“Sərnişinlər də kəmər bağlasın” – DYP-dən müraciət
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Qurban bayramı ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Qurum hərəkət iştirakçılarını küçə və yollarda təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıb.
“Bayramla əlaqədar qeyri-iş günləri şəhər sakinlərinin rayonlara və bölgələrdəki istirahət mərkəzlərinə səfər etmələrinə şərait yaradacaq ki, bununla da avtomobil yollarında nəqliyyatın hərəkət intensivliyinin yüksələcəyi ehtimal olunur.
Vətəndaşların mənzil başına sağ-salamat çatması, bayramı xoş əhval-ruhiyyə ilə keçirməsi üçün, Baş Dövlət Yol Polisi İdarəsi səfərə çıxmazdan əvvəl ilk növbədə avtomobilin texniki vəziyyətinə diqqət yetirməyi, yolboyu qaydalara ciddi riayət etməyi, sürücülərlə yanaşı sərnişinlərin də təhlükəsizlik kəmərlərini bağlamalarını, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyi tövsiyə edir”, – müraciətdə qeyd edilib.