Son Dəqiqə: Əhaliyə bəd xəbər – Bunlar da bahalaşdı -Rəsmi
2019-cu ilin ikinci yarısından başlayaraq Azərbaycanda ət və ət məhsullarının qiymətindəki artım sürətinin bir qədər də güclənməsi müşahidə edilir. Rəsmi məlumatlar göstərir ki, bahalaşma sürətinin artması həm mal ətinin, həm də quş ətinin qiymətində qeydə alınıb.
2019-cu ilin yanvar-iyul dövründə ət və ət məhsulları 1 faiz artdığı halda, ilin sonunda bahalaşma 1,8 faizə yüksəlib. 2020-ci ildə bahalaşma sürəti bir qədər də güclənərək 3 faizi ötüb. Ötən ilin yekunlarına görə, ət və ət məhsullarının qiyməti orta hesabla 3,3 faiz artıb.
Konkret mal qrupları üzrə götürdükdə 2019-cu ilin iyulunda orta qiyməti 10,1 manat olan sümüklü mal ətinin dəyəri 2020-ci ilin dekabrında 10,7 manata çatıb. Müqayisə edilən dövrdə sümüklü qoyun ətinin orta qiyməti 11,20 manatdan 11,9 manata yüksəlib. Toyuq ətinin qiyməti sabit qalıb. Dekabrda toyuq ətinin orta qiyməti 4,6 manat olub. Toyuq budunun qiyməti 2,9 manatdan 3,7 manata, suda bişmiş kolbasanın dəyəti 9,6 manatdan 10,2 manata, sosiskanın qiyməti 9,3 manatdan 10,2 manata yüksəlib.
Aztimes.az bildirir ki, son ilyarımda ət və ət məhsullarının bahalaşmasının səbəbi dünyada taxıl və soya məhsullarının qiymətinin nəzərəçarpacaq dərəcədə yüksəlməsi ilə əlaqədardır. Adıçəkilən bitki məhsullarının bahalaşması heyvan yemlərinin qiymətinin artması ilə nəticələnir ki, bu da öz növbəsində ətin bahalaşmasına əsas yaradır.
Beynəlxalq birja məlumatlarına əsasən, buğdanın qiyməti son bir ildə 13 faiz, son 3 ildə 46 faiz yüksəlib. Qarğıdalının qiyməti bir ildə 34 faiz, son 3 ildə 43 faiz, soyanın dəyəri son bir ildə 49 faiz, 3 ildə 36 faiz artıb. Bu məhsullar mal və quş yemlərinin hazırlanmasında əsas xammal kimi istifadə edilir. Buna görə də onların bahalaşması son bir-iki ildə ət və ət məhsullarının dəyərini yüksəldib.
Bəs, bundan sonra bahalaşma davam edə bilərmi? Yaranmış vəziyyət göstərir ki, adıçəkilən bitkiçilik məhsullarının dəyərinin yaxın aylarda ciddi enməsi real deyil. Çünki 2019-cu və 2020-ci ildə taxıl və soya məhsulları yetişdirilən ölkələrdə ciddi quraqlıq müşahidə edilib. Quraqlıq məhsuldarlığı xeyli dərəcədə azaldıb və bunun sayəsində yığılan ümumi məhsulun miqdarı azalıb. 2020-ci ildə quraqlıqla yanaşı sərt karantin qaydaları da məhsul istehsalına mənfi təsir edib. Ötən il tətbiq edilən məhdudiyyətlər iqtisadi fəaliyyətə çətinliklər yaratdığından kənd təsərrüfatı məhsullarının istehsalı azalıb. Hər iki amil satışa təklif edilən məhsulların miqdarının xeyli azalmasına səbəb olub ki, bu da qiymət artımlarını dəstəkləyib.
2020-ci ildə istehsal edilən məhsul 2021-ci ilin birinci yarısına qədər olan tələbatı ödəyir. Bu ilin yeni məhsulu ikinci yarımildə bazarlara çıxarılacaq. Buna görə də ən yaxşı halda ilin ikinci yarısına qədər yem qiymətlərinin və ətin bahalaşması davam edəcək.
Azərbaycan quş yemlərinin böyük hissəsini idxal edir. Mal yemlərinin isə az hissəsini xaricdən gətirir. Lakin dünyada baş verən qiymətlər birbaşa və dolayı şəkildə daxili bazarlardakı qiymətlərə təsir etdiyindən bahalaşmadan qaçmaq mümkün olmur. İndiki vəziyyətdə bahalaşmanı bir qədər azaltmaq üçün yeganə yol idxal edilən bütün yemlərin gömrük rüsumu və vergidən azad edilməsidir. (Sfera.az)