Siyasi rəqiblər çaşqın vəziyyətdə: Niyə erkən seçki?
İyunun 20-də YAP İdarə Heyətinin növbəti iclasında parlament seçkilərinin önə çəkilməsi müzakirə olunub. İclasda YAP-ın Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Prezidentə müraciət olunması üçün təşəbbüs göstərmələri tövsiyə edilib.
Hakim partiyanın əsas arqumenti parlament seçkiləri ilə keçirilməsi gözlənilən beynəlxalq tədbirlərin eyni vaxta təsadüf etməsidir.
Hələ prezident seçkilərindən əvvəl də parlamentin yeni tərkibinin formalaşıdırılması zərurətindən bəhs edilir, bu zaman azad olunmuş ərazilərdə ilk dəfə seçki keçiriləcəyi, beləliklə, parlamentin ilk dəfə olaraq bütün seçki dairələrini əhatə edə biləcəyi amili qabardılırdı. Qarabağ və Şərqi Zəngəzuru təmsil edən millət vəkillər məhz bu ərazilərdə keçirilən seçkilər nəticəsində mandat alacaqlar.
Bu faktorlar yetərlidirmi? COP 29 və paralel olaraq keçirilən Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyası iştirakçı sayına, müzakirə ediləcək mövzuların sanbalına görə Azərbaycanın müasir tarixində şahidlik edəcəyimiz ən böyük beynəlxalq tədbirdir.
Bu cür beynəlxalq tədbirlərin əhəmiyyətini izah etmək üçün öz tariximizdən bir neçə nümunəni yada salmaq istərdim .
1940-cı illər – II Dünya müharibəsinə qədər, müharibə gedə- gedə və sonra Azərbaycan Nizami Gəncəvinin 800 illiyi ilə bağlı beynəlxalq toplantı keçirməyə hazırlaşmışdı. Bu tədbir yalnız Nizaminin Azərbaycan mədəniyyətinə mənsubluğunu vurğulamağa xidmət etmirdi, həm də xalqımızın öz mədəniyyəti, ədəbiyyatı, tarixi, şəhərsalma ənənələrinə görə dünyanın mədəni xalqları ilə eyni səviyyədə durmağa layiq olduğunun sübutuna çevrilməli idi. Mərhum jurnalist Cavad Cavadlı xatirələrində yazırdı ki, xarici qonaqların gəlişindən əvvəl respublikanın o zamankı rəhbəri Mircəfər Bağırov tanınmış ziyalılarla görüşüb onlardan geyim qiyafətlərini dəyişərək Avropa geyimlərinə keçməyi xahiş edibmiş. Yəni 1930-cu illər Türkiyəsində yaşanmış “qiyafət inqilabı” Azərbaycanda belə ağrısız, rahat həyata keçirilmişdi. Azərbaycan kinosu ilk dəfə məhz o illər dünya ekranına daşınmışdı və s.
Sovet İttifaqı dağılan ərəfədə başlayan Qarabağ münaqişəsinə erməni tərəfi daha hazırlıqlı qoşulmuşdu, bizi “xristian sivilizasiyasının beşiyi başında duran” məzlum xalqa təcavüz edən islamçı fundamentalistlər kimi tanıdır, Qərbdə də, Rusiyada da bu təbliğatla yardım ala bilirdilər. O zaman Bakıda keçirilən Beynəlxalq Biznes Forumu həm də Qarabağla bağlı Azərbaycan həqiqətlərinin tanıdılmasına xidmət etmiş, bu miflər müəyyən qədər dağıdılmışdı.
Ümummilli lider Heydər Əliyev “Əsrin müqaviləsi”nin imzalanmasını da Qarabağ həqiqətlərinin tanıdılması məqsədilə istifadə edə bilmişdi. Sonralar ermənilər etiraf edəcəkdilər ki, Heydər Əliyev o mərasimlə Lissabon sammitində Qarabağ üzərində erməni iddialarını rədd etməyin, erməni tərəfinin hüquqi məğlubiyyətinin əsasını qoymuşdu.
İndi sirr deyil ki, 2010-cu illərdə keçirilmiş bir çox beynəlxalq tədbir (“Avroviziya-2012”, Avropa oyunları, İslamiada, Formula-1 yarışları, Bakı humanitar forumları, Qoşulmama Hərəkatının sammitləri və s.) əsas məqsədləri ilə yanaşı II Qarabağ savaşına beynəlxalq dəstək qazanmaq, əks tərəfin bizi “qəddar işğalçı” kimi göstərmək təşəbbüslərinin qarşısını bəri başdan almağa da xidmət edirdi.
Dövlətlər, mədəniyyətlər özlüyündə bir geosiyasi brenddirlər, bu brendlərin reklamına, təqdimatına ehtiyac həmişə olur. Xüsusən də gənc, ərazi bütövlüyünü bərpa edərək özünü tanıda bilmiş bir ölkənin belə təqdimata daha çox ehtiyacı var. Yəni 5 ildən bir təkrarlanan daxili siyasi hadisədən deyil, Azərbaycan üçün çox mühüm olan qlobal tədbirdən bəhs edirik.
İkinci faktora gəlincə, müstəqillik dövrümüz ərzində ilk dəfə bütün ölkə ərazisini əhatə edən bir seçkiyə həqiqətən də ehtiyac var, üstəlik, 10-a yaxın dairədə hazırda deputat yeri boşdur.
Amma təəssüf ki, erkən seçki qərarı ilə bağlı bəzi açıqlamalar ifrat tənqidi, ironik, bəzən də gələcək boykot qərarlarını əsaslandırmaq ruhundadır: seçkilərin qəfil və gözlənilməz olduğu iddia edilir, “yayın cırhacırında“ keçirilməsindən narazılıq edilir və s.
Halbuki hələ Prezident seçkilərindən əvvəl də parlament seçkiləri haqda müzakirələr var idi. Cop29-un Azərbaycanda keçiriləcəyi dəqiqləşdikdən sonra isə bu müzakirələr daha da intensivləşmişdi. Hakim komandanın ayrı- ayrı fiqurları tərəfindən erkən seçki anonsu verilmiş, bunun səbəbləri də əsaslandırılmışdı. Nəhayət, MSK sədri seçkilərin zamanının önə çəkiləcəyini bildirmişdi. Seçkinin keçirilməsinə məsul dövlət qurumu rəhbərinin iki ay əvvəl açıqlama verdikdən sonra hər hansı gözlənilməzlik, qəfillik haqda danışmaq absurddur.
Daha bir absurd odur ki, qəfillikdən danışanlar cəmi bir gün əvvəl parlament seçkilərinin təxirə salındığını yazır, bunun da səbəbinin Ukrayna-Rusiya savaşındakı qeyri- müəyyənlik üzündən hökumətin gözləmə mövqeyi tutması ilə izah edirdilər. Yəni istənilən halda ya gecikmədən, ya qəfillikdən bəhs edənlər, bunu da geosiyasi amillərlə, Rusiya-Qərb qarşıdurması ilə əlaqələndirənlər tapılır.
Problem bundadır, təəssüf ki, bir çoxları ölkə siyasətindən, ölkə reallığından, sosial bazadan qopmuş vəziyyətədir, sanki özləri üçün qurduqları virtual dünyada yaşayır, hər şeyi Qərb-Rusiya qarşıdurmasına müncər etməyə çalışırlar. Məsələn, Ankara və Moskva münasibətlərinin gərginləşəcəyini və bunun Azərbaycanın daxili siyasətinə təsir edəcəyini proqnozlaşdırırlar. Amma Türkiyənin BRİKS-ə üzv olmaq təşəbbüsləri onları çaşdırır, Türkiyəni qurumda “Qərbin Troya atı” olacağını iddia etməyə başlayırlar və s. Qısa təsbit edə bilərik: siyasi rəqiblər yetərincə çaşqın vəziyyətdədir, reaksiyalar adekvat deyil, prosesləri düzgün dəyərləndirə bilmirlər.
Etiraf edilməlidir ki, bu, erkən seçkiyə gedən siyasi qüvvənin digər üstünlüklərinə daha bir pozitivlik əlavə edəcək faktdır. Daxildəki və xaricdəki opponentlərin (siyasi mühacirətin) beynəlxalq birliyin seçkinin nəticələrini qəbul etməyəcəyi haqda ümidləri də yersizdir. Axı prezident seçkiləri ərəfəsi də belə yersiz ümidlənmələr vardı, amma seçkidən az sonra Qərblə, xüsusən ABŞ-la artan təmaslar məyusluq yaratmış, “demokratiyaya keçid (Qərbdən dəstək almaq) ümidimiz növbəti dəfə dəfn olundu” deyə etiraf etməyə məcbur olmuşdular.
Təbii ki, parlament seçkiləri Prezident seçkiləri ilə müqayisədə daha çox siyasi qüvvəni – çoxlu siyasi partiyanı əhatə edir. Amma partiyalararası dialoq mühiti bu istiqamətdə mümkün tənqidləri xeyli səngidib. Siyasi partiyaların sayının şişirdilmiş rəqəmlərdən real qüvvələr nisbətinə dəyişməsi, partiyalar haqda qanunvericiliyin dəyişməsi belə beynəlxalq hesabatlarda ciddi tənqid olunmadı. Bu o mənaya gəlir ki, proses ağrısız və düzgün idarə olunub. Demək, mövcud, real qüvvələrdən formalaşacaq yeni çağırış parlamentin Qərb institutları tərəfindən qəbul edilməsi də ağrısız olacaq. Noyabrda keçiriləcək mühüm beynəlxalq tədbirlər isə ədalətli seçkinin obyektiv nəticələrinin beynəlxalq birlik tərəfindən qəbul olunmasının təntənəsi olacaq.
Cəmaləddin Quliyev, siyasi ekspert