“Tələsirdim” bəhanəsi keçməyəcək! – Sürücülərə QƏTİ XƏBƏRDARLIQ

Baxılıb:108
“Tələsirdim” bəhanəsi keçməyəcək! – Sürücülərə QƏTİ XƏBƏRDARLIQ

“Paytaxt ərazisində qeydə alınan yol-nəqliyyat hadisələrinin səbəbləri təəssüf doğurur. Daha əvvəl də bu istiqamətdə bir çox müraciətlər və materiallar hazırlanıb. Ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinə səbəblər arasında piyada məsuliyyətsizliyi ilə yanaşı, sürücü diqqətsizliyi də (yuxulu və sərxoş halda sükan arxasına keçmə halları, nasaz avtomobil və.sair ) var”.

Aztimes.az-ın məlumatına görə, bunu Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli deyib.

O bildirib ki, cəmiyyəti, eləcə də yol polisini narahat edən əsas məsələlərdən biri isə inzibati xəta və yol qəzaları zamanı sürücülərin, piyadaların və digər hərəkət iştirakçılarının hadisəni izah edərkən “tələsirdim”, “görmədim” kimi ifadələr işlətməsidir:

“Təəssüf ki, bir nəfərin tələsməsi özü də daxil olmaqla bir və ya bir neçə hərəkət iştirakçısının həyatına son qoya bilər. “Tələsirdik” və ya “bilmirdim” ifadəsini işlətmək çox rahat ola bilər, lakin qəza zamanı kiminsə həyatını itirdiyini düşünün. “Tələsirdim” deyib sürət həddini aşan sürücülər bədbəxt hadisə zamanı bunu kiminsə ailəsinə deyə bilərmi? Ya da həmin “tələsmək” ona öz canı bahasına başa gəlsə necə? Odur ki, bu hamımızı, yəni düşünən beyinləri ciddi şəkildə narahat edir. Sonrakı peşmançılığın fayda vermədiyi kimi, məsuliyyətsizliyin qurbanı olan hərəkət iştirakçıları da geri qayıtmır.

Bununla bağlı Dövlət Yol Polisi əməkdaşları tərəfindən mütəmadi olaraq maarifləndirici videoçarxlar hazırlanır, məlumatlar paylaşılır”.

DYP rəsmisi deyib ki, baş verən qəzalar təhlil edilən zaman bir çox səbəblər ortaya çıxır: “Paytaxt ərazisində qeydə alınan yol-nəqliyyat hadisələri araşdırılır. Aparılan araşdırmalar və statistikalar isə qəzaların əsasən sürücülərin diqqətsizliyi və piyadaların səhlənkarlığı ucbatından baş verdiyi məlum olur.

Sürücülər, piyadalar, eləcə də digər hərəkət iştirakçıları unutmamalıdırlar ki, “Yol hərəkəti haqqında” qanunun tələblərinə, təhlükəsizliyi təmin edən qaydalara ciddi riayət olunmalıdır. Çünki ölümlə və xəsarətlə nəticələnən qəzalar baş verməsin. Bu cür məsələlərdən yeganə çıxış yolu isə məsuliyyət hissinin artırılmasıdır. Xüsusilə sərnişindaşıma fəaliyyəti göstərən sürücülər, mopedlərlə kuryer fəaliyyəti göstərənlərdən xahiş edirik ki, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyini düşünsünlər”.

“Çox ağır olsa da son 11 ayın statistikasına görə paytaxt ərazisində baş verən 458 hadisədə 191 nəfər ölüb, 365 nəfər isə xəsarət alıb. Ümumi hadisələrin 268-i isə piyada vurma olub. Nəticədə onlardan da 122 nəfəri ölüb, 152 nəfəri isə xəsarət alıb.

Bu, insanların da içərisində yəqin ki, “tələsənlər” və “bilməyənlər” az olmayıb!”, – o vurğulayıb.


Abunəlik