Saakaşvili: “Mən polis sistemini yenidən qurdum, onlar da edə bilər”

Baxılıb:161
Saakaşvili: “Mən polis sistemini yenidən qurdum, onlar da edə bilər”

Gürcüstanın sabiq prezidenti ABŞ-da son bir neçə həftədir polis zorakılığına qarşı etirazlar fonunda tövsiyə mahiyyətli məqalə ilə çıxış edib. Foreign Policy jurnalından dərc olunan məqalədə Mixeil Saakaşvili prezident ikən Gürcüstanda apardığı islahatlardan danışıb.
“2004-cü ildə Gürcüstanda baş verən Qızılgül İnqilabından sonra mən iflasa uğramış bir ölkənin prezidenti oldum. Hüquq-mühafizə orqanları cinayətkar qanqsterlər kimi fəaliyyət göstərirdi. Zabitlər rüşvət tələb edirdi, narkotik və silah qaçaqmalçılığı ilə məşğul olurdu, siyasi və biznes elitasının pulgir təhlükəsizlik qüvvəsi kimi çalışırdı,” Saakaşvili yazır.
Onun sözlərinə görə, Gürcüstan “yırtıcı polis” anlayışının nümunəsinə çevrilmişdi: Polislər ictimai təhlükəsizliyi təmin etmək əvəzinə vətəndaşları soyaraq özləri və sahiblərini zənginləşdirirdi.
2003-cü ildə aparılan rəy sorğusunun nəticələri gürcülərin yalnız 2.3 faizinin polislə bağlı müsbət düşüncələrinin olduğunu göstərirdi. “Lakin biz bir neçə il ərzində bunu dəyişə bildik və Birləşmiş Ştatlar kimi polis sistemində islahatlarla çarpışan ölkələr üçün bir modelə çevrildik,” Saakaşvili bildirir.

Keçmiş dövlət başçısı deyir ki, hüquq-mühafizə orqanlarında korrupsiya mütəşəkkil cinayətkarları, Sovet İttifaqında “vor v zakone” kimi tanınan kriminalları gücləndirirdi. Qanqsterlərin liderləri təkcə de fakto polis deyil, həm də hakim, münsiflər məhkəməsi və icraedicilər qismində xidmət göstərirdi. Polisin özü də mütəşəkkil cinayətkarlarla əməkdaşlıq edirdi.
Mixeil Saakaşvilinin apardığı inqilabi islahatlar Gürcüstanı post-sovet regionunda demokratiya və şəffaflıq mayakına çevirdi.
“Gürcüstan icmasında dövlət qurumlarına dərin şübhə mövcud idi. 1993-cü ildə məktəb şagirdləri arasında keçirilən rəy sorğusunun nəticəsi onların dörddə birinin böyüyəndə qanuni oğru olmaq istədiklərini göstərmişdi, çünki bu gənclər polisin onların icmalarından sistematik şəkildə sui-istifadə etdiyinin şahidi olmuşdu. Buna görə də, əlbəttə ki onlar qanqsterlərə hüquq-müfahizə orqanlarından daha çox hörmət edirdilər,” Saakaşvili bildirir.
Onun sözlərinə görə, bu səbəbdən də polislə bağlı islahatar çərçivəsində təkcə qurumlardakı struktur dəyişməməli idi, həm də daha yaxşı siyasət tərtib olunmalı idi.
“Biz sınıq, sinik və qorxaq cəmiyyətin mentalitetini dəyişməli idik. Biz- yeni siyasi elita- onların etibarını qazanmalı idik. Status kvoya meydan oxumaq yetərli deyildi. Biz onu dağıdıb, yeni bir şey qurmalı idik. Və bunu sürətli şəkildə etməli idik. Qızılgül İnqilabından sonra Gürcüstan cəmiyyəti birlik olub, islahat tələb etdi. Əgər insanlar nəticəsini görmürsə, islahatların heç bir mənası yoxdur,” keçmiş prezident deyib.
Onun dediyinə görə, milyardlarla dollar dəyərində oğurlanan əmlaklar dövlət büdcəsinə qaytarıldı. Gürcüstan boyu yeni divarları şüşə olan polis idarələri inşa olundu.
Sovetlərdən miras qalmış korrupsioner sistemdə köklü dəyişikliklər həyata keçirən Mixeil Saakaşvili ölkədə bütün polis qüvvəsini yeni kadrlarla əvəzlədi.
“Biz Sovet İttifaqından miras qalmış, siyasiləşmiş polisi ləğv etdik və onu ədalətli hüquq-mühafizə orqanı ilə əvəzlədik,” Saakaşvili bildirir.
Dövlət Təhlükəsizliyi Nazirliyi, Yol Polisi ləğv olundu. Onlar hüuq-mühafizə keçmişi olmayan və köhnə korrupsioner elita ilə əlaqəsi olmayan yeni Patrul Polisi ilə əvəz olundu.
Daxili İşlər Nazirliyinin işçilərinin sayı 56,000-dən 33,000-ə endirildi. İslahatlar nəticəsində zorakı cinayətlərin sayı 66% azaldı. Bir zamanlar geniş yayılmış maşın oğurlanması halları demək olar yoxa çıxdı. Ümumi cinayət səviyyəsi 50% azaldı və bununla Gürcüstan dünyanın ən təhlükəsiz ölkələrindən birinə çevrildi.
“Bizim çox sayda polisə ehtiyacımız yox idi. Bizim sadəcə yaxşı polisə ehtiyacımız var idi,” Saakaşvili deyir.
Bundan əlavə Gürcüstanda Yeni Polis Akademiyası təsis olundu. Polis işçilərinin maaşları demək olar on qat artırıldı və rüşvətə qarşı sıfır dözümsüzlük siyasəti tətbiq olundu.
“Biz bəziləri sınaqdan keçirilmiş, bəziləri isə qeyri-ənənəvi olan taktikalarla post-Sovet himayə sisteminin əsasını sındırmağa nail olduq. Polis rüşvət əvəzinə insanların etibarını qazandı. Mənim prezidetlik müddətimin sonunda hüquq-mühafizə orqanları ölkədə ən çox hörmət edilən qurumlardan birinə çevrilmişdi və insanların 83 faizi tərəfindən dəstəklənirdi,” Saakaşvili qeyd edir.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir