Respublika Veteran Təşkilatında QALMAQAL – Qurumu qoçu dəstəsi işğal edib?

Baxılıb:174
Respublika Veteran Təşkilatında QALMAQAL – Qurumu qoçu dəstəsi işğal edib?

Qarabağ savaşı iştirakçısı kimi Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının(RVT) üzvüyəm. Arabir ora yolum düşür. Yaxın günlərdə Təşkilatın qapısında xüsusi mühafizəçilərin gələnləri ciddi şəkildə yoxlaması məni çaşdırdı. Bütün veteranların sərbəst üz tutmalı olduğu idarə alınmaz qala kimi qorunurdu. Qorunurdu ki, içəridə törədilən möhtəkirlikdən çöldəkilər xəbərsiz olsunlar. Amma. Elə bir nəfəs dərmədənbəlli oldu ki, veteranların bu qalasını general-polkovnik Tofik Ağahüseynovun ailəsi işğal edib.

Tanıdığım veteran təşkilatlarının bu savaşımızdakı işlərini izlədim. QMƏVŞA (Mehdi Mehdiyev), AVMVB (Füzuli Rzaquluyev), Qazilər Birliyi (Asəf Quluyev), “Legion” Hərbi Vətənpərvərlik Klubu (Abuzər Əbilov), Qadın Müharibə Veteranları Birliyi (İradə Abbas) və s. təşkilatlar bu 44 günlük savaşda cəbhə bölgəsində çovudular, döyüşçülərlə birgə göz qırpmadılar, yardımlar daşıdılar, hətta ehtiyat könüllü döyüşçü dəstələri topladılar, əsgərlərlə mənəvi-psixoloji, milli-ideoloji söhbətlər etdilər. Bəs bu Ölkənin ən böyük veteran təşkilatı nə etdi? Dövlətdən hər il 500 min manat maliyyə yardımı alan, 98 yaşlı general-polkovnik Tofik Ağahüseynovun özəlləşdirilmiş kontoru nə etdi? Heç nə. Bəlli oldu ki, onlar buradakı veteranlarımıza döyüş açıblar. Lap elə erməni sayaq. Təşkilatın fəaliyyəti iflic edilib.

Erməniləri yenən 100 minlik ordu bugun-sabah cəmiyyətə dönəcək, veteran olacaq. Onların haqlarının qorunması Dövlət təminatından dolayı həm də veteran təşkilatlarının qayğısı olacaq. Gəlib görəcəklər ki, yüz minlərlə veteranın cəmləşdiyi bu qalanı qoçu dəstəsi işğal edib. Bu halda onlara deməyə sözümüz, üzlərinə baxmağa gözümüz olacaqmı? Ölkənin içində, veteran ocağında gedən davanı durdurmasaq o Vətən fədailərinə nə deyəcəyik? Özünü “Qartal” təhlükəsizlik fırmasının mühafizəçiləri ilə qoruyan cinayətka rqrup nə edəcək? Bəs düşünmürlərmi bu boyda veteran seli onların üstündən tank kimi keçə bilər?
Bu barədə jurnalist araşdırmasına başladıq. RVT-də əslində dərəbəyilik sürəsində hiddətin, konfliktin pik həddi olmasına baxmayaraq olmuşlar barədə Moderator.az, Xəbəral.az, Bizim Yol, Böyükmillət.com vs. saytlarda, internet şəbəkələrdəxəbər janrında verilən ötəri informasiyadan başqa bir tərpəniş izləmədik.

Dəqiqləşdirdik ki, 98 yaşını tamamlamış cənab general polkovnikin gözü görmür, danışa, yeriyə və düşünə bilmir. İdarəçilik qabiliyyətini tam itirib. Bu təşkilatın idarə heyətinin 21 nəfərlik üzvü Tofik Ağahüseynovun davamedici fırıldaqlarına nədən bu qədər biganədirlər? Qanunla əmək yaşını 33 il öncə bitirmiş bir qocanı bu qədər məsuliyyətli postda niyə saxlamalıdılar ki?

Bəlli oldu ki, Nizamnaməyə zidd olaraq, təşkilatın nə plenumu, nə də digər iclasları iki ildir keçirilmir. Qərarlar Rəyasət Heyətində müzakirəyə çıxardılıb səs çoxluğu ilə qəbul edilməli olduğu halda sədrin adı ilə onun etibar etdiyi şayka vəzifə həddini cinayətkar məqsədlərlə aşır, özbaşına qərarlar qəbul edir. Ciddi maliyyə pozuntuları və israfçılıq baş alıb gedir.

Problemin dərinliyində də bu durur. RVT sədri general-polkovnik Tofik Ağahüseynov bu təşkilatla heç bir əlaqəsi olmayan nəvəsi Rüstəm Aslanbəyliyə böyük səlahiyyətlər verib. Bir sözlə, bu “bazarı” ona bağışlayıb. Rüstəm də tapdığı müştərilərlə saxta əməliyyatlar aparıb, külli miqdarda vəsaiti mənimsəyiblər. Rüstəmin yaxın dostu Rena Əsgərbəyli usta və fərasətli qabiliyyətinə görə maliyyə şöbəsinə müdir qoyulub. Yəni, yüz min nəfərdən çox veteranı birləşdirən təşkilatı indi nəvəsi Rüstəm, kürəkəni Natiq və qızı Rena Aslanbəylilər idarə edirlər.

“RVT Təşkilat Şöbəsinin müdiri, polkovnik Nadir İsmayılovun verdiyi məlumata görə, RVT- nin sədri, general-polkovnik Tofik Ağahüseynov qanunsuz əməllərini gizlətmək üçün, cəsarətli kadrları təşkilatdan uzaqlaşdırır, səbəbini istədiyi tərzdə yazmaqdan da çəkinmir. Bunlardan biri də mənəm. Yazmaqda məqsədim aidiyyatı qurumlara günahsız qurbanların səsini çatdırmaqdır.” Yəni işğalçı qrup dərəni yiyəsiz, generalı bəy görmək istəyirlər.

Vətəndaşı çılğınladan o haldır ki, RVT-nin içində talançı dəstənin qruplaşıb meydan sulamasına yol açan sədr T. Ağahüseynov heç vaxt Azərbaycan dilində danışmır. Bu yabançı münasibətdir ki, bu sayaq talançılıq, ləyaqətli üzvlərin işdən qovulması əməliyyatı 44-günlük vətən müharibəsi dövründə də davam etdi. Vətən müharibəsinin qalibiyyətlə başa çatdığı mərhələdə Tofik Ağahüseynov və onun ailə üzvləri Vətən savaşı sürəsində heç bir sosial fəaliyyət sərgiləməyiblər.

Təşkilatın mühafizəsini həmişə ideal səviyyədə görmüşəm. Ancaq, mənə dedilər ki, Rəyasət Heyətin razılığı və müzakirəsi olmadan T. Ağahüseynovun adamları “Qartal” fırması ilə müqavilə bağlayıb, hər ay onlara 2500 manat qanunsuz pul köçürür. (?!)

“Təşkilatın binası ideal səviyyədə təmirli olmasına baxmayaraq, zərurət olmadan 7000 manatlıq müqavilə bağlayıb, pulu mənimsəyirlər.”

“Təşkilatın hüquq şöbəsivar. Amma özbaşına əməliyyatları üçün və müxtəlif təyinatlı yoxlamalar aparmaq adı ilə əlavə hüquqşünaslar cəlb ediblər. Onlara hər ay qanunsuz olaraq2000manat əməkhaqqı, maliyyə sənədlərinin yoxlanılmasına əlavə 5000 manat verilib. Baxmayaraq ki, Nizamnaməyə əsasənbu təşkilatın da belə təftişlər üçün ictimai əsaslarla fəaliyyət göstərən Nəzarət-Təftiş Komissiyası var. Bu cür davranışlar təşkilatın Rəyasət Heyətinin üzvləri ilə heç bir halda razılaşdırılmır.”

“İdarə ən müasir rabitə xidməti ilə təmin olunub.Lakin T. Ağahüseynovun nəvəsi Rüstəm Aslanbəyovun təhriki ilə təşkilatın şöbə müdirlərinin istifadəsində olan səkkiz rəqəmli telefonlar bağlanıb, maliyyə şöbəsinin rəisi Rena Əsgərbəylinin ərindən 8 ədəd Motorollo telefon alınıb, həmin şəxslərin istifadəsinə verilib.Bununla da RVT-nin büdcəsinə hər ay on dəfədən artıq zərər vurulur.”

“İfrat özbaşınalıq onda üzə çıxıb ki, fırıldaqçı dəstənin başçısı heç bir əsası olmadan təşkilatın maliyyə şöbəsinin müdiri Rena Əsgərbəyliyə və RVT sədrinin şəxsi sürücüsünə əmək haqqına əlavə olaraq hər ay 500manat verilir. (?!!!)

İçində 10-15 manatlıq köhnəlmiş və satılmayan ərzaq olan bağlama düzəldib 5-6 nəfərə paylandığı halda, sənədlərdə 245 nəfər veterana verildiyi göstərilib.”

RVT-dən etibarlı mənbə danışır ki: “Texniki təchizat yetərli olduğu halda əlavə bahalı aparaturaların alınması təşkilatın maliyyə büdcəsini qəsdən tükətməyə yönəlib.” Təki pul dağıdılsın, mənimsənilsin, ehtiyacı olan veteran əlillərə, cəbhədə döyüşənlərə, milli-ideoloji törənlərin qurulmasına imkan olmasın.

Elə bu qədər fakt yetir ki, Təşkilatın Nizamnaməsi əsasında Rəyasət Heyətinin üzvlərinin ümumi yığıncağı ilə qərar qəbul edilsin. Lakin mənəm-mənəmlik o həddədir ki, son iki ildə heç bir iclas keçirilməyib, sədr Tofik Ağahüseynov Rəyasət Heyətinin “xoşagəlməyən” üzvlərini üzvlükdən çıxarıb, Nizamnaməyə zidd qərarlar qəbul edib. Ta bunun başqa nə adı ola bilər ki?

Bütün bunları nəzərə alaraq, təşkilatın Rəyasət Heyətinin təcili iclası keçirilməli, ədalətli qərar qəbul edilməli,göstərilən bu faktlara əsasən təşkilatda yaranmiş acınacaqlı vəziyyətə, özbaşınalığa, qanunsuzluğa son qoyulmalıdır.General T. Ağahüseynovun işlədiyi dövrü hesablama palatası yoxlamalı, mənimsəmə və israf etmə faktları ortaya qoyulmalıdır. O cümlədən, aid olan hüquq mühafizə orqanları, prezident aparatının uyğun idarələri bu problemə müdaxilə etməlidir. Əks halda…

Qoca və xəstə sədrin idarəçilik bacarığını itirməsi, bu fürsətdən istifadə edən yaxın qohumlarınındövlətin ayırdığı yarım milyon manatı talan etmələrişərəfli veteran adına, fəaliyyətinə böyük zərbə vurub. Bu fürsəti duyan başqa güclər hərəkətə keçiblər.

Onlar seçkili vəzifədə olan sədr müavini Cəlil Xəlilovu Rəyasət Heyətinin razılığı olmadan işdən kənarlaşdırmışdılar. Yalnız Prezident Aparatı işə qarışdıqdan sonra işinə bərpa edilib.
Cənab sədrin RVT-ni qeyri-qanuni idarə edən nəvəsi Rüstəmin məqsədi Cəlil Xəlilovu çıxarıb, onun yerinə ordudan qovulmuş Mamed Beydullayevi təyin etməkdir. Burada onların aşkar şəxsi maraqları görünməkdədir. Eyni məqsədlə onlar təşkilat şöbəsinin müdiri Nadir İsmayılovu və təşkilatın 10-dan yuxarı əməkdaşını qanunsuz olaraq işdən qovmuş, hazırda gənc mütəxəssis, qəzetin redaktoru Ülvi İbrahimlini yoxlatdırmaqla onu çıxarmaq istəyindədirlər.

Böyükmillət.com saytı “Generallar Müharibə, Əmək və Silahlı qüvvələr veteranları təşkilatı uğrunda savaşa çıxıblar…” adlı araşdırmanı manşetə qoyub. Sayt yazır: “… dövlət müəssisələrində çalışanlar üçün “65 yaş” Damokl qılıncına çevrilib və müəllimlərə, həkimlərə, digər peşə sahiblərinə bu yaşa çatdıqları gün mədəni şəkildə qapını göstərirlər. Belə izah edirlər ki, insan bu yaşdan sonra daha səmərəli işləyə bilmir, …təqaüdə göndərilməsi zəruridir. Amma … Azərbaycan Müharibə, Əmək və Silahlı qüvvələr veteranları təşkilatının sədri, faydalı iş əmsalı sıfırın ətrafında cərəyan edən, 98 yaşı olan general-polkovnik Tofik Ağahüseynov hələ də həmin təşkilatın rəhbərliyindən imtina etmək fikrində deyil.

Təşkilat sədrinin yaşının çox olması və idarəetmədə yaranan boşluqlar səbəbindən bəzi bəlli qüvvələr özünəməxsus şəkildə intriqalar yaradaraq təşkilatın işgüzar nüfuzuna zərbə vurmağa çalışırlar. Artıq iş o həddə çatıb ki, bir vaxtlar Müdafiə Nazirliyinin kadr siyasətini bərbad günə qoyan, sonradan ölkə rəhbərliyi tərəfindən ordudan uzaqlaşdırılan bir neçə şəxs müxtəlif yollarla bu təşkilatda özlərini yenidən “sınamaq” üçün aktiv hərəkətə keçiblər. Bu azmış kimi, bəzi güc strukturlarındakı “pensioner general”-ların da yenidən kreslo ehtirasları baş qaldırıb. İddiaçıların kimliyi və hansı yollarla təşkilatı ələ keçirməyə cəhd etmələri barədə məlumatlı olsaq da hələlik bu təşəbbüslər saman altdan yeridildiyindən susmağa üstünlük vermişik. Eyni zamanda müvafiq strukturlar tərəfindən ən yüksək səviyyədə bu məsələdə prinsipiallıq gostərildiyinə görə, bir az gərginlik səngiyib. Amma, bu “atəşkəs” çoxmu çəkəcək? Bu sual təşkilatda çoxlarını həm düşündürür və ciddi narahat edir.”

Beynəlxalq İnsan Haqları Komitəsinin (Humanrights) Azərbaycan üzrə direktor müavini, politoloq Elçin Axundzadə Bizimyol.info-ya verdiyi açıqlamada deyir: “…Məndə olan məlumata görə keçmiş müdafiə naziri Səfər Əbiyev tez-tez o təşkilata qonaq gedir. Deyilənə görə, Səfər Əbiyev orda sədr vəzifəsinə gəlmək istəyir, müavin olaraq da Azərbaycan Silahlı Qüvvələrinin Baş İnspeksiyasının keçmiş rəisi, general-mayor Məmməd Beydullayev nəzərdə tutulub. Bir müddət öncə, Məmməd Beydullayev seçilib eləmədən gəlib oturub orda kabinetdə, bir neçə gün, qalmaqal çıxıb. Sonra biabırçı vəziyyətdə qovalanıb. Məmməd Beydullayevin, Səfər Əbiyevin ordumuzun başına açdığı oyunları hamı bilir. Nə qədər rüşvətə qurşanmayan zabitimizin ordudan qovulmasına səbəb olublar.”

“Bu gün ordumuz böyük qələbələrlə dünyaya səs salır, xaricdə və daxildəki düşmənlərimiz yəqin ki, bu qələbəyə, bu zəfərə, Prezident – xalq birliyinə qısqanclıqla yanaşırlar. Dövlət başçısı onsuz da gecə-gündüz çalışır. Bu məmurlar isə ondan nümunə götürmürlər! Belə bir dövrdə aktuallığını yenidən qazanmış bir təşkilatın başında 98 yaşlı qocanın oturması və onun təşkilatın əməkdaşlarını narazı salması xoş niyyətlərə xidmət etmir. Siz düşünün”,- deyə Elçin Axundzadə bildirib.

Doğrunu bilmək problemin yarısıdır. Yarısı isə döyüşlər görmüş veteranların “şərə yox!” deməsi ilə həll oluna bilər.

Əlisafa Mehdi,
Qarabağ qazisi, jurnalist,
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvü
 //miq.az//


Abunəlik