Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olanlara 100 ev verildi
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mənzil İnşaatı Dövlət Agentliyinin Hövsan Yaşayış Kompleksində, eləcə də Abşeron, Şəmkir, Qazax, Gədəbəy, Tovuz, Ucar, Yevlax, Yardımlı, Balakən, Qax, Beyləqan, Sabirabad, Saatlı, Şəki, Tərtər rayonlarında 100 mənzil və fərdi evi şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edib.
Bununla da, 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilmiş evlərin sayı 4 760-a çatıb.
Bunun 260-ı bu il verilib. Ümumilikdə isə ötən dövrdə 13 560 mənzil və fərdi ev təqdim olunub.
Mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev və Nazirlik yanında İctimai Şuranın sədri Elşad Məmmədov iştirak ediblər. A.Əliyev Ulu Öndərin ölkəmizdə sosial müdafiə sisteminin qurulması və inkişaf etdirilməsi sahəsində göstərdiyi mühüm xidmətləri diqqətə çatdırıb. O, qeyd edib ki, şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olanların mənzil və fərdi evlərlə təminatı proqramına Heydər Əliyevin tapşırığı ilə ötən əsrin 90-cı illərində başlanılıb və bu illər ərzində uğurla davam etdirilib.
Nazir müavininin sözlərinə görə, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı geniş sosial dəstək paketi icra olunur. Bu dəstək paketi çərçivəsində mənzil/fərdi evlə təminat proqramı 5 dəfə genişləndirilib. 2021-ci ilin əvvəlindən Vətən müharibəsi şəhidlərinin ailələri və həmin müharibə ilə əlaqədar əlilliyi olanlar da mənzillə təmin olunur. Dövlət başçısının tapşırığına əsasən, 2023-cü ildə azı 1 500 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara veriləcək.
Yeni mənzil və fərdi evlərlə təmin edilən vətəndaşlar daim dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.