Sərt karantin yenidən tətbiq ediləcək?-2 ay sonra… AÇIQLAMA

Baxılıb:439
Sərt karantin yenidən tətbiq ediləcək?-2 ay sonra… AÇIQLAMA

Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin azalmağa başlayıb.

Aztimes.az “Musavat.com”a istinadən xəbər verir ki, təkcə yanvarın 25-nə olan statistik məlumata görə, ölkədə 57 yeni yoluxma faktı aşkar olunub, 11 nəfər isə virusdan dünyasını dəyişib.

Bununla belə, bəzi mütəxəssislər qeyd edir ki, ölkədə yanvarın 25-dən etibarən sərt karantin rejimində edilən yumşalmalar gündəlik yoluxma sayını yenidən artırmış olacaq.

Hətta iddialar səslənir ki, fevralın sonu və yaxud aprelin əvvəlində yenidən ölkədə sərt karantin rejimi tətbiq oluna bilər. Bəs bu iddialar nə dərəcədə özünü doğrulda bilər?

Daha bir məsələ, məlum olduğu kimi, ölkədə yanvarın 18-dən etibarən vaksinasiya prosesi başladılıb. Lakin bu günə qədər vaksinasiya prosesinin gedişatı, vaksin olunanların sayı nədənsə açıqlanmır.

Halbuki digər ölkələrdə, o cümlədən yanvarın 13-dən vaksinasiya prosesinə başlayan qardaş Türkiyədə bu məsələ şəffaf şəkildə təqdim olunur. Məsələn, ötən həftə Türkiyə rəsmiləri ölkədə 1 milyondan çox səhiyyə işçisinə vaksin vurulduğunu açıqlamışdı.

Bəs Azərbaycanda bu məsələ niyə şəffaf deyil? Tibb elmləri doktoru, professor Adil Qeybulla bu və digər suallarla bağlı danışıb:

“Bəli, yoluxanların sayı xeyli azalıb. Rəqəmlər statistik olsa da deyə bilərəm ki, apardığımız müşahidələr xəstəliyin kəskin azaldığını gösətirir. Belə ki, kompüter tomoqrafiyaya müraciət edənlərin sayı kəskin azalıb”.

Professor “fevralın sonu və yaxud aprelin əvvəlində sərt karantin rejimi yenidən qayıda bilər” iddialarına isə bu cür şərh bildirdi:

“Bu, o halda ola bilər ki, yoluxma sayında yenidən hər hansı bir artım olsun. Lakin unutmayaq ki, vaksinasiya da davam edir. Vaksinasiya aktiv həyata keçirilərsə, yoluxmalar daha da azalar. Fevralın sonuna qədər sosial sahələrin hamısında yumşalmalar mümkün deyil.

Hər halda, karantin rejimi qalacaq, yəni karantin davranışlarına əməl etmək qaydaları davam edəcək. Ola bilər ki, böyük ticarət mərkəzlərinin də fəaliyyətləri bərpa olunsun, lakin karantin davranışlarına riayət etmək şərti ilə.

Bununla da aprelin əvvəlinə sərt karantin rejimi olacağını proqnozlaşdırmıram. Əlbəttə ki, sabotaj olarsa, hər bir şey baş verə bilər”.

Adil Qeybulla qeyd etdi ki, digər ölkələrdə olduğu kimi Azərbaycanda da vaksinasiyalarla bağlı statistika şəffaf olmalıdır:

“Periodik rəqəmlər mütəmadi olaraq açıqlanmalıdır. Dünya xəstəliklərinə nəzarət və profilaktika mərkəzləri bu məsələni diqqətlə izləyir, vaksinasiyadan sonrakı bütün problemləri qeydə alırlar. Ona görə də vaksinasiya prosesinin statistikası, gedişat prosesi tamamilə şəffaf olmalıdır”.

“Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov da qeyd etdi ki, karantin rejimində yumşalmalar olsa da, karantin qaydalarına mütəmadi əməl etmək vacibdir:

“Hər halda, virus bizimlə davam edirsə, bütün tədbirlər öz aktuallığını saxlayır. Əvvəlki kimi yenə maska taxmaq, sosial məsafə saxlamaq, əllərin dezinfeksiyası, gigiyena məsələlərinə əməl etməliyik.

Son rəqəmlər xeyli ürəkaçan, sevindiricidir. Karantin rejimi başlayanda, SMS icazəsi tətbiq olunanda da qeyd edirdik ki, zaman-zaman yoluxma sayları enəcək.

Hər halda, görülən tədbirlər, insanların məsələyə daha anlayışlı, məsuliyyətli yanaşması, tələblərə əhəmiyyətli dərəcədə əməl etməsi bu nəticəni ortaya qoyub. Lakin qeyd etdiyim kimi, virus hələ də bizimlədir. Dünyada virusun daha fərqli, daha öldürücü ştamlarının yayılmasından danışılır.

Bu da onu göstərir ki, biz bundan sonra əldə olunan nəticələri qorumaq üçün xüsusi fəaliyyət göstərməliyik. Bu baxımdan hər bir vətəndaşdan daha da məsuliyyətli olmaq tələb olunur.

İnsanların psixoloji gərginliyi, iqtisadi problemləri, cəmiyyətin əvvəlki normal həyata qayıtmaq arzuları yönündə atılan addımlara görə ünsiyyət çoxalacaq.

Məlum olduğu kimi, fevralın 1-dən kafe və restoranlar açılır, yəni ünsiyyət xeyli artacaq və bu da yoluxma ehtimalını da artırır. Əgər yoluxma artarsa, aidiyyəti strukturlar yenidən sərt tədbirlər görmək məcburiyyətində qalacaq”.


Abunəlik