadığını söyləyir: “Teledərslərin artırılması mümkün deyil. Artırılan məktəb saatlarıdır. Biz bacardığımızı etmişik. Bundan artıq etməyə efir vasitəsilə imkan yoxdur!”


Abunəlik