Rusun 12+32 “dişi”…-Jalə Mütəllimova yazır

Baxılıb:447
Rusun 12+32 “dişi”…-Jalə Mütəllimova yazır

Tovuz və Belarusdakı qəribə eynilik…

Rusiyanın keçmiş SSRI respublikalarındakı bütün oyunlarının arxasında iki məqsəd dayanır:

Birincisi, postsovet ölkələrini Qərblə bölüşmək istəmir.

Ikincisi, bu ölkələrdə onun maraqlarına uymayan dövlət başçıları var. Rusiya, o dövlətləri, “sərfəsiz” liderlərdən “təmizləmək” istəyir.

Sual oluna bilər, o sırada Azərbaycan da varmı? Cavab, istisna deyil!

Rusiya Qafqazda lider Azərbaycanı qəbul edə bilmir. Bölgəyə dair mühim qərarları onunla razılaşdırmaq istəmir. Indiki siyasi rəhbərliklə bu mümkünsüzdür. Çünki Qafqaz regionundan keçən, dünya əhəmiyyətli, demək olar bütün layihələrdə Azərbaycanın rolu və payı var. Bu təkcə çoğrafi məkana bağlı məsələ deyil. Sözügedən layihələrdə Azərbaycanın həm də ciddi sərmayə payı mövcuddur. Tovuzda başlayan hərbi əməliyyatların bir ucu da məhz bu layihələrə dirənirdi.


…Dönək Belarusa. Prezident seçkisinə qədərki Belarus və Prezident Lukaşenko, Rusiya marağına uyğun olmayanlardandır. Çünki rusların bütün mövqelərinə Belarusdan, əsasən etiraz edilir, tənqid, bəzən təhqirlər də eşidilirdi.


Bu gün silahlandırdığı Ermənistan isə, tam Rusiya marağında olan postsovet dövləti formatıdır. Zatən öz təşəbbüsləri ilə müsəlman-türk torpaqlarında yaratdıqları qondarma dövlətdir. Rusiya Qafqazın liderinə, Azərbaycana, təzyiq məqsədi ilə əsirlərdir bu “dövləti” əl altında saxlayır.

Qaldı ona ki, Ermənistana daşınan silahlar hava xəritəsi ilə Azərbaycana dost, postsovet ölkələrinin səmasından keçib. Niyə bizə dost olanlar hansısa formada reaksiya verməyib? Sirr deyil, onlar Rusiya qarşısında söz demək üçün Azərbaycan qədər iradəyə və iç siyasi rahatlığa sahib deyil. Onların bəzisinin rəhbərliyi, bəzisinin vətəndaş sayına görə statistik göstəricisində Rusiya mövqelilər və milli saya görə ruslar üstünlük təşkil edir. O üzdən etiraz və ya yük yoxlama xarakterli hərəkətlər etmək kimi lyuksları, birmənalı şəkildə yoxdur.

Irana gəlincə, o ölkə də ki, azərbaycanlılar yaşayan vilayətlər seçkiyə getməyəndə, yetərsay olmur. O ölkə ki, addımbaşı Qərbin presinqi, sanksiyaları ilə üz-üzədir. Onun Rusiyaya hava yolu verməməsi mümkün deyil. Iki gücə, Rusiya və Qərbə, eyni vaxtda qarşı duracaq qədər gücə sahib deyil Iran.

Yeri gəlmişkəm, bu günlərdə, “tarixi Artsaxdan” danışan baş nazir N.Paşenyan, BBC efirində aparıcı tərəfindən ciddi təpki görüb. Çoxu müəllifə təşəkkür etdi. Əslində buna ehtiyac yox idi. Əvvəla peşə etikası idi, müstəqil aparıcı bunu etməyə borcludur. Ikincisi, Amerika marağına işləyən BBC-nin əməkdaşı çoxunun düşündüyü qədər müstəqil ola bilməz.

Daha bir vacib məqam. Rusiyaya keçmiş SSRI bərpası işində dəstək olan bütün cinahlar “vurulur”. Bu cinahlardan birində duranlar, ermənilərdir. Bu səbəbdən demək olar ki, Qərbin xəbər tribunalarından biri olan BBC-nin Azərbaycana yox, öz maraqlarına görə atdığı addım idi efirdə Paşenyana olan münasibət.

Təbii ki, bu Azərbaycan üçün sərfəli Qərb jesti sayılır. Ayrıca Dağlıq Qarabağ məsələsində, Azərbaycan mövqeyini qəbul etməyin dolayısıyla da olsa, göstəricisi hesab oluna bilər.

Bununla Qərb, Azərbaycana qarşı istifadə olunduğu istisna edilməyən, Rusiyadan ermənilərə daşınan hərbi “hədiyyələrə”, soyuq müharibə silahı, sözlə, cavab vermiş oldu.

Yeri gəlmişkən, bundan nə Azərbaycanın, nə də onun siyasi elitasının ayrı-ayrı simalarının başı gicəllənməməlidir.

Bu epizodun açması təxminən belədir: Rusiya Ermənistana dəstək verdiyi, Qarabağ münaqişəsinin həllində ciddi maneələr yaratdığı müddətcə, ABŞ da, Azərbaycanda Rusiyaya sərf etməyən, indiki siyasi hakimiyyətə dəstək olacaq.


Gələk, Belarusda 32 rusiyalı olayına. Amma burada da bir epizodu xatırlamaq vacib şərtdir.

Az əvvəl Azərbaycanın Tovuz rayonunda, Dağlıq Qarabağdan xeyli uzaqda, başladılar ağır hərbi əməliyyatlar təbii ki, kimsənin yadından çıxmayıb. Döyüşlərin çox gərgin məqamında, Ermənistanın siyasi rəhbərliyi on iki Rusiya hərbiçisini qəbul etdi və mükafatlandırdı.

Tovuzda daha çox zərər vuran pilotsuz uçan qurğular idi, yəqin ki, geniş şərhə ehtiyac qalmır. Istisna deyil ki, mükafatlandırılanlar, o qurğuların istifdə olunmasında Rusiyadan gələn mütəxəssislər idi. Nümayişkəranə mükafatlandırıldıqdan sonra əməliyyata buraxıldılar.

Əgər iki dövlət arasında müharibə gedirsə, üçüncü dövlətin prosesə müdaxiləsi varsa, məsələn, pilotu vuruşan tərəflərin birinin dövlət rəhbərindən, rəsmən mükafat alırsa, bu diplomatik mesajlaşmada, həmin dövətin, təltif edənin yanında olmasının təsdiqidir.

…Belarusda qızğın mübasihələr zamanı 32 rusiyalı vətəndaş da Rusiyaya təhvil verildi. Onların ölkəyə təxribat törətmək üçün gəlmələri ehtimal edilir. Ayrıca bəlli pilotlardan başqa bu 32-liyin, Tovuzdakı döyüşlərdə olması da istisna edilmir. Ola bilər tərkib eyni deyildi, amma mərkəz və say eynidir otuz iki. Bunu təbii ki, hadisələrin gedişi və araşdırma prosesi də göstərəcək.

Jalə Mütəllimova AzTimes.az


Abunəlik