Rusiya İrəvanda hakimiyyəti də dəyişəcək… – GƏLİŞMƏ

Baxılıb:141
Rusiya İrəvanda hakimiyyəti də dəyişəcək… – GƏLİŞMƏ

Ermənistanın baş naziri Nikol Paşinyan siyasi karyerasının ən ağır günlərini yaşayır. Qarabağ cəbhəsində düşməni darmadağın edərək, noyabrın 10-da anlaşmaya məcbur edən Azərbaycanın bu uğurundan sonra təcavüzkar ölkəni etirazlar bürüyüb. Ermənilər rüsvayçı məğlubiyyətə görə Nikolun istefasını tələb edirlər. Artıq erməni baş nazirin yaxın zamanlarda istefaya gedəcəyinə, yaxud iqtidardan devriləcəyinə şübhə yeri qalmayıb.

Ermənilərin etirazlarının fonunda əsas gündəmi zəbt edən mövzulardan biri də “Qarabağ klanı” ilə bağlıdır. Bu cinayətkar qruplaşmanın yenidən Ermənistanda hakimiyyətə gəlmək şanslarından söz açılır. Eyni zamanda Paşinyandan sonra hökumət başına keçəcək istər “Qarabağ klanı”, istərsə də iqtidar başına gələcək qüvvələr olsun, onların Qarabağ məğlubiyyətinə şərik olub-olmayacaqları da müzakirələr sırasındadır.

Politoloq Zaur Məmmədov hansı qüvvənin hakimiyyətə gəlməsindən asılı olmayaraq, Paşinyanın imzaladığı sənədi qəbul etmək məcburiyyətində qaldığını söylədi: “Düşünürəm ki, Nikol Paşinyanın hakimiyyətdən getməsi an məsələsidir. Məğlub ordunun, ölkənin lideri mütləq şəkildə iqtidardan getməlidir. Yəqin ki, onun hökumətində yer alanlar yaxın vaxtlarda postlarını tərk edəcəklər. Beləliklə, biz Ermənistanda yeni siyasət dönəminin başlandığını deyə bilərik. Burada təbii ki, Rusiyanın tərəfində olduğu və dəstəklədiyi şəxslərdən birinin hakimiyyətə gəlməsi daha real görünür. ”Qarabağ klanı”nın iqtidara yenidən gələ biləcəyi barədə yaranan suallara gəlincə, onların hakimiyyətə gəlmələri hələ ki real görünmür. Düşünürəm ki, bu fiqur tamamilə gözlənilməyən bir şəxs də ola bilər. Ermənistanda bir çoxları hökumət başına gəlmək istəyəcək. Bu məğlubiyyət artıq Nikol Paşinyan hökumətinin ayağına yazılıb. Amma Serj Sərkisyandan tutmuş Robert Köçəryana qədər iqtidardakıların da burada günahları az deyil. Yeni qüvvələr var ki, orada hakimiyyətə gəlmək istəyirlər. Burada generalları xüsusi qeyd etmək olar.

Eyni zamanda Ermənistanda siyasi partiyalar var ki, fəal şəkildə iqtidara gəlməyə çalışacaqlar. Burada Köçəryan kimilərinin kimi dəstəkləyəcəyi də önəmli olacaq. Amma hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, nəticə eyni olacaq. Bu nəticə də ondan ibarətdir ki, Ermənistan kapitulyasiyaya gedib, Azərbaycan qarşısında artıq diz üstə çöküb. Bu o deməkdir ki, yeni hakimiyyət Paşinyanın imzaladığı sənədi qəbul etməlidir. Düzdür, artıq söz-söhbətlər gəzir ki, yeni hakimiyyət Paşinyanın qəbul etdiyi bu sənədin məsuliyyəti altına girməyəcək, sənəddən imtina edəcək.

Amma hesab edirəm ki, burada Rusiyanın təsir mexanizmləri işə salınacaq. Nəticədə onların manevr imkanları tamamilə dağılacaq. Hazırda Ermənistan cəmiyyəti Qarabağın itirilməsini həzm edə bilmir. Bunun da əsas səbəblərindən biri müxtəlif hakimiyyətlərin uzun illərdir ki, xalqa nağıl oxumaları ilə bağlıdır. Eyni zamanda bu döyüşlərlə bağlı da tamamilə cəfəng fikirlərlə xalqın ümidləndirilməsi idi. Hətta deyirdilər ki, Şuşa belə onlardadır. Amma sonda Şuşanın azad edilməsi xəbəri onlar üçün kifayət qədər sarsıdıcı oldu”.

Politoloq Şəbnəm Həsənova da eyni fikirdədir: “Paşinyanın hakimiyyətinin laxlaması əvvəlcədən görünən bir məsələ idi. İstər müharibə başlamamışdan öncə, istərsə də müharibə dövründə xalqın düçar olduğu bu acınacaqlı vəziyyət buna gətirib çıxarmalı idi. Bu da təbii bir prosesdir. Amma Paşinyanın bu qədər rəzil duruma düşməsi siyasi karyerasının da sonunu gətirəcək. Bu proseslərin onun həbsi ilə nəticələnəcəyini düşünürəm. İstefaya getməklə canını qurtara bilməz. ”Qarabağ klanı”nın hakimiyyətə gəlmə ehtimalları barədə suala gəlincə, öncəliklə qeyd edim ki, bu məğlubiyyətdə onların da payı az deyil. Terror hadisələrində, cinayət əməllərində onların da birbaşa iştirakı var. Başqa dövlətin ərazisində terror qruplaşmaları, separatçı rejim yaratmaq bir cinayətdir. Belə olan məqamda düşünmürəm ki, erməni xalqı “Qarabağ klanı” kimi cinayətkar qrupu, yaxud dünya tərəfindən tanınmayan bir qruplaşmanı iqtidara gətirsin. Çünki bu artıq ikinci dəfə onların sonu demək olar. Düşünürəm ki, Ermənistanda inqilab qaçılmazdır. Artıq kütləvi ixtişaşlar başlayıb və bunun davamlı olacağını düşünürəm. Ola bilər ki, düşmən ölkədə hərbiçilər hakimiyyətə əl qoysunlar. Bu əsas versiyalardan biridir. Ermənistan cəmiyyətinin daxildə və xaricdə ikinci dəfə belə rəzil duruma gedəcəyini düşünmürəm. “Qarabağ klanı” ehtimallar nə qədər aşağı olsa da, iqtidara gəlsələr, ermənilərin ikinci dəfə rəzil duruma düşməsi qaçılmaz olacaq. Ölkədə referendum ola, konstitusiyada hər hansı bir dəyişiklikliyə gedə də bilərlər. Sistem dəyişikliyi də qaçılmaz olacaq. Sonda cənab Prezidentin bir fikrini xüsusilə qeyd etmək istəyirəm. Ali Baş Komandan deyir ki, gəlin hadisələri qabaqlamayaq. Hər bir halda proseslərin gedişini zaman göstərəcək. Müxalifət və ordudan birinin hakimiyyətə əl qoyma şansları bu günkü gündə daha yüksək görünür. İstənilən halda bu iki versiyanı diqqətdən qaçırmaz olmaz”.
“Yeni Müsavat”


Abunəlik