SON DƏQİQƏ! VİP bəyanat YAYDI
Bu gün Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi Rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşovun Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə qarşı Cinayət Məcəlləsinin 148-ci maddəsi üzrə verdiyi xüsusi ittiham qaydasında şikayəti əsasında məhkəmə iclası keçirilib. Qeyd edək ki, bu, 2021-ci ilin dekabrından etibarən, Əli Əliyevə qarşı məhkəmə icraatına götürülən xüsusi ittiham qaydasında sayca 3-cü şikayətdir. Onlardan 2-si – Dövlət Sərhəd Xidmətinin (DSX) zabitləri polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun Cinayət Məcəlləsinin 147.1-ci maddəsi üzrə şikayətləri əsasında Yasamal Rayon Məhkəməsində bu il yanvarın 13-ü və aprelin 15-də Əli Əliyevin müvafiq olaraq, 5 ay və 1 ay müddətinə azadlıqdan məhrum edilməsinə dair qanunsuz hökm çıxarılıb. Hakimiyyət VİP sədrinə qarşı davam etdirdiyi təzyiqlərin nəticəsiz qalması və Əli Əliyevin hər hansı pərdəarxası “anlaşma”ya razılıq verməməsi səbəbindən onun həbs müddətini artırmaq üçün bu dəfə cəmiyyətdə bəlli reputasiyaya malik Ramiz Göyüşovun iştirakı ilə yeni saxta “hüquqi” prosesə start verib.
Gözlənildiyi kimi, Göyüşovun iddiası üzrə keçirilən iclaslar da DSX zabitlərinin şikayətıələri üzrə baş tutmuş iclaslardan nəinki fərqlənmədi, hətta neqativ planda onları kölgədə qoydu. Saat 14-00-da başlayacaq iclasa Əli Əliyevin səhər saat 8-də gətirilməsi, iclas başlayana qədər su və qida ilə təmin edilməməsi hakimiyyətin “humanizmi”, həmçinin VİP sədrinə yönəlik münasibəti haqqında tam təsəvvür yaradır. Hakim Rəşad Cavadzadə də həmkarları Hüseyn Səfərov və Rauf Daşdəmirovun davranışlarını təkrarlayaraq, Əli Əliyevlə vəkillərinin tutarlı arqumentlərə əsaslanan vəsatətlərini qəbul etməməklə yanaşı, bir qədər də irəli gedərək iclasın qapalı keçirilməsinə, bununla da ictimaiyyətin oradakı gedişatdan xəbərsiz qalmasına qərar verdi. Bütün bu qanunsuzluqlara etiraz edən Əli Əliyev məhkəmə zalında aclıq aksiyasına başladığını bəyan edərək, pozulmuş hüquqlarının bərpası üçün bu qədər radikal və sağlamlığına zərbə vuran addım atmaq məcburiyytində qaldı. Qapalı keçirilən məhkəmə iclası isə növbəti dəfə qeyri-müəyyən müddətə təxirə salındı.
Vətəndaş və İnkişaf Partiyası (VİP) hakimiyyətin partiyanın sədri Əli Əliyevə qarşı süni “hüquq” müstəvisində təzyiqləri davam etdirməsini qətiyyətlə pisləyərək, artıq siyasətçinin sağlamlığını təhlükə altına alan aramsız basqılara son qoyulmasını, VİP lideri əleyhinə başladılan saxta prosesin təcili dayandırılmasını və onun ən qısa müddətdə azadlığa buraxılmasını tələb edir. VİP bəyan edir ki, həbsxanada aclıq aksiyasına başlayan Əli Əliyevin səhhətində yaranacaq problemlərə və bununla bağlı mümkün arzuedilməz nəticələrə görə məsuliyyət buirmənalı şəkildə hakimiyyətin üzərində olacaq. VİP Əli Əliyevin qanunsuz həbsdən tezliklə azad olunması üçün bütün qanuni vasitələrlə mübarizəni davam etdirəcəyini bəyan edir.
VİP mətbuat xidməti/AzTimes.az/