Sərdar Cəlaloğlu ilə deputat arasında qalmaqal: “Səfehliyini nəzərə alaraq…”
“Qədim Romada qulağında halqa gəzdirən bir dəstə adam vardı. Bunlar danışdıqları sözə görə məsuliyyətə cəlb olunmurdular. Çünki cəmiyyət bu şəxsləri səfeh olaraq qəbul edirdi və onların kiməsə qarşı davranışları və söylədikləri hüquqi mübahisə doğurmurdu. Azərbaycanda bu kateqoriyadan adam obrazı barədə düşünərkən ilk öncə ağlıma gələn Sərdar Cəlaloğlu kimliyi olur».
Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.
F.Mustafa bildirib ki, Sərdar Cəlaloğlu elmdən anlayışı olmadığı halda Nobel mükafatı alacağına özü ağılda olanları bir müddət inandırmağa çalışıb: “Sonra da ərəbcə elementar bilgisi olmadığı halda Qurana ən azı 30 cildlik təfsir yazdığını dilə gətirdi və özü ağılda olanları buna da inandırmaq üçün var-gəl etdi. İndi də açıqlama verib ki, bəs Fazil Mustafanın rəhbərlik etdiyi partiyanın mövcud olmasına nə ehtiyac var və təklif edib ki, biz də Yeni Azərbaycan partiyasına birləşək. Əlbəttə, mən başqa partiyaya belə bir tövsiyə verənin səfehliyini nəzərə alaraq bu mövzu üzərində durmayacağam. Sadəcə bir məqama diqqət çəkmək istəyirəm ki, mənim və rəhbərlik etdiyim partiyanın mövcudluğu bu cür səfehlərin siyasət sferasında yer alaraq cəmiyyəti aldatmasının, düşüncə sistemimizə daşıdığı qeyri-elmi və mənasız mülahizələrin boy atmasının qarşısını almaq üçün çox vacibdir. Çünki bura Roma olsaydı, bu tipləri çox rahat seçib-ayırmaq olardı. Ancaq Şeyx Nəsrullahın ölü diriltdiyi yeganə məmləkət olduğumuza görə bu kimi qaragüruhçulara və milli səfehlərə qarşı mübarizə missiyanı ölkənin sağlam gələcəyini düşünənlər hökmən öz üzərinə götürməlidir».