Şöbə rəisi: “Sentyabrın 15-də şəxsən mən ictimai nəqliyyatdan istifadə edəcəyəm, sizə də tövsiyə edirəm”
“Ötən illərdə də 15 sentyabrda paytaxtda sıxlıq müşahidə olunurdu. Nəzərə almaq lazımdır ki, paytaxtda 1 milyona yaxın nəqliyyat var və gün ərzində müxtəlif istiqamətlərdən paytaxta 200-300 min nəqliyyat vasitəsi daxil olur. Təbii ki, bu sıxlığa səbəb olur”.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi polkovnik-leytenantı Rövşən Tağıyev televiziya verilişlərinin birində qonaq olarkən deyib.
Şöbə rəisinin sözlərinə görə, bu il birinci sinfə gedəcək şagirdlərin təqribi sayı 40 minə yaxındır:
“Bu özü də 40 min nəqliyyat vasitəsinin hərəkətdə olacağı deməkdir. Azyaşlı uşaqları hər kəs nəqliyyat vasitəsi ilə aparır. Eyni zamanda 35 minə yaxın azyaşlı da bağçaya gedəcək. Bu da paytaxtda daha 35 min nəqliyyat vasitəsinin artması deməkdir. Biz başa düşürük ki, ilk tədris günü valideynlərin sevincinə səbəb olur. Amma digər hərəkət iştirakçılarını da başa düşmək lazımdır. Bir uşağı məktəbə beş nəqliyyat vasitəsinin müşayiəti ilə aparmaq doğru deyil. Nənə, baba, uzaq qohum və s. bir yerdə məktəbə gedirlər. Bu bayram ab-havası evdə ailə daxilində qeyd edilməsi məqbul hesab olunur. Qohumlar getsələr belə, çalışsınlar bir nəqliyyat vasitəsi ilə hərəkət etsinlər. Biz heç kimə – “nəqliyyat vasitəsindən istifadə etmə”, – deyə bilmərik. Amma onlar da tıxaclarda, paytaxt yollarında sıxlıqda qalmaq, gedəcəkləri ünvana gecikmək istəmirlərsə, bir nəqliyyat vasitəsi ilə hərəkətə üstünlük versələr, yaxşı olar.
Eləcə də eyni müəssisədə işləyən və iş yoldaşı olan şəxslər bir mərkəzdə toplaşıb bir nəqliyyat vasitəsi ilə getməyə üstünlük versələr, bu da yollarda sıxlığın azalmasına gətirib çıxarar. Biz bunu tövsiyə edib özümüz kənarda durmuruq. DİN əməkdaşları da öz tövsiyələrinə riayət edirlər. Şəxsən mən sentyabrın 15-də öz üzərimə düşəni edib, ictimai nəqliyyatla işə getməyi düşünürəm. Hər kəs özündən başlamalıdır ki, bu problemin nisbətən də olsa, həllinə nail olaq”.