Səhiyyə Nazirliyinin səlahiyyətləri TƏBİB-ə verilir

Baxılıb:177
Səhiyyə Nazirliyinin səlahiyyətləri TƏBİB-ə verilir

Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinə (TƏBİB) yeni səlahiyyətlər verilir.  

Aztimes.az xəbər verir ki, Bu barədə Oxu.Az Milli Məclisdən məlumat əldə edib.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər təklif olunur.

Dəyişikliyə əsasən, tibb müəssisəsi tərəfindən doğum haqqında məlumatın TƏBİB-ə dərhal ötürülməməsinə görə cərimə nəzərdə tutulur. Düzgün olmayan məlumatın ötürülməsi də inzibati xəta yaradacaq.

Bildirilir ki, bu qanunsuzluğu edən vəzifəli şəxslər 150 manatdan 300 manatadək məbləğdə cərimə ediləcək.

Digər dəyişikliklə qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında qanunvericiliyin pozulmasına görə TƏBİB-ə məlumat verməyənlər cərimələnəcək.

Bunun üçün fiziki şəxslər 40 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər əlli manatdan altmış beş manatadək məbləğdə, hüquqi şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə ediləcək.

Bu zamana qədər də eyni cəzalar var idi, lakin səlahiyyət Səhiyyə Nazirliyində idi. 

Layihə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə hazırlanıb.

Layihədə yazılıb ki, bu Fərmanın 4-cü hissəsinə əsasən TƏBİB fəaliyyətinin təmin edilməsi ilə bağlı müvafiq normativ hüquqi aktların hazırlanması zərurəti yaranıb.

TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirməsini nəzərə alaraq TƏBİB-in səlahiyyətlərinin həyata keçirilməsini təmin etmək üçün müvafiq layihənin qəbul edilməsi təklif olunur.

Layihə Milli Məclisin Səhiyyə komitəsinin aprelin 8-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.


Abunəlik