Şuşada zəlzələ sensorları yerləşdirilib
Şuşa şəhəri ətrafında yaradılan Daşaltı Dərin Quyu seysmik stansiyasında işlərin birinci mərhələsi çərçivəsində seysmik stansiyanın müşahidə məntəqəsi üçün 100 metr dərinlikdə quyu qazılıb və polad borularla mühafizə olunub.
Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Halların İdarə olunması Zəlzələ və Risklərin azaldılması İdarəsi (AFAD) xəbər yayır. Məlumata görə, quyuya iki yüksək həssaslıqlı zəlzələ sensorları yerləşdirilib. Sensorlar həm yer sürətini, həm də yer səthinin titrəyişini qeydə ala bilir. Həmçinin sensorlar, hətta səthi səs-küy olmadan yüksək dəqiqlikli mikrovibrasiyaları qeydə alır.
Vurğulanır ki, bundan sonrakı mərhələdə isə stansiyanın ətrafında xidməti-texniki infrastrukturun yaradılması, stansiya ətrafında istinad divarlarının hörülməsi və s. texniki işlər həyata keçiriləcək.