Reklam Agentliyi nəyin qarşılığında bu qanunsuzluqlara göz yumur? – Dilimizə dil uzadanlar…

Baxılıb:387
Reklam Agentliyi nəyin qarşılığında bu qanunsuzluqlara göz yumur? – Dilimizə dil uzadanlar…

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov 2018- ci ildə qəbul edilmiş “Reklam haqqında” Qanunun işləmədiyini bildirib. Millət vəkili qeyd edib ki, hesablamalara görə, reklamdan 250-300 milyon vəsait dövlət büdcəsinə daxil olmalı idi. Ancaq indiyə kimi bundan 5 dəfə az vəsait dövlət büdcəsinə daxil olub. V. Əhmədov deyib ki, qanunun həyata keçirilməsiylə bağlı ciddi problem var.

Deputat reklamlarda Azərbaycan dili normalarının qorunmadığna da diqqət çəkib: “Mənə 20-dən çox ziyalı müraciət edib. Bildirirlər ki, ölkədə Azərbaycan dilindən başqa bütün dillərdə reklam var. Dövlət dili ilə bağlı məsələ həll edilmir. Təklif edirəm ki, həmin agentliklə birgə dinləmələr keçirilsin”.

Beləliklə, Vahid Əhmədov bu sahədə iki vacib problemi qaldırıb: reklam sahəsəindən gözlənilən gəlirlərin kəskin az olması və dövlət dilinə hörmətsizliyin tendensiyaya çevrilməsi. Bunlar nədən qaynaqlanır?

İqtisadçı ekspert Toğrul Maşallı “AzPolitika.info”-ya şərhində bildirib ki, Azərbaycanda reklam bazarı spesfikdir və onun tənzimlənməsi də spesfik yanaşma tələb edir. Ekspert xatırladıb ki, Dövlət Reklam Agentliyi publik hüquqi şəxs olduğuna görə, onun dövlət büdcəsinə aidiyyatı yoxdur. Yəni özü-özünü maliyyələşdirir.

İqtisadçı qeyd edib ki, açıqlanan rəqmlər əslində büdcə proqnozu deyil, hesablamadır. O, bazarın xarakterik problemlərinə diqqət çəkib: “Reklam bazarının böyük bir hissəsi qeyri – leqaldır. Burada münasibətlərin, taariflərin, qiymətlərin tənzimlənməsi subyektivdir. Çox zaman bu sektorda fəaliyyət göstərən şirkətlər vasitəçi xidmətləri təklif edirlər. Peşəkar reklam xidmətləri azlıq təşkil edir”.

Başqa problemlərə gəlincə, T. Maşallı reklam bazarındakı tendensiyaları önə çəlib: “Məlumdur ki, son vaxtlar reklamlar ənənəvi mediadan – televizya və qəzetlərdən onlayn mediaya, sosial şəbəkələrə yönəlir. Yeni sahələrdə qiymətlər yüksəkdir, amma bunla belə hər hansı tənzimləmələr yoxdur.

Ödənişlər “Facebook”-a və s. şəbəkələrə yönəlir və bu zaman şirkətlərin hesabatlılığı məsələsi qarşımıza gəlir. Əlbəttə, onlar büdcəyə müəyyən vergilər ödəyirlər, amma bunlar reklamdan gələn ödənişlər kimi təqdim olunmur. Əksər hallrda şirkətlər SMM mütəxəssisləri saxlayıb, bu işlə bilavasitə özləri məşğul olurlar. Ona görə də bizdə reklam bazarı olduqca spesfikdir”.

Rusiya bazarından misallar çəkən ekspert qonşu ölkədə ən iri reklam şirkətlərinin totalizatorlar, bukmeykerlər olduğnunu xatırladıb. T. Maşallı onların hər il Azərbaycan bazarından iri maliyyə vəsaitləri çəkdiyini vurğulayır: “Azərbaycanda onların fəaliyyəti qeyri-leqaldır. Buna baxmayaraq, onlar başqa yollarla bzim bazardan çox böyük reklamlar əldə edirlər. Onlarla əməkdaşlıq edən şirkətlərin reklam büdcələri də hesabatdan kənar qalır”.

Ekspertin sözlərinə görə, hazırda Azərbaycanda ən böyük reklam dövriyyəsinin televiziyalara məxsusdur, amma onların təqdim etdikləri məlumatlarla Dövlət Sstatistika Komitəsinin məlumatları fərqlənir.

İqtisadçı Dövlət Reklam Agentliyinin (ADRA) ictimaiyyət qarşısında hesabatlı olmamasına da diqqət çəkib. O qeyd edib ki, qurumun sonuncu dəfə 2018-ci il üçün maliyyə hesabatı var, həmin ildə 12.5 milyon manat gəlirinin olduğunu açıqlayıb.

“Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi”nin sədri Vasif Sadıqlı “AzPolitika.info”-ya deyib ki, Bakı əcnəbi dillər tərəfindən işğal olunub. O, fikirlərini təsdiqləmək üçün konkret misallar çəkib: “Rəsulzadə küçəsində yerləşən 42 ticarət, ictimai iaşə və digər xidmət obyektindən yalnız birinin üzərində obyektin adı və xidmət növü azərbaycanca yazılıb. Nizami küçəsi, Azərbaycan prospektı və ətraf küçələrdə “işğal” səviyyəsi 80-90%, Şərifzadə küçəsində 70%-ə yaxındır. Bu küçələrdən görüntüləri çəkib gələcəyə saxlasaq, kimsə bu ərazinin nəinki hansı şəhər, hətta hansı ölkə olması barədə qərar verə bilməz. Vəziyyət bu qədər acınacaqlıdır”.

V. Sadıqlı daha sonra qeyd edib ki, rəhbərlik etdiyi “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyi son 5 ayda Bakıda ondan artıq küçədə, eləcə də Gəncədə monitorinqlər aparıb: “Dövlət dili haqqında qanuna zidd olan minə yaxın obyektin fotosu çəkilib. Pozuntular barədə Dövlət Dil Komissiyasının sədr müavini, AYB sədri Anar Rzayevə, BŞİH başçısı Eldar Əzizova, 100-ə yaxın millət vəkilinə müraciət etmişik. Problemlə bağlı mətbuatda 70-ə yaxın yazı gedib. Təşəbbüsümüzlə başlanan hərəkat Türkiyədə də rezonans doğurdu. Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə problem Yüksək Məşvərət Məclisində müzakirəyə çıxarıldı”.

Mərkəzin rəhbəri vurğulayıb ki, Azərbaycan dili xalqımızın misilsiz mənəvi sərvəti, milli varlığımızın və dövlət müstəqilliyimizin başlıca rəmzlərindəndir: “Hazırda BMT-də, YUNESKO-da bir sıra hesabatlar qəbul olunur və bəyan edilir ki, milli dillər bütün bəşəriyyətin sərvətidir, onların qorunması istiqamətində tədbirlər görülməlidir”.

Vasif Sadıqlı xatırladıb ki, Azərbaycanda qloballaşma şəraitində ana dilimizi yad təsirlərdən qorumaq üçün yetərli qanunvericilik bazası yaradılıb: “Amma qanuna etina edilmir. 2002-ci ildə qəbul edilmiş dövlət dili haqqında qanunda birmənalı şəkildə deyilir ki, Azərbaycanda ticarət və xidmət obyektlərinin dili Azərbaycan dilidir. Yəni, bura ingiliscə firma və ya brend adı yazmaq qanuna ziddir. Eyni zamanda həmin qanunun 18-ci maddəsinə görə, Azərbaycan dilinin fəaliyyət dairəsinin sıxışdırılması qadağandır. Əgər bir küçədə 42 obyektin hamısının adı ingilis, rus və türkcə yazılıbsa, demək, Azərbaycan dili haqqında qanunun deyilən maddəsi pozulub.

Bakı Şəhər İcra Hakimiyyətində ziyalılarla görüş zamanı Dövlət Reklam Agentliyinin təmsilçiləri bildirdilər ki, əgər bir brendin adı Əqli Mülkiyyət Agentliyində, eyni zamanda bir firmanın adı İqtisadiyyat Nazirliyində ingilis dilində qeydiyyatdan keçirsə, buna irad tuta bilmirlər. Buna görə növbəti görüşə Əqli Mülkiyyət Agentliyi və İqtisadiyyat Nazirliyinin nümayəndələri də qatılmalıdırlar. Fikrimiz bundan ibarətdir ki, ticarət və xidmət obyektlərinin üzərinə brendin və ya firmanın yox, göstərilən xidmətin adı yazılsın”.

“Bu və ya digər obyektdə nəyin satılması və ya hansı xidmətin göstərilməsini bilmək vətəndaşın hüququdur. İngilis dilində yazılmış müxtəlif adlar vətəndaşa bu barədə heç bir informasiya vermir. Bir neçə il əvvəl AMEA Dilçilik İnstitutunun əməkdaşları Bakıda, şəhərin mərkəzi hissəsində ədəbi dil normalarına riayət olunmasının monitorinqini keçirmişdilər.

AMEA-da müzakirə zamanı monitorinq iştirakçılarından biri dedi ki, “Torqovı” adlanan Ticarət küçəsində reklamlarda Azərbaycan dilindən istifadə edilməsi ilə bağlı ciddi pozuntular aşkarlayıblar. Bu barədə müvafiq strukturlara məlumat verilib. Bakı Şəhər İcra Hakimiyyətinin məsul işçisi deyib ki, o obyektlər elə şəxslərə məxsusdur ki, BŞİH onlara təzyiq edə bilməz”-deyə Mərkəzin rəhbəri bildirib.

Vasif Sadıqlı qeyd edib ki, biz faktiki olaraq, linqvistik ekspansiya ilə üz-üzəyik. “Bu, sadəcə, ədəbi dil məsələsi deyil. Sanki kimlərsə bizə qarşı məkrli plan qurub və məqsədi xalqın öz dövləti ilə identikləşmə mexanizmlərini zəiflətməkdir. Hələ 2001-ci ildə Prezidentin verdiyi fərmanda deyilir ki, şəhər və qəsəbələrimizin görkəminə xələl gətirən əcnəbi dilli lövhələr gənc nəslin Azərbaycançılıq ruhunda tərbiyəsinə mənfi, psixoloji təsir göstərir”.

Mərkəzin rəhbəri bunun qarşısını almaq üçün əllərindən gələni edəcəklərini vurğulayıb: “Əgər millət vəkilləri də dövlət dili haqqında qanunvericiliyə əməl olunmasına nail olmasalar, növbəti addım kimi Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdir Fərəh Əliyevaya müraciət etməyi düşünürük. Güman edirik ki, növbəti bir instansiyanın aşılmasına ehtiyac qalmayacaq”.

Professor Qulu Məhərrəmli “AzPolitika.info”-ya şərhində Vahid Əhmədovun narahatlığını bölüşdüyünü açıqlayıb. O, qeyd edib ki, reklamlarda və ya reklam xarakterli materiallarda Azərbaycan dilinin statusu gözlənilmir: “Bu dilə sevgi ifadə olunmur, onun aşağılanması tendensiyası davam etdirilir. Bizdə bəzi sahibkarlara elə gəlir ki, reklamlarının ingilis, rus dilində olması onların ticarət dövriyyəsinin artmasına, işlərinin yaxşı getməsinə səbəb olacaq. Məncə bu yanlış bir təsəvvürdür və 90-cı illərin ortalarında formalaşmış qənaətdir”.

Professor vurğulayıb ki, sözügedən mənfi tendensiya sözdə, kağızda deyil, praktikada Azərbaycan dilinə olan münasibəti göstərir: “Biz bu dilin daşıyıcısıyıq, onu qorumalıyıq, təəssübünü çəkməliyik. Üzeyr Hacıbəyli deyirdi, “Ana dilimiz bizim isbati vücudumuzdur”.

Yəni varlığımızın ifadəsi Ana dilimizdir. Ona görə də dilimizi qorumalıyıq, onun statusuna hörmət etməliyik. Xüsusən, reklam materiallarında. Baxın, Bakı şəhərində, mərkəzi küçəlırdində yerləşən ticarət, iaşə obyektlərində reklamların əksəriyyəti başqa dildədir.

Guya restoranın adını “Restoraunt” qoyanda onun müştərisi çox olur və ya, ticarət mərkəzinə “Afrodita” adı veriləndə onun işləri yaxşı gedir? Bunlar yanlış təsəvvürlərdir və Dövlət Reklam Agentliyi bununla bağlı addımlar atmalıdır”.

Q. Məhərrəmli bir qrup ziyalı ilə bərabər Bakı Şəhər İcra Hakimiyyətinə və Dövlət Reklam Agentliyinə müraciət etdiklərini xatırladıb: “Onlardan müsbət cavab almışıq ki, bu istiqamətdə addımlar atılacaq. Qanun da buna imkan verir ki, biz reklamlarda Azərbaycan dilinin dolğun şəkildə əks olunmasına nail olaq. Bu məsələnin deputat Vahid Əhmədov tərəfindən qaldırılmasını da dəstəkləyirəm və hesab edirəm ki, problem Milli Məclisin iclaslarında geniş müzakirə olunmalıdır”.

Qeyd edək ki, Dövlət Reklam Agentliyi problemə laqeyd yanaşdığından və ya lazımı diqqət yetirmədiyindən, Bakıda və bir çox şəhərlərdə Azərbaycan türkçəsinə qarşı “terror” davam edir. Maraqlıdır , Reklam Agentliyi nəyin qarşılığında bu açıq qanunsuzluğa göz yumur?
AzPolitika.info


Abunəlik