Tələb çox, say az: Bakıda evlərin bahalaşması qaçılmazdır

Baxılıb:24
Tələb çox, say az: Bakıda evlərin bahalaşması qaçılmazdır

Bakı şəhərinin bir sıra ərazilərində köçürülmə-abadlıq işləri aparılacaq. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Məlumata əsasən, paytaxt Bakının şəhərsalma landşaftının müasir səviyyədə qurulması, şəhər sakinləri və qonaqlar üçün rahat, təhlükəsiz, ekoloji cəhətdən təmiz, mobil, turizm mərkəzli bir şəhərə çevrilməsi ön plandadır.

Bu səbəbdən şəhərin bəzi ərazilərində köhnə tikililərin, yaşayış və qeyri-yaşayış obyektlərin köçürülməsi, söküntü və abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Söküntü işləri istismar müddəti başa çatan və tarixi əhəmiyyət daşımayan, əsasən qəzalı vəziyyətdə və aşınma dərəcəsi olduqca yüksək olan bina və tikililəri əhatə edir.

Maraqlıdır, ilkin mərhələdə hansı ərazilərin sökülməsi nəzərdə tutulub? Ən əsası, söküntü işləri həmin ərazilərdə əmlakın satışı və kirayə qiymətlərinə necə təsir edəcək?

“Alqı-satqı sürətlənəcək”

Əmlak eksperti Elnur Fərzəliyev deyir ki, hazırda söküntü işləri Bakının Yasamal rayonunda, “Sovetski” adlanan ərazinin bir hissəsində aparılır: “Burada qəzalı və köhnə binalar sökülür. Həmin ərazilərdə tarixi abidələr, memarlıq üslubunda tikilən çoxsaylı binalar var ki, onlar təmir olunur. Sökülən ərazilərdə isə yalnız mənzillər deyil, yeni parkların salınması nəzərdə tutulur. Bu, keçmiş Bakını qoruyub saxlamağa və şəhərin mərkəzində sıxlığın aradan qaldırılmasına hesablanıb. Digər tərəfdən, söküntülər yeni avtomobil yollarının salınması ilə bağlı da aparılır. Təbii ki, evləri sökülən şəxslər mənzil axtarışına çıxacaq və yalnız mərkəzdə deyil, kənar ərazilərdə də alqı-satqı sürətlənəcək. Bu da əmlak bazarına təsirsiz ötüşməyəcək”.

Mütəxəssis bildirir ki, kirayə bazarında nəinki qiymətlər bahalaşacaq, ümumiyyətlə, mənzil qıtlığı müşahidə olunacaq: “Nəzərə almaq lazımdır ki, sökülən mənzillərin böyük bir hissəsi kirayəyə verilirdi. Həmçinin evləri sökülən şəxslər mənzil alana qədər bəlli müddət kirayədə yaşamaq məcburiyyətindədirlər. Təbii ki, bu, kirayə bazarında da qiymətləri artıracaq. Tələb çox, say az olduğu üçün bahalaşma qaçılmazdır”.

“Paytaxtda ucuz kirayə mənzil tapmaq mümkün olmayacaq”

Qiymətlərə gəldikdə isə, E.Fərzəliyev bildirir ki, qiymətlər ortalama 10 faizə qədər artacaq: “Əmlaklarla bağlı konkret qiymət demək olmur. Otaq sayına, yerləşmə yerinə və binanın ilinə görə qiymətlər müxtəlifdir. Adətən yay aylarında həyət evlərinə tələbat artır, çoxmənzilli binalara azalır. Təbii ki, tələbat azalanda qismən enmələr qaçılmaz olur, amma söküntülərlə bağlı müştəri çox olduqda, azalmadan danışa bilmərik. Əgər qısa zaman ərzində əmlak bazarına yüzlərlə müştəri müraciət edərsə, bu, qiymətlərin ortalama 10 faizə qədər artması deməkdir. Qiymətlərin baha olması ilə yanaşı, ev tapmaq da çətinləşəcək. 2040-cı ilə qədər paytaxt Baş plana uyğun olacaq. Bu da onu deməyə əsas verir ki, çox sayda köhnə bina və fərdi həyət evi söküləcək. Təbii ki, ən ucuz kirayə verilən və satılan mənzillər köhnə binalarda və həyət evlərində olurdu. Onları yeni tikililər əvəzlədikdə, mənzillərin qiymətində iki dəfəyə yaxın fərq yaranacaq. Yaxın gələcəkdə paytaxtda ucuz kirayə mənzil tapmaq mümkün olmayacaq”.

Daşınmaz əmlak bazarı üçün ciddi rəqəm

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc deyir ki, Bakı şəhərinin 11 rayonunda mərhələli qaydada söküntü işləri aparılacaq: “Söküntü Qaradağı çıxmaq şərtilə, Bakının bütün rayonlarını əhatə edəcək. Söküntü prosesi ilə bağlı vətəndaşlara ya imtina etdiyi mülkiyyətə görə pul verilir, ya da kompensasiya məbləğinə uyğun olaraq həmin ərazidə mənzillə təmin olunurlar. Yeni bina hazır olana qədər vətəndaşlar kirayə qalırlar. Təbii ki, bu, kirayə bazarında artıma səbəb olacaq. Hazırda altı mindən çox ailə ilə proses aparılır. Bu, daşınmaz əmlak bazarı üçün çox ciddi rəqəmdir”.

Hansı ərazilərdə qiymətlər stabilləşəcək?

V.Oruc bildirir ki, təmir olunan, abadlıq aparılan ərazilərdə mənzil qiymətləri artacaq: “Amma bu o demək deyil ki, qiymət artımı Bakıda bütün rayonları əhatə edəcək. Hesablamalara görə, yeni tikilən ərazilərdə qiymətlər artacaq, vətəndaşların əksəriyyəti həmin ərazilərə yönələcəklər. Daşınmaz əmlak bazarının diqqətində həmin ərazilər olacaq. Digər ərazilərdə isə qiymətlər stabilləşəcək”.

200 mindən yarım milyona

Əmlak eksperti Mülkədar Rüstəmov isə deyir ki, hazırda şəhərə yaxın ərazidə köhnə binada üçotaqlı mənzilin qiyməti 200-300 mindirsə, bina yeni tikili ilə əvəzləndikdə, yaxın gələcəkdə bu rəqəm yarım milyon olacaq: “Mərkəzə yaxın ərazilərdə qiymətlər fərqli olacaq. Kirayə bazarında isə onsuz da qıtlıqdır və artıq qiymətlər 30 faizə qədər qalxıb. Binaları sökülən sakinlər mənzil axtarışındadırlar. Əvvəllər kirayə evi daha çox tələbələr axtarırdısa, indi axtarışda olanlar ən çox mənzilləri sökülənlərdir. Bu saya tələbələri də əlavə etsək, qiymətlərin bahalaşması tam normaldır”. (“Kaspi” qəzeti)


Abunəlik