Taliban- Salyan/ ABDALILAR kimlərdir-ARAŞDIRMA
I hissə
2021-ci il avqustun 15-də Taliban hərəkatı Kabil şəhərini ələ keçirdikdən sonra dünya ictimaiyyətinin diqqəti Əfqanıstana yönəldi. O cümlədən, Azərbaycan vətəndaşları Əfqanıstanda cərəyan edən hadisələrə biganə qalmadılar. Bunun da müəyyən səbəbləri var:
- Əfqanıstan coğrafi baxımdan Azərbaycan üçün çox da uzaq ölkə deyil;
- Əfqanıstan milyonlarla soydaşımızın yaşadığı İranla həmsərhəddir;
- Əfqanıstan Azərbaycanın strateji müttəfiqi Pakistanın qonşusudur;
- Əsrlər boyunca Əfqanıstan yüz minlərlə azərbaycanlının da vətəni olmuşdur və vətənidir;
- Əfqanıstanla Azərbaycan arasında tarixi və mədəni əlaqələrin kökü çox qədim zamanlara gedib çıxır;
- Əfqanıstanın coğrafi mövqeyi bölgənin gələcək taleyi baxımından həlledici rola malikdir.
Qeyd olunanlar kifayət qədər ciddi və diqqətəlayiq məsələlərdir. Lakin bu yazını qələmə almağımızın səbəbi başqadır.
Bir neçə gün əvvəl sosial şəbəkədə zarafat xarakterli bir paylaşım edilmiş, Talibanın hazırki lideri Mövləvi Heybətullah Axundzadənin (1961) əslən guya Salyan rayonunun Xələc kəndindən olduğu göstərilmişdir.
Bəri başdan qeyd edək ki, həmin yazının naməlum müəllifi, çox güman ki, tarixçi, yaxud tarixlə maraqlanan şəxsdir. Amma hədəfdən bir qədər yayınmışdır. Bu barədə az sonra…
Məsələ bundadır ki, Talibanın digər rəhbərləri kimi Mövləvi Heybətullah Axundzadə də puştundur. Puştunlar Əfqanıstanın əsas xalqıdır. Bu xalq bir neçə böyük qəbilədən ibarətdir. Ən iri puştun tayfası dürrani adlanır. Əfqanıstan dövlətçiliyinin əsasını 1747-ci ildə Nadir şah Əfşarın (1698–1747) sərkərdəsi, dürrani tayfasından olan Əhməd şah Abdalı (1722–1772) qoymuşdur. Həmin ilədək bu tayfanın adı abdalı idi. Ehtimala görə, abdalılar qədim eftalitlərin törəmələridir. Əski mənbələrdə eftalitlərin adı hepftallar, yeoptallar, ağ hunlar, hunlar, hionit hunları kimi keçir. Tədqiqatçıların əksəriyyətinin fikrincə, ağ hunlar türkdilli olmuşlar. Amma onları monqoldilli, yaxud irandilli hesab edənlər də vardır. Bəzi tarixçilər isə güman edirlər ki, eftalit tayfa ittifaqına həm türkdilli, həm monqoldilli, həm də irandilli tayfalar qoşulmuşdular. Bəllidir ki, eftalitlər 450-ci ildə Orta Asiyada və Əfqanıstanda nəhəng bir imperiya qurmuşdular. 563-cü ildə həmin dövləti indiki Monqolustandan gəlmiş göytürklər darmadağın etmişdilər. Hesab olunur ki, puştunların abdalı tayfası ilə yanaşı, türkmənlərin məşhur abdalı tayfası da eftalitlərin törəməsidir. Bugün türkmən abdalıları (özlərinə apdal deyirlər) əsasən Stavropol diyarında və Həştərxanda yaşayırlar.
Haşiyə. Abdallar (Laçın qəsəbəsinin qədim adı) – Abdaldağ (Zəngəzurda dağ) – Abdallar (Xocavənddə qışlaq) – Abdal (Ordubad rayonunda dağ) – Abdallı (Borçalıda kənd) – Abdal (Ağdam rayonunda kənd) – Abdal (Tovuz rayonunda dağ və çay) – Abdallı (Oğuz rayonunda kənd) – Abdallar-Ulya, Abdaloğlu (Qərbi Azərbaycanda kəndlər) – Avdal (Tovuz rayonunda kənd) – Avdalar (Qərbi Azərbaycanda kənd) – Boz Abdal (Qərbi Azərbaycanda dağ) – Abdal (Krımda tatar kəndi). Ehtimala əsasən, sadaladığımız yer adlarının əksəriyyəti eftalit etnoniminin müxtəlif formalarıdır. VII əsr alban tarixçisi Moisey Kalankatlının əsərində bu tayfanın adı heptal şəklindədir.4
Qeyd. Tarixi mənbələrə görə, abdal tayfasının bir qolu XVI əsrin əvvəllərində Qarabağdan indiki Salyan rayonuna köçmüş və orada Qarabağlı kəndini salmışdır.
Puştunların abdal tayfasının ən böyük qruplarından biri sarbani adlanır. Tədqiqatçıların əksəriyyətinin fikrincə, bu qəbilənin mənşəyi bilavasitə eftalitlərə və qədim sakalara bağlıdır.
Haşiyə. Sarvan (Salyan və Şabran rayonlarında iki kənd) – Sarvan (Borçalı şəhərinin köhnə adı və Borçalı mahalında kənd) – Sarvanlar (Ağcabədi rayonunda və Qərbi Azərbaycanın Zəngibasar mahalında iki kənd, Naxçıvanda məhəllə) – Sarban-e Damuyi (İranın Sistan və Bəlucistan ostanında kənd).
Qeyd. X əsr müəllifi əl-Məsudi yazır ki, “Qafqazda – alanların qonşuluğunda sarban adlı xalq yaşayır”.
Taliban liderlərinin əhəmiyyətli bir hissəsi, o cümlədən, Mövləvi Muhəmməd Axundzadədən sonra bu hərəkatın ikinci əsas rəhbəri sayılan Molla Əbdulqəni Bəradər (1968) puştunların abdalı tayfasındadır. Abdalılar Əfqanıstanda və Pakistanda məskunlaşmışlar.
Azərbaycanın abdal tayfasının bir qolu Salyanın Qarabağlar kəndində yaşasa da, bu kəndlə həmin rayonun Xələc kəndi arasında birbaşa bağlılıq yoxdur. Məhz bunu nəzərdə tutaraq əvvəldə qeyd etdik ki, zarafat xarakterli paylaşımın müəllifi hədəfdən bir qədər yayınmışdır. Ümumiyyətlə isə, qədim abdallar və qədim xələclər ayrı-ayrı tayfalar, yaxud xalqlardır. Amma gəlin nəticə çıxarmağa tələsməyək.
Ardı var…
/Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili