Sərhəddə atışma: Paşinyanın kəndlərlə bağlı planı ortaya çıxdı
Ermənistanın sərhəddə atəşkəsi mütəmadi olaraq pozması erməni mediasında Paşinyanın alibi qazanmaq planı kimi təqdim edilir.
“168.am” saytı Nikol Paşinyanın Tavuşa səfərini və anklav olmayan 4 kəndin (Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) qaytarılması haqda dediklərini xatırladıb.
“Paşinyan bildirmişdi ki, kəndlər qaytarılmasa müharibə olacaq. Kəndlərdə yaşayan əhali buna müqavimət göstərir. Lakin ordu, xüsusilə bu istiqamətdə yerləşən 3-cü korpus olmasa, kənd camaatı heç nə edə bilməz. Bunun fonunda orduya atəş açmamaq, geri çəkilmək haqda götərsiş verildiyi barədə xəbərlər yayıldı.
Paşinyanın ailəsinə məxsus “armtimes” saytı isə “atışmama xəbəri” başlığı ilə dərc etdiyi məqalədə bunun yalan olduğunu yazır. Paşinyana məxsus “Haykakan jamanak” qəzeti 3-cü ordu korpusundakı mənbələrə istinadən bildirir ki, “atəş açılmaması, geri çəkilmək, müqavimət göstərməmək xəbərləri yalandır, silahlı qüvvələr Ermənustanın suveren ərazilərini qorumaq tapşırığını yerinə yetirir”.
Bəllidir ki, Paşinyan özünə alibi yaradır və hadisələrin mümkün inkişafında 3-cü ordu korpusunun rəhbərliyini ittiham altında saxlayacaq. Bununla bağlı təcrübə də var. 2020-ci ilin 11 noyabrında “Haykakan jamanak” həmin vaxt baş qərargah rəisi olan Onik Qasparyanla əlaqə saxlamış, onun açıqlamasını dərc etmişdi. Qasparyan bildirirdi ki, “baş nazir təslim olmaqla bağlı qərarı mənim tövsiyəm əsasında verib. Bu qərar həddindən artıq zəruri idi, hamımız üçün vəziyyətin acı, lakin obyektiv qiymətləndirməsi idi”. Daha sonra baş nazir məsuliyyəti Onik Qasparyanın üzərinə yıxdı”, – sayt yazır.