Suçiçəyi peyvəndi meymunçiçəyindən qoruyur? – İki xəstəliyin oxşar və fərqli əlamətləri

Baxılıb:42
Suçiçəyi peyvəndi meymunçiçəyindən qoruyur? – İki xəstəliyin oxşar və fərqli əlamətləri

Yaxın zamanlarda ölkədə meymunçiçəyinə ilk yoluxma faktı qeydə alındı. Hələ adını eşidəndə hamının ağlına ilk olaraq suçiçəyi gəlirdi. Adları bir-birinə bu qədər oxşar olan xəstəliklər arasında bənzərlik nə qədərdi? Suçiçəyi üçün vurulan peyvəndlər meymunçiçəyindən də qoruyurmı?

Mövzu ilə bağlı danışan İnfeksion Xəstəlikləri və Klinik Mikrobiologiya uzmanı Dr. Vasif Əliyev bildirib ki, suçiçəyi və meymunçiçəyi xəstəlikləri xəstəliyin klinikası və adı bənzəsə də, müxtəlif viruslar tərəfindən törədilir.

“Suçiçəyi xəstəliyi varisella virusudur, yəni, bu virus tərəfindən törədilir. Amma meymunçiçəyi dediyimiz xəstəlik Mpoks virusudur. Bu, bildiyimiz çiçək virusuna qohum bir virusdur. Bənzərliyi budur ki, səpkilər törədir. Suçiçəyindən fərqli olaraq səpkilər daha da iri olur. Eyni zamanda bu səpkilər daha çox üz və ətraflarda görülür. Amma suçiçəyi zamanı səpkilər bədənin hər bir yerində yaranır və yüksək qızdırma, qaşıntı, əzələ ağrıları ilə davam edir. Limfa düyünlərinin şişməsi isə daha çox meymunçiçəyi virusuna xarakterikdir”, – o əlavə edib.

Həkim vurğulayıb ki, bu iki xəstəliyin diaqnostikası da tam fərqlidir:

“Suçiçəyi virusunun diaqnostikası qan analizi ilə, eyni zamanda səpkilərdən yaxma götürülməsi ilə qoyula bilər. Amma meymunçiçəyi virusunun diaqnostikası həmin şəxsin virusa yoluxanların olduğu bir ölkəyə səfəri, eyni zamanda virusa yoluxmuş adamın təmasda olduğu insanın bədənində hər hansı səpkilərin olması ilə aparılır.

Bu virus heyvanlardan da insanlara keçə bilər. Xüsusilə də meymunlardan, sincablardan, siçovullardan və siçanlardan. Xəstəlik yüksək hərarət ilə başlayır. İnkubasiya dönəmi 6-13 gündür. Təxminən suçiçəyində də bu inkubasiya dönəmi xarakterikdir. Amma səpkilərin fərqli olması bu xəstəliklərin fərqləndirilməsində bizə müəyyən qədər yol göstərir. Meymunçiçəyində qan analizi ilə diaqnoz qoyulmur, səpkilərdən alınan yaxmada Mpoks virusunun DNT-sinin təsdiqi ilə diaqnoz qoyulur”.

“Bu iki virusun müalicələri də çox fərqlidir. Bu viruslar simptomatik müalicə ilə sağala bilər, amma ehtiyac halında istifadə olunan virusəleyhinə dərman vasitələri hər virusda fərqli olur. Suçiçəyi bizdə daim görülən bir xəstəlikdir. Bu bütün ölkələrdə və bütün mövsüm ərzində görülür. Amma Mpoks virusu 2022-ci ildən yenidən gündəmə gəlib. Daha çox Afrikada və bu ölkələrdən sonra Avropada da görülür. Suçiçəyindən fərqli olaraq meymunçiçəyi lokal bölgələrdə olur”,- deyə həkim əlavə edib.

Trend-ə danışan İnfeksionist Mərdan Əliyev isə suçiçəyi ilə meymunçiçəyi arasındakı fərqləri, eyni zamanda suçiçəyi peyvəndinin meymunçiçəyinə olan təsirini diqqətə çatdırıb.

O bildirib ki, meymunçiçəyi və suçiçəyi xəstəliklərinin bir-biri ilə heç bir əlaqəsi yoxdur:

“Onlar oxşar xəstəliklər deyillər. Sadəcə olaraq onların adlarında olan çiçək sözünə görə, oxşar olduqları düşünülür. Amma bu belə deyil. Onların hər ikisinin adlarına “çiçək” sözünün əlavə edilməsinin səbəbi dəridə səpkilərin olmasıdır. Hər ikisi tamamilə fərqli xəstəliklərdir. Meymunçiçəyi xəstəliyi poksviruslar ailəsinə daxildir və ingilis dilində “monkeypox” adlanır. Suçiçəyi xəstəliyi isə daha mülayim gedişə malik olan herpes viruslar qrupuna daxildir. Herpes viruslar qrupu çox geniş yayılıb. Suçiçəyi ağırlaşması olmayan, yüngül gedişatlı bir xəstəlikdir. Uşaqlar və yaşlılar bu xəstəliyə qarşı daha həssas olurlar. Bu xəstəliyə bir dəfə yoluxmaq olur və əbədi immunitet yaranır”.

Həkim qeyd edib ki, meymunçiçəyi xəstəliyi suçiçəyi ilə müqayisədə daha ağır gedişli bir xəstəlikdir.

“Bu xəstəlik zamanı intaksikasiya əlamətləri ön planda olur. Suçiçəyi xəstəliyi hava-damcı yolu ilə yoluxan xəstəlikdir. Meymunçiçəyi xəstəliyi isə təmas yolu ilə yoluxur. Əsasən də yoluxma cinsi yolla olur. Dəridə olan sağalan yaraların sağlam dəriyə dəyməsi ilə bu xəstəlik yayılır. Bu iki xəstəlik tamamilə başqa bir virus, başqa bir xəstəlik olduqları üçün suçiçəyinə qarşı vurulan peyvənd meymunçiçəyi xəstəliyindən qorumur”, deyə o əlavə edib.


Abunəlik