“Sədərək” və “Binə” ilə bağlı vacib AÇIQLAMA
Xəbər verdiyimiz kimi Azərbaycanda daha 391 nəfər koronavirusa yoluxub, 504 nəfər sağalıb. 9 nəfər isə vəfat edib. Yoluxmaların sayı azalma dinamikası ilə davam edərsə, gələn həftədən iri ticarət mərkəzlərinin fəaliyyətinə müəyyən qaydalara əməl etməklə icazə verilə bilərmi?
AzTimes.az xəbər verir ki, bununla bağlı konkret.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, dünyada artıq karantin rejimi ilə bağlı yumşalmalar gedir: “Bu yumşalmanın başlıca səbəbi insanların qaydalara tam əməl etməsidir. Bəzi ölkələrdə artıq ticarət mərkəzlərinin fəaliyyətinə yenidən icazə verilir. Bu da insanların qaydalara əməl etməsindən irəli gəlir. İnsanlar dərk edir ki, bu xəstəlik var və təhlükəlidir. Ona görə də qoyulan qaydalara əməl etmək lazımdır. Qoruyucu tibbi maskalardan istifadə etmək və növbədə dayandıqda sosial məsafəni qorumaq lazımdır. Ticarət mərkəzləri elə bir yerdir ki, müəyyən qədər kütlə toplaşır. İnsanlar alış-veriş edən zaman təmasda olurlar. Bu məsələdə qaydalara diqqətlə yanaşmaq lazımdır. Qaydalara tam əməl edilərək iri ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilə bilər. Son günlər yoluxmaların sayı azalır, sağalanların sayı isə artır. Bu, çox müsbət bir haldır. İnanıram ki, yaxın günlərdə iri ticarət mərkəzləri yenidən fəaliyyətə başlayacaq. İnsanlarımız qoyulan qaydalara mütləq şəkildə riayət etməlidir”.