Sağlamlığa təhlükə yaradan marketinq gedişi: Qadınlar və uşaqlar arasında da yayılacaq

Baxılıb:297
Sağlamlığa təhlükə yaradan marketinq gedişi: Qadınlar və uşaqlar arasında da yayılacaq

Hazırda dünyada 34 ölkədə qadağan olunan bu məhsul, Azərbaycanda demək olar ki, çiçəklənmə dövrünü yaşayır. Söhbət elektron siqaretlərdən gedir. Uşaq, böyük, qadın, kişi – istənilən insanın əlində bu kiçik, rəngli alətlərə rast gəlmək olur. Siqaret aludəçiliyinə son qoymaq və istifadəçilərin nikotinə olan həvəsini cilovlamaq məqsədi ilə bazara çıxarılan bu məhsulun siqaret qədər zərərli olduğu deyilir. Üstəlik, bu fikirlər Ümumdünya Səhiyyə Təşkilatının məlumatında da yer alır. Əgər belədirsə, biz nə üçün qadağan etmirik?

Təhlükəli tendensiya artıq Milli Məclisdə də müzakirəyə çıxarılıb. Qurumun İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycanda elektron siqaretin istifadəsinin qadağan olunmasını təklif edib. Millət vəkilinin sözlərinə görə, ölkəyə il ərzində təxminən üç milyona yaxın elektron siqaret idxal olunur.

Maraqlıdır, ildə üç milyonundan istifadə etdiyimiz bu məhsulun tərkibi nədən ibarətdir? Ən əsası, insan orqanizmində hansı fəsadları yaradır? Ümumiyyətlə, elektron siqaretlərin istifadəsi ilə bağlı qanunvericilik nə deyir?

Elektron siqaretlər tütünçəkməni dəstəkləyir

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, elektron siqaret buxarının tərkibində tütün tüstüsündə olan təhlükəli kimyəvi maddələr var: “Elektron siqaret – tərkibində nikotin və aromatizatorlar olan, buxar əmələ gətirən cihazdır. Bu alətin buxarı kiçik hissəciklərdən ibarətdir. O, tənəffüs yollarına dərindən nüfuz edir və dağıdıcı təsir göstərir. Həmçinin, ürək və ağciyər xəstəlikləri riskini artırır, ağız boşluğunda bir sıra xəstəliklərin yaranmasına səbəb olur”.

Mütəxəssisin sözlərinə görə, hazırkı tendensiyalar göstərir ki, hətta heç vaxt siqaret çəkməyənlər belə, bu məhsulların istifadəsinə başladıqda asanlıqla siqaret və digər tütün məmulatlarına keçirlər: “Tütünçəkmə kimi zərərli vərdişdən qurtulmaq istəyən insan elektron siqaret əvəzinə sağlam davranış variantlarını seçməlidir. ÜST də elektron siqaretlərin satışını məhdudlaşdırmağı tövsiyə edir. Çünki elektron siqaret istənilən halda tütünçəkməni dəstəkləyir, üstəlik onun tərkibindəki kimyəvi maddələr bəzi xəstəliklərin yaranmasına da zəmin yaradır”.

Elektron siqaretlər ənənəvi siqaret qədər təhlükəlidir?

Mütəxəssisin sözlərinə görə, aparılan tədqiqatlar göstərir ki, bəzi elektron siqaretlərin tüstüsündə toksik maddələrin səviyyəsi elə siqaret qədər olur: “Həmin zərərli maddələrin hüceyrədaxili təsiri ola və onlar da xərçəng xəstəliyinə yol aça bilər. Həmçinin eyni elektron siqaretdən şərikli istifadə infeksiya mənbəyi rolu oynaya, vərəmin yayılmasına səbəb ola bilər. Elektron siqaretlərin katricləri ilə əlaqədar da təhlükəli məlumatlar var. Bəzi uşaqlar bilmədən onu udaraq toksik təsirə məruz qalırlar”.

Bəs qanunvericilik nə deyir?

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunda qeyd olunub ki, tütün məmulatları tütün yarpağından və onun komponentlərindən hazırlanmış, tərkibində nikotin, aktiv alkaloid, o cümlədən, kanserogen maddələr olan və nikotinə aludəçilik yaradan məhsul hesab olunur. Elektron siqaretlər də bu qanunun təsir dairəsində tütün məmulatlarına bərabər tutulur. Qurum rəsmisi bildirir ki, bu qanunun 6-cı maddəsinin 6.2.2-ci bəndində uşaqlarda və gənclərdə tütün istifadəsinə mənfi münasibət formalaşmasının, habelə onların tütün istifadəsi prosesinə cəlb edilməsinin yolverilməzliyinin qeydinə qalmaq qeyd olunub. Həmin qanunun 13-cü maddəsi yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışını və onların tütündən istifadə etməsini qadağan edir.

Hazırkı vəziyyətdən çıxış yoluna gəldikdə isə…

Hazırkı vəziyyətdən çıxış yoluna gəldikdə isə, mütəxəssis vurğulayır ki, uşaq və yeniyetmələri tütün məmulatlarından qorumaq vacibdir: “Gənc nəsli marketlərdəki tütün məmulatları yerləşən rəflərin həvəsləndirici təsirindən qorumaq üçün pərakəndə satış yerlərində tütün məmulatlarının görünüşü tam qadağan edilməlidir. Həmçinin tütün məmulatlarının hər bir qutusunda şəkilli xəbərdarlıqlar mütləq şəkildə əks olunmalıdır”.

Xanımlar və uşaqlar arasında da yayılacaq

Siqaretin fəsadlarından danışarkən daha çox ağciyərə vurduğu zərərlər qabardılır. Bəs elektron siqaretlər necə?
Pulmonoloq Əsəd Beydullayev deyir ki, elektron siqaretlər ənənəvi siqaretlərdən də zərərli məhsuldur: “Düzdür, bunu bir marketinq gedişi olaraq təklif etdilər ki, ənənəvi siqaretin yerini alsın və tütün istifadəsini azaltsın. Amma təəssüf ki, belə deyil. Elektron siqaretlər özlüyündə daha zərərli hesab edilir. Bunun zərərlərindən danışdıqda, bəzi insanlar əsas gətirirlər ki, hələ elektron siqaretdən xərçəng tutan, ölən adam yoxdur, amma bu, səhv yanaşmadır. Elektron siqaretlər yeni satışa çıxdığı üçün onların zərərli tərəfləri hələ tam araşdırılmamışdı. İndi araşdırılır və nəticələri təhlükəli olduğu üçün müxtəlif ölkələrdə qadağan edilir”.

Həkim pulmonoloq elektron siqaretlərin qadağan edilməsinin tərəfdarıdır: “Onlar hazırda zərərsiz görünür, bu səbəbdən də xanımlar və uşaqlar da istifadə edirlər. Belə davam etdikdə, gələcəkdə nikotin asılılığı xanımlar və uşaqlar arasında da yayılacaq. Bundan əlavə, son aparılan araşdırmalar sübut edir ki, uşaqlıqdan elektron siqaretlər istifadə edən insanlar sonradan siqaret aludəçiliyinə davam edirlər. İstənilən halda, nəfəsə çəkilən yad bir aerozol, əgər dərman deyilsə, çox təhlükəlidir və istifadəsi tövsiyə edilmir”.
Xatırladaq ki, 1950-ci illərdə siqaretlərin də zərərsiz olması ilə bağlı təbliğat kampaniyaları aparılırdı. İndi isə hər bir siqaret qutusunun üzərində “sağlamlığınıza zərərlərlidir” yazısı rəsmi şəkildə qeyd olunur.


Abunəlik