Şəkər xəstələrinə şad xəbər – Dərmanın istehsalı başlayır

Baxılıb:59
Şəkər xəstələrinə şad xəbər – Dərmanın istehsalı başlayır

Rusiya şirkəti Azərbaycanda insulin istehsalına başlayacaq. Bu barədə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov məlumat verib. Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycanda tərəfdaş zavodun bazasında insulin istehsalına başlanılacaq.
Hazırda Azərbaycanda 300 mindən artıq diabet xəstəsi var. Son dörd ildə ikinci tip diabetə tutulanların sayı 224 mindən 291 min nəfərə qalxıb. Azərbaycanda insulin istehsalı üzrə zavodun tikilməsi niyyətini Böyük Britaniya da elan edib, İsrail isə bu dərmanın istehsalı üçün Azərbaycanda zavodun tikintisinə başlayıb.

Keyfiyyət parametrlərinə uyğunluğu yoxlanılır

Səhiyyə Nazirliyindən bildirildi ki, ölkəmizdə dərman istehsal edən zavodların fəaliyyətə başlaması yerli istehsalın inkişafına təkan verərək, dərmanların əhali üçün daha əlçatan olmasına xidmət edəcək.

Nazirliyin Analitik Ekspertiza Mərkəzindən isə bildirildi ki, hər bir dərman vasitəsi ölkə ərazisində istehsalına, idxalına, satışına və istifadəsinə icazə verilmədən öncə “Dərman vasitələrinin, dərman maddələrinin və tibb vasitələrinin dövlət qeydiyyatına alınması, dövlət reyestrinə daxil edilməsi və dövlət reyestrinin aparılması” Qaydalarına uyğun olaraq dövlət qeydiyyatına alınır: “Qeydiyyat zamanı həm sənəd toplusu şəklində, həm də laborator analizlər aparılmaqla dərman vasitəsinin istehsalçının təqdim etdiyi keyfiyyət parametrlərinə uyğunluğu yoxlanılır. Dərman vasitələrinin istehsalında keyfiyyət standartları ilkin olaraq istehsal müəssisəsinin lisenziyalaşdırlması zamanı və fəaliyyət göstərdiyi müddətdə qanunvericiliklə nəzərdə tutulan vaxt aralıqları ilə yoxlama əsasında müəyyən olunur. Həmin yoxlamalar zamanı dərman vasitələrinin istehsal müəssisəsinin Səhiyyə Nazirliyinin Kollegiyasının qərarı ilə təsdiqlənən Etibarlı İstehsalat Təcrübəsinə (ETİ-GMP) dair Tələblərə uyğunluğu müəyyənləşdirilir. Hər bir dərman vasitəsinin istehsalı zamanı onun keyfiyyətli, effektiv və təhlükəsiz olması əsas götürülür”.

İnsulinlər sadəcə qablaşdırılacaq

Respublika Endokrinoloji Mərkəzin direktoru Nərmin İsmayılova isə bildirdi ki, Azərbaycandakı zavodda Rusiyadan gətirilən insulinlər sadəcə qablaşdırılacaq: “Mən həmin şirkətin zavodunda və elmi mərkəzində olmuşam. Orada hər şey standartlara tam uyğundur. Onların insulinləri daha müasir insulinlərdir, əks təsirləri daha azdır, istifadəsi də asandır. Onlar burada yaradacaqları zavodda insulini sıfırdan hazırlamayacaqlar. Orada yalnız qablaşdırılması həyata keçiriləcək. Bu, yerli istehsalın ilkin mərhələsidir. Bu zavod ölkəmizdə bir neçə ildir fəaliyyətdədir. Orada müxtəlif dərman preparatları qablaşdırılır. İnsulin də o cür olacaq. Dərman haqqında olan bütün məlumatlar, onun tərkibi və sair öz dilimizdə yazılacaq. Bir neçə il keçdikdən sonra insulinin orada tam istehsalı da həyata keçirilə bilər”.

Gündəlik dozanın 40 faizi verilir

N.İsmayılova qeyd etdi ki, bu sahədəki ən böyük problem odur ki, hazırda şəkər xəstələrini dərmanla tam təmin edə bilmirlər: “Azərbaycanda insulin şəkər xəstələrinin bir qisminə dövlət hesabına verilir. Yalnız 18 yaşına qədər uşaqlar insulinlə tam təmin edilirlər. Daha yaxşı olar ki, təminat tam olsun. Bununla bağlı müraciət də ünvanlamışıq. Qeyd etmişik ki, ikinci tip xəstələr 60, birinci tip xəstələr 80 faiz dərmanla təmin edilməlidirlər. Düşünürük ki, gələn ilin əvvəlinə bu məsələ həll olunacaq. Ölkədə qablaşdırılacaq insulinlərin qiyməti daha ucuz olduğundan buna maliyyə imkanı da olacaq”.

Xammalı etibarlı olmalıdır

Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynlinin fikrincə, ölkəmizdə insulin qıtlığı olduğu üçün istehsala ehtiyac var: “Şəkər xəstələri üçün insulinin və digər diabetik preparatların istehsalına sərmayə, investisiya yatırılmasını ölkəmiz üçün çox müsbət bir hal kimi dəyərləndirmək lazımdır. Hansı ölkələrdə ki dərman preparatları istehsal olunmur, orada tələbatda qıtlıq yaranır. Eyni zamanda, qiymət də baha olur. İstehsal etmək idxaldan daha uğurludur. Dərman qıtlığının aradan qaldırılmasında istehsalın xüsusi rolu var”.

İ.Hüseynli istehsal olunacaq insulinin keyfiyyətindən də danışdı: “Keyfiyyətdə istehsal prosesi, texnologiyaların yeniliyi əsas götürülməlidir. İnsulinin əldə edildiyi xammal da kifayət qədər etibarlı olmalıdır ki, keyfiyyət baxımından bütün standartlara cavab versin”.
Ekspertin sözlərinə görə, yeni zavodda digər dərman preparatlarının da istehsal edilməsi səhiyyəmiz üçün uğurlu olar: “Bu sahədəki ən uğurlu addım istehsal şirkətlərinin, zavodların sayını artırmaqdır. Sürətlə istehsal prosesinə başlanılmalıdır. Elə texnologiya qurulmalıdır ki, orada yalnız insulin deyil, digər həyati əhəmiyyətli dərman preparatları da istehsal olunsun. Bununla şəkər əleyhinə olan dərman preparatları ilə bağlı problemləri aradan qaldıra bilərik”.

İnsulin istehsalını həyata keçirəcək şirkətindən sorğumuza cavab olaraq bildirildi ki, Azərbaycanda istehsal olunan məhsulların keyfiyyət beynəlxalq standartlara tam uyğun olacaq.


Abunəlik