Siyasi elitanın Cavid Qurbanov üzü: merkantil maraqlardan böyük siyasətə doğru…
Cavid Qurbanov Azərbaycan cəmiyyətinə kifayət qədər bəlli, hazırda siyasi elitanın mühüm forpostuna çevrilmiş məmurlardandır. O, son 30 ildə Azərbaycan idarəçilik müstəvisində məmur karyerasını minimum itkilərlə qurmağı bacaran azsaylı şəxslərdəndir. C.Qurbanov “Kəlbəcər epoxası”nın ən xarizmatik və ölkə oliqarxiyasının vitrin şəxslərindəndir. Azərbaycan siyasətində şahmat oyunlarının mühüm hərəkətverici subyektləri İsgəndər Həmidov, Sərdar Həmidov və Eldar Həsənovla eyni rayondan olan C.Qurbanov həm də oliqarxiyanın tamamilə fərqli müstəvisində özünü təsdiqləyə bildi.
Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovun hakimiyyəti dövründə Kontor direktoru, AXC-Müsavat iqtidarı zamanı isə Respublika İxtisaslaşdırılmış “Avtonəqliyyat” Baş direktor vəzifəsində işləyən C.Qurbanovun sürətli məmur karyerasında Kəlbəcər amili az rol oynamamışdı. Xüsusilə də, keçmiş Daxili İşlər naziri İ.Həmidovun siyasi çətiri altında olmadan həmin vaxt heç bir kəlbəcərli ciddi post tuta bilməzdi.
C.Qurbanov mərhum prezident Heydər Əliyevin hakimiyyəti dövründə də yüksək vəzifələrə təyinat almağı bacarmışdı. Onun bundan sonrakı inkişafı keçmiş Baş prokuror, hazırda həbsdə olan Eldar Həsənovun sayəsində mümkün olmuşdu.
Düşünək: C.Qurbanov 1994-cü il noyabrın 15-də H.Əliyevin 237 saylı fərmanı ilə işdə ciddi nöqsanlara yol verdiyinə və vəzifəsindən sui-istifadə etdiyinə görə Azərbaycan Respublikası “Azəravtoyol” Dövlət Şirkətinin prezidenti vəzifəsindən qovulur.
Həmin vaxt Azərbaycanın Baş prokuroru vəzifəsi boş idi, Əli Ömərov 1994-cü il oktyabrın 8-də bu vəzifədən çıxarılmışdı. Ə.Ömərov vəzifədən gedən günün səhəri E.Həsənov Baş prokurorluğun binasına daxil olur, işlərlə tanış olur. Artıq hər kəs ölkənin gələcək Baş prokurorunun kim olacağını bilirdi və 3 ay sonra – 1995-ci il martın 22-də Eldar Həsənov Baş prokuror olur. Novruz bayramı günü bu vəzifəyə təyin edilən E.Həsənov qohumu, yerlisi C.Qurbanova tezliklə vəzifə “hədiyyə” edəcəyini də bildirir. Və çox keçmir… İşdə ciddi nöqsanlara yol verdiyinə və vəzifəsindən sui-istifadə etdiyinə görə H.Əliyev tərəfindən vəzifədən qovulan C.Qurbanov məhz E.Həsənovun ciddi səyləri nəticəsində yenidən böyük vəzifəyə – “Azərərzaqnəqliyyat” Birliyində direktoru postuna təyinat alır. C.Qurbanovun sonrakı karyerası yüksəlişi hər kəsə bəllidir. Ümumiyyətlə, onun bu günə qədərki inkişafında iki “xətt”in elementləri açıq diqqət çəkib. Lakin C.Qurbanovu ilk dəfə siyasi elitanın vitrininə daşıyan məhz E.Həsənov olub.
E.Həsənovun təqdimatı və C.Qurbanovun “inzibati məsələləri” həll etməsi nəticəsində Kəlbəcər rayonunun Quzeyçirkin kəndindən olan Əlövsət Ağalarov 1995-ci ildə Milli Məclisin deputatı seçilir. E.Həsənovun Baş prokuror vəzifəsindən getməsi və Rumıniyadakı Fövqəladə və Səlahiyyətli səfir postuna təyinat alması ilə Ə.Ağalarovun siyasi karyerası bitir, o, bir daha Milli Məclisə seçilə bilmir. Lakin Ə.Ağalarov E.Həsənovun tapşırığı ilə bundan sonra C.Qurbanovun himayəçiliyinə verilir. Hər kəsə bəllidir ki, Ə.Ağalarov ADDY rəhbərinin çətiri altında E.Həsənovun qardaşı Şahin Həsənovla birlikdə onun Bakıda işlərini görürdü. Təsadüfi deyil ki, bu ilin avqustun 13-də DTX tərəfindən Azərbaycanın Serbiya, Bosniya, Hersoqovina və Monteneqrodakı səfiri kimi həbs edilən E.Həsənovla bağlı aparılan istintaqa Ə.Ağalarov da cəlb edilib və o, saatlarla dindirilib.
İyul ayında cəbhənin Tovuz rayonu istiqamətində baş verən döyüşlər zamanı bəlli oldu ki, Serbiya Ermənistana müxtəlif kalibrli silahlar göndərib. E.Həsənovun həbsi ilə bağlı verilən məlumatda deyilirdi: “Maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib”. Lakin Serbiyanın Ermənistana göndərdiyi silahlarla bağlı məsələdə E.Həsənovun məsuliyyətinin miqyası barədə hələki ciddi müzakirələr aparılmır.
Vaxtilə keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun da “udulması”nda ciddi rol oynayan C.Qurbanov əksər oyunlardan uduşla çıxan məmurlardandır.
O, təkcə hakimiyyətdə oliqarxiyanın ən ciddi iqtisadi-maliyyə “resurs”larından biri sayılmır, həm də ölkə siyasətinin, ictimai-siyasi sferanın mühüm istiqamətlərində müxtəlif inzibati yollarla ciddi təmsilçiliyə malikdir. E.Həsənovu həbsi onun siyasi karyerasına toz qondura bilməyibsə, deməli, ortada ciddi məqamlar var.
Ciddi nüfuza malik olan, “Kəlbəcər oliqarxiyası”nın rəhbəri sayılan E.Həsənovun həbsindən sonra estafet C.Qurbanova ötürülüb. Yəqin ki, onun bundan sonra ölkə həyatının bütün sahələrində aktivliyini müşahidə etmiş olacağıq. Əslində C.Qurbanovun imkanları buna yol verir. Məsələn, böyük şirkətlərin, biznes imperiyasının sahibi olan C.Qurbanov Qarabağ epoxasının ən ciddi qanadlarından birinə komandanlıq edə bilər.
Amma düşündürücü məqamlar çoxdur: C.Qurbanov siyasi proseslərdən necə uduşla çıxa bilir, gərgin, bir çox hallarda isə həbslərlə nəticlənən proseslər məngənəsində hansı yolla sığortalanır və ən əsası, o forposta necə çevrilib?
Samir FEYRUZOV
GundemXeber.Az