Şikayətlənən soydaşlarımız, onları dinləyən Qüdsi Osmanov və … – İlginc video
Sosial şəbəkələrdə, yerli saytlarda Rusiyadakı soydaşlarımızın səfirliyin fəaliyyətindən gileyləndikləri, şikayət etdikləri əks olunan videoçəkiliş yayılıb. Həmin video bir neçə gün öncə saytımızın əməkdaşlarına da Rusiyada yaşayan azərbaycanlılardan biri tərəfindən göndərilmişdi.
Videoçəkilişdə Rusiyadakı soydaşlarımız onların problemlərinə əhəmiyyət verməyən səfirliyin fəaliyyətini tənqid edir, ondan şikayətlənirlər. Bildirirlər ki, səfir Polad Bülbüloğlu çoxsaylı problemləri olan soydaşlarımızı dinləmir, səfirlik əməkdaşları onlara lazım olan sənədləri vermir. Bir neçə soydaşımız sərt ittihamlar səsləndirirlər.
Videoçəkilişin harada və nə zaman aparıldığı dəqiq bilinməsə də, orada diqqətçəkən məqam bir var: Müzakirədə iştirak edən bir azərbaycanlı diplomatın çıxışı eşidilir. O, soydaşlarımızla polemikaya girir, onları sakitləşdirməyə çalışir, bir məmurun yaratdığı narazılığın Azərbaycan dövlətinə qarşı yönəlməsinin yolverilməzliyini bildirir. Həmin şəxsin kimliyi videoda bilinməsə də (çünki üzü görünmür-red.) o, tövsiyyə edir ki, Azərbaycan prezidentinin xaricdəki soydaşlarımıza yönəlik uğurlu siyasəti, isti münasibəti bir məmurun fəaliyyətsizliyi ilə qətiyyən müqayisə oluna bilməz, buna heç bir neqativ əməl kölgə salmamalıdır və bu yolverilməzdir.
Videomaterialda soydaşlarımızla səmimi şəkildə dialoq aparan diplomatın kimliyini araşdırarkən maraqlı məqam üzə çıxmışdı.Həmin diplomatın hazırda Moldovada Azərbaycanın səlahiyyətli və fövqəladə səfiri olan Qüdsi Osmanov olduğunu müəyyən etmişdik. Lakin onun özü ilə bu günlər ərzində əlaqə yarada bilmədiyimiz üçün birtərəfli qaydada bu videomaterialı yaymağı doğru hesab etməmişdik.
Artıq həmin video sürətlə sosial şəbəkələrdə və saytlarda yayımlanır. Həmçinin, Qüdsi Osmanovun adı da açıqlanır. Və bu məsələ ətrafında hazırda geniş müzakirələr gedir.
Öncə onu nəzərə çatdıraq ki, həmin video Qüdsi Osmanov Azərbaycanın Rusiyadakı səfirliyinin birinci müavini olduğu dönəmdə Moskvadakı soydaşlarımız tərəfindən çəkilib. Videonu göndərən və onun tarixçəsindən məlumatlı olan mənbədən sitat: “Həmin vaxtlar Rusiyada yaşayan yüzlərlə soydaşımız günlərlə səfirliyin binasına gəlir və müxtəlif problemlərinin həlli üçün müraciətlər edirdilər. Azərbaycanlıların əksəri sənəd istəyirdilər, Polad Bülbüloğlu ilə görüşmək istədiklərini bildirirdilər. Lakin nə sənəd verilirdi, nə də onlar səfirlə görüşə bilirdilər. Böyük bir narazılıq yaranmışdı soydaşlarımızda. Hamı səfirliyin binasının qarşısına toplaşıb Polad Bülbüloğlu ilə görüş tələb edirdi, lakin səfirliyin əməkdaşları onları qəbul etmirdi, deyirdilər ki, çıxın gedin buradan. Bu zaman səfirliyin birinci müavini Qüdsi Osmanov aşağı düşdü. O, bütün soydaşlarımızı səfirliyin yeməkxanasına yığdı və onlarla səmimi bir söhbət etdi. Bir çox soydaşlarımız bu söhbəti telefonla kameraya da çəkdilər. Qüdsi Osmanov əsasən onu izah edirdi ki, əgər Rusiyada bir diplomat, məmur soydaşlarımıza isti münasibət göstərmirsə, bunu qətiyyən Azərbaycan dövlətinin, hakimiyyətinin üzərinə qoymaq olmaz, çünki bu, dövlətin, iqtidarın yanaşması deyil. O, bizə bacardığı köməkliyi etdi, tövsiyyələrini verdi və yüzlələrlə narazı insanın dərdini dinlədi”.
Həmin yazıları və şərhləri oxuduqca qərara gəldik, bu məsələyə dair bir yazı qələmə alaq. Nədən ki, Qüdsi Osmanovun necə bir diplomat olmasını, onun xaricdəki azərbaycanlılarla rəftarını şəxsən müşahidə etmiş həmkarlarımız onun haqqında hər zaman pozitiv danışıblar. Qüdsi Osmanovla münasibətləri olan jurnalistlərdən biri də Elşad Məmmədlidir. O, saytımıza açıqlamasında yayılan video ilə tanış olduqdan sonra bunları dedi: “Düzü, hörmətli Polad Bülbüloğlunun, Rusiyadakı səfirliyimizin fəaliyyəti, soydaşlarımızla davranışı barədə dəqiq bilgim yoxdur, çünki bunları şəxsən müşahidə etməmişəm. Lakin Qüdsi Osmanovun bir diplomat kimi soydaşlarımızla necə işlədiyinin şahidi olmuşam, buna dair müşahidələrimi açıqlaya bilərəm.
Qüdsi Osmanov Moldovada səfir olduğu müddətdə 2 dəfə Kişinyovda səfərdə olmuşam. Həmin dönəmdə səfirlikdə də olmuşam, Moldovadakı soydaşlarımıza necə diqqət, qayğı göstərildiyini şəxsən görmüşəm. Məqsədim qətiyyən Qüdsi Osmanovu tərifləmək deyil. Nədən ki, onun özü də deyir ki, səfirin işi dövlətinə, millətinə, soydaşlarına xidmət etməkdir.O, azərbaycanlılarla təmasda tez-tez bir fikir də işlədir: “Prezidentimiz İlham Əliyev bizi səfir təyin edəndə qarşımızda bir vəzifə qoyub: Dövlətə, millətə xidmət etmək”.
Buna rəğmən Moldovada səfirlikdə olduğum müddətdə, habelə soydaşlarımızla söhbətdə müşahidə edirdim ki, heç də hər səfir soydaşlarımıza bu cür səmimiyyət göstərmir. Məsələn, elə sözügedən bu videodan da görünür ki, Rusiyadakı soydaşlarımız səfirliyin fəaliyyətindən gileylidir. Vətəndaşların vəziyyətini görən Qüdsi Osmanov düşür binanın qarşısına və soydaşlarımız səfirliyə buraxılmasa da, onları yeməkxanada qəbul edib dinləyir..
Ola bilsin ki, Qüdsi Osmanov Moldovada onun fəaliyyətinə dair müşahidələrimi açıqladığımı bu yazını görərsə, etiraz etsin. Çünki dəfələlə bunları yazmağı, səfirliyin fəaliyyətinə dair müsahibə verməsini istəmişəm, dost münasibətlərimizə baxmayaraq bundan qəti şəkildə imtina edib və deyib: “Biz sadəcə işimizi görürük, bunları danışmaq üçün etmirik”.
Ancaq yayılan bu videodan sonra bəzi qeydlər etməmək doğru olmaz. Faktiki olaraq bu video təsdiqləyir ki, vətəni, milləti sevmək mütləq insanın xarakterindən gəlməlidir, bu, yalnız bir vəzifə, səlahiyyət məsələsi deyil. Aydın olan budur ki, Qüdsi Osmanov Moldovada səfir olarkən soydaşlarımıza göstərdiyi diqqəti, qayğını Rusiyada səfirliyin birinci müavini olarkən də göstərib. Nəinki diplomatik fəaliyyəti zamanı, 15-20 il öncə Rusiyadakı öncül soydaşlarımızdan biri olarkən də, fəxri konsul olarkən də soydaşlarımız üçün əlindən nə gəlibsə edib.
Moldovada müşahidə etdiyim iki faktı deyim: 2019-cu ilin dekabrında Kişinyov səfərim zamanı 4 gündən sonra nəhayət ki, səfir bizimlə görüşüb çay içməyə zaman ayırmışdı. Səfirliyə gedərkən orada xeyli azərbaycanlının toplaşdığını gördüm. Həmin şəxslər Moldovadakı diasporumuzun fəaliyyətindən narazı olanlar idi. Səfir onlarla görüşürdü, bir-bir dinləyirdi və diaspor fəaliyyətinin güclənməsi üçün gərəkən bütün işləri görməyə söz verirdi. Səfirliyə böyük narazılıqla gəlmiş soydaşlarmız oradan nikbin əhvalda ayrıldılar.
Sonrakı günlərdə Moldovadakı azərbaycanlı ağsaqqallarla söhbət aparıldı, məsələyə əncam çəkildi.
Moldovadakı səfirliyimizə çoxsaylı vətəndaşlar şəxsi problemləri ilə hər gün müraciət edirlər: kimisi sənəd almağa, kimisi hüquqlarının pozulması ilə bağlı gəlir, kömək istəyir. Səfirliyin qapısı 24 saat soydaşlarımızın üzünə açıq olur və gələn hər kəsi Qüdsi Osmanov şəxsən qəbul edir. Elə bir fakt eşitmədim ki, Qüdsi Osmanov hansısa soydaşımızın problemini həll etməsin. Səfirliyin əməkdaşları daim burada çalışan azərbaycanlıları hətta özləri axtarıb tapır! Hansı ki, onlar Qüdsi Osmanovdan əvvəlki dönəmlərdə səfirliyə gəlib, isti münasibət görməyib gediblər, incik düşüblər. İndi onları səfirliyin əməkdaşları özləri arayıb tapır, daim diqqətdə saxlayırlar. Onun oxşar davranışlarını 2017-ci ildə Kişinyovda olarkən də müşahidə etmişdim.
Bunlar hələ mənim bir neçə saatda gördüklərim, müşahidə etdiklərimdir.
Bu baxımdan Qüdsi Osmanovun Moskvada çalışarkən soydaşlarımızla söhbətini əks etdirən video sensasiya sayılmamalıdır, o baxımdan ki, bu, bir diplomatın gerçəkdə görməli olduğu işlərdir və onu da görür…
Əslində, məmur, xüsusi ilə xaricdəki səfirlər hamısı bu cür çalışmalıdır. Çünki hansısa məmurun ucbatından insanların narazılığı dövlətə, hökumətə yönəlir, düşüncələrdə belə fikir hakim olur ki, yəqin elə ümumi yanaşma budur, məmur da ona deyiləni edir. Hansı ki, Qüdsi Osmanovun timsalında görürürdük ki, məsələ tamamilə fərqlidir və məmur dövlət, millət üçün çalışanda insanlarda da dövlətə, iqtidara sevgi yaranır”…
Sonda onu da qeyd edək ki, yayılan video bu qəbildən olan yeganə videoçəkiliş deyil. Həmin videonu göndərən Rusiyadakı soydaşımız deyir ki, Rusiya səfirliyinə gəlib dərdini danışan insanları əks etdirən digər çəkilişlər də mövcuddur…