Sürət Hüseynov bəyanat verdi-TƏFƏRRÜAT

Baxılıb:3194
Sürət Hüseynov bəyanat verdi-TƏFƏRRÜAT

Bəyanat

Son günlər Şanlı Ordumuzun əzmlə irəliləmiş olması məni sevindirir. Azərbaycanın apardığı anti-terror əməliyyatında əldə edilən uğurlar siyasi-diplomatik müstəvidə möhkəmləndirilməli idi. Bu işin yetərli aparıla bilməməsi və atəşkəsin imzalanması isə məndə böyük təəssüf və narahatlıq doğurur! 1992-ci ildə yarımçıq qalan işimizi başa çatdırmaq üçün tarix bizə şans vermiş Azərbaycanımızın ərazi bütövlüyünü bərpa etmək üçün münbit şərait yaranmışdır! Azərbaycanın münaqişə ərazisindən uzaq şəhərlərində sivil əhalisinin nişangaha çevrilməsi bizə əsas verir ki, dünya birliyinə bir başa müraciət edib, Ermənistanın bizə elan edilməmiş müharibəyə başlamasını bildirək və bu vəziyyətdən doğan beynəlxalq hüquq və vəzifələri üstələnərək cavab vermək haqqımızdan istifadə etmək niyyətimizi bəyan edək. KTMT üzvü olan ölkələrə müraciət edərək, ya Ermənistanı terrorçu əməllərindən çəkindirmələrini, ya da əks halda bizim Ermənistanla rəsmən müharibəyə başladığımız andan bu işə müdaxilə etməmələrini tələb edək. Ermənistanın Mingəçeviri hədəf almaqla misli görünməyən cinayətə imza atmaq arzusunda olması dünya dövlətlərinə və ictimayətinə, humanitar təşkilatlara bəyan edilməli, bunun on minlərlə (!) mülki əhalinin ölümünə səbəb olacaq dəhşətli nəticələrə gətirib çıxaracağı çatdırılmalıdır. Bundan əlavə, Ermənistanın atəşkəs qanunlarına heç zaman riayət etmədiyi və həmişə atəşkəslərdən yeni hücum kampaniyasına başlamaq fürsəti kimi istifadə etdiyi izah edilməlidir. Vurğulanmalıdır ki, Qarabağdakı qondarma qurumun beynəlxalq informasiya müstəvisində heç bir ölkə ilə rəsmi silah alış müqaviləsi yoxdur! Oraya silahlar Ermənistandan daşınır və bu, Ermənistanın bizə elan olunmamış müharibəyə başlamasının sübutudur! Bizim çıxış yolumuz Ermənistanın təcavüzünə adekvat cavab verməkdir! Düşmənin Abşeron, Xızı, Gəncə, Mingəçevir, Tərtər, Bərdə, Ağcabədidə dinc əhalinin Ermənistan və işğal etdiyi ərazilərdən raket yağışına tutması və bu raketlərin münaqişə ərazisindən km-lərlə kənarda mülki evləri dağıdaraq, dinc əhalini qətlə yetirməsi Azərbaycan ərazisinə təcavüz, xalqına qəsd və dinc əhaliyə qaşı terror kimi dəyərləndirilməlidir! Ölkə başçısı hər bir vətəndaşının həyat və sağlamlığının qarantıdır, vətəndaşlarına sahib çıxmağa borcludur! 11 Oktyabr gecə saatlarında Gəncəmizə növbəti raketin atılması isə düşmənin artıq növbəti dəfə müharibə elanıdır! Buna cavab verməmək ölkə və vətəndaşlarına qarşı cinayətdir! Qeyrətli, cəsur Gəncə camaatına möhkəm dayandıqlarına görə minnətdarlığımı bildirirəm. Düşmən Gəncəni vahiməyə sala bilməz! Cəmi şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Mən hər zaman olduğu kimi xalqımın yanındayam! Uca Yaradan xalqımızı qorusun, haqq işimizdə yar və yardımçımız olsun!

Azərbaycanın Milli Qəhrəmanı, Sabiq Baş nazir Sürət Hüseynov 11.10.2020 Mətbuat xidməti AzTimes.az

   

Abunəlik