Surət Hüseynov yenə bəyanat yaydı-Bu dəfə….

Baxılıb:1129
Surət Hüseynov yenə bəyanat yaydı-Bu dəfə….

 .                           Bəyanat 

     Azərbaycan son günlər Ordumuzun qələbələri səbəbiylə Qarabağ münaqişəsinin həllində yeni mərhələyə qədəm qoyub. Biz bu mərhələnin məsuliyyətini tam olaraq dərk etməyə, yeni hərbi-siyasi şəraitin diqtəsiylə dövlətin strateji hədəflərini müəyyənləşdirməyə, ona uyğun siyasət aparmağa borcluyuq. 
      Mən belə hesab edirəm ki, 1988-1989-cu illərdə, Ermənistanın etnik təmizləmə siyasətinin nəticəsi olaraq, öz ata-baba yurdlarından vəhşicəsinə qovulmuş azərbaycalıların müqəddəratı həll  olunduqdan sonra, konkret olaraq, Zəngəzur - Göyçə - Dərələyaz mahallarına azərbaycanlılar qaytarıldıqdan və  Ermənistan onlara  status verdikdən sonra  Azərbaycanın da Qarabağda ermənilərə  status verməsi müzakirə predmeti ola  bilər.  Əks halda bu münaqişənin və problemin siyasi həll yolu mövcud deyil. Öz ərazisində   azərbaycanlılara qarşı misli görünməyən vəhşiliklər törədərək, əzəli torpaqlarından qovan və bizə qarşı son 100 ildə müntəzəm olaraq (1915, 1918, 1988-1992) soyqırım həyata keçirmiş Ermənistanın indi bizə ərazimizdə yaşayan ermənilərin hüquqlarından danışmağa mənəvi haqqı yoxdur. 
     Dünya ictimayətinə və aidiyyatı qurumlara çatdırılmalı idi ki,  Qarabağ orada yaşayan ermənilər tərəfindən deyil, Ermənistan hərbi qüvvələri və xarici ölkələrdən cəlb etdiyi terrorçular tərəfindən işğala məruz qalıb. Bu işğalın aparıcı qüvvəsi isə Rusiyanın o dövrdə siyasi və hərbi rəhbərliyi olub. Rusiya Ermənistana siyasi-mənəvi dəstək verməklə yanaşı, bilavasitə texnika və canlı qüvvəsinin iştirakı ilə işğalı həyata keçirib. Hadisələrdən ötən 30 il ərzində dəfələrlə xatirələrini söyləyən bir çox rus zabitləri və müharibəni analiz edən Rusiya hərbi-siyasi ekspertləri tərəfindən  bu fakt etiraf edilib. 
     Təəssüf hissiylə qeyd etməliyəm ki, 1993-cü ildə Baş nazir kimi irəli sürdüyüm təkliflər Qarabağ münaqişəsi üzrə danışıqlar zamanı sənədlərə salınmadı. O zaman hökumətin orqanı olan "Respublika" qəzetində sənəd və xəritələr formasında hazırlanmış statistik məlumatları təqdim edərək, münaqişənin yeganə həll yolunu göstərmişdim. Bu önəmli faktı və arqumenti danışıqlar predmeti kimi ortaya qoymamaqla özümüz özümüzü beynəlxalq qurumlar qarşısında "tərki-silah" etmiş olduq. Siyasətimizdə zəif mövqe sərgilədik. Dünya bizi arqumentsiz gördüyü üçün anlaya bilməzdi və burada milli azlıq kartından istifadə edən ermənilərə uymalı idi. Bu, bizim 30 illik danışıqlarda siyasi səhvimizdir. Ən böyük arqument həqiqətdir! Biz Qarabağda 90-cı illərdə yaşayan 60-70 min nəfərlik erməni əsilli əhalinin status tələbinin qarşısına Ermənistandan xüsusi vəhşiliklə qovulmuş 215 min azərbaycanlıların status məsələsini qoyaraq, danışıqlara start verməli idik. Bundan əlavə, bu illər ərzində dünya ictimayətinə və danışıqlarda iştirak edən tərəflərə, həmsədrlərə Qarabağ münaqişəsinin 90-larda müharibəylə deyil, 1988-ci il azərbaycanlıların Ermənistan ərazisində etnik təmizləməyə məruz qalmasıyla başladığı sənədlərlə izah edilməli idi. Bu imkanları zamanında əldən verməyimizə baxmayaraq, bu gün Ordumuzun qələbəsi səbəbiylə bizə sərfəli olmayan şərtləri sıfırlayaraq, danışıqları həqiqətlərə söykənən yeni şərtlərlə başlamaq imkanı əldə etmişik. Bu fürsətdən səmərəli istifadə edilməlidir!
      Haqq işimizdə Uca Yaradan yar və yardımçımız olsun. Xalqıma böyük qələbə, şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirəm. Hər zaman olduğu kimi xalqımın yanındayam. 

 Azərbaycanın Milli Qəhrəmanı
                             Sabiq Baş nazir
                             Sürət Hüseynov 
 
 16.10.2020      Mətbuat xidməti

Abunəlik