“Səfirliklər ləğv edilsin, hərbi xərclər artırılsın” – 2021-ci ilin büdcəsi nəyə xərclənəcək?
2020-ci ilin dövlət büdcəsi layihəsində gəlir 24 milyard 134 milyon 500,0 min manat, xərcləri isə 26 milyard 894 milyon 700,0 min manat təsdiq edilmişdi.
Bu il isə ölkədə pandemiya və Qarabağda gedən müharibə növbəti ildə, 2021-də büdcə xərclərində bir sıra zəruri dəyişikliklərə səbəb olacaq.
Maraqlıdır, 2021-ci ilin dövlət büdcəsi 2020-ci ildən nə ilə fərqlənəcək?
Maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Cebhe.info-ya açıqlamasında deyib ki, növbəti ilin büdcəsində kəsir artsa da, bu, problem yaratmayacaq:
“Əslində büdcə layihəsi açıqlanmalı və müzakirələrə başlanılmalı idi. Güman edirəm ki, bu, Qarabağ müharibəsi ilə bağlı gecikir. Böyük ehtimalla büdcədə yenə kəsir olacaq. Amma bu, elə də ciddi problem deyil. Həmin kəsirləri Dövlət Neft Fondunun valyuta ehtiyatları hesabına kompensasiya etmək olar. Əlbəttə ki, 2021-ci ilin əsas işlərindən biri infrastruktur layihələri olmalıdır. Söhbət bizim azad olunmuş ərazilərimizdən gedir. Yəni dövlət başçısı da dəfələrlə bəyan edilib ki, işğalda olan zaman Azərbaycan şəhərləri, kəndləri ermənilər tərəfindən yerlə yeksan edilib. Orada dağıdılmayan bina yoxdur. Buna görə də əlbəttə, tikinti, yol çəkilişləri, işıq, qaz, su xətlərinin çəkilməsi dövlət büdcəsi üçün əlavə xərc deməkdir. Digər tərəfdən, nə qədər təəccüblü olsa da, hərbi xərclərimizdə artım olacaq. Çünki işğaldan azad olunan ərazilərimizi də hərbi cəhətdən möhkəmləndirməliyik”.
Ekspert bildirib ki, xüsusilə də Ermənistanla sərhədlərin müdafiəsi gücləndirilməlidir:
“Heç kim fikirləşməsin ki, məsələ bitib. Bu, yaxın zamanlarda növbəti müharibənin olacağı anlamına gəlməsin. Ermənilər görsə ki, biz yenə də hərbi cəhətdən möhkəmlənirik, bu, özü kifayətdir. Hesab edirəm ki, 2021-ci ilin əsas büdcə xərcləri bu olacaq”.
Ə.Həsənov büdcə xərclərini azaltmaq üçün təkliflərlə çıxış edib:
“Amma həmin xərcləri eyni zamanda digər xərclərin azaldılması hesabına da kompensasiya etmək olar. Məsələn, hər il təxminən yarım milyard xaricdəki səfirliklərimizə pul xərclənir. Müxtəlif tədbirlərə pul sərf olunur. Aydın məsələdir ki, pandemiya dövründə beynəlxalq tədbirlər çox olmayacaq. Təklif edirəm ki, xaricdəki səfirliklərin, işçilərin sayını azaltmaq lazımdır. Çünki bu qədər səfirliyə ehtiyac yoxdur. Qarabağ müharibəsi də göstərdi ki, 60-dan çox ölkədə səfirliyə ehtiyac yoxdur. Əsas ölkələrdə olması kifayətdir. İsraildə səfirliyimiz yoxdur, amma bizə köməyi dəyir. Yəni biz çalışmalıyıq ki, büdcə xərclərimizi optimallaşdıraq. Lazımsız, zəruri ehtiyac olmayan yerə pul xərclənməsin. Bakında çox sayda infrastruktur layihələrinə artıq ehtiyac yoxdur. Hamısını işğaldan azad olunmuş ərazilərə yönəltmək lazımdır. Bütün hallarda büdcə kəsiri arta bilər, amma bunu da Neft Fondunun valyutası hesabına ödəmək mümkündür. Digər tərəfdən, görünən odur ki, pandemiya bu il də bitməyəcək. Bu isə o deməkdir ki, dövlətin növbəti il üçün də sosial yükü azalmayacaq”.