“Regionun inkişafına töhfə vermək əzmindəyəm” – Ramil Göyüşov

Baxılıb:75
“Regionun inkişafına töhfə vermək əzmindəyəm” – Ramil Göyüşov

1 sentyabr 2024-cü il tarixində keçiriləcək parlament seçkiləri, Azərbaycanda vətəndaş cəmiyyətinin siyasi proseslərdə daha fəal iştirakının bir simvoluna çevrilir.
Bu seçkilərdə bir çox QHT rəhbərləri və nümayəndələri öz namizədliklərini irəli sürüb, bu da ölkənin demokratik inkişafında mühüm bir addım kimi qiymətləndirilir. Onlardan biri də 107 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsindən namizədliyini irəli sürmüş tanınmış QHT sədri Ramil Göyüşovdur.
“Qərb-Resurs” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri kimi cəmiyyətin inkişafında uzun illərdir fəaliyyət göstərən Ramil Göyüşov, indi bu təcrübəni qanunverici orqanda davam etdirməyi hədəfləyir. 
QHT.az olaraq, Ramil Göyüşovla olan müsahibəni sizə təqdim edirik. O, bu seçkilərdə iştirak etməsinin əsas səbəblərini, bölgəsinin problemlərini və gələcək planlarını bizimlə bölüşür.

Ramil bəy, parlament seçkilərində  iştirak etməyinizin əsas səbəbi nədir? Nə üçün məhz 107 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi?

2024-cü il Seçkiləri Azərbaycanda
yeni seçki mədəniyyətinin başlanğıc ilidir.
İlk olaraq qeyd etməliyəm ki, Azərbaycanda yeni seçki mədəniyyəti formalaşıb. 2024-cü il seçkiləri bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda bu yeni mədəniyyətin başlanğıcı 2024-cü il fevralın 7-də keçirilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə qoyuldu.

“Qərb-Resurs” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi yaranandan bu yana, Azərbaycan Respublikasında keçirilən bütün seçkiləri müşahidə edib. Bu il keçirilən növbədənkənar prezident seçkilərini isə Qərb regionunda – Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarında müşahidə etdik. Müşahidə zamanı indiyə qədər görünməmiş seçki aktivliyi müşahidə olundu. Belə nəticəyə gəlmək olar ki, həmin rayonlarda seçici hüququ olan bütün vətəndaşlar seçkilərdə yüksək əhval-ruhiyyə ilə iştirak etdilər.

Xüsusilə gənclərin və qadınların fəal iştirakı diqqətəlayiqdir. Bu həssas qrupların seçkidə iştirakı ilə bağlı əvvəlki dövrlərdə həmişə problemlər olub. Nəticələri təhlil etdikdə, bu seçkilərin yeni seçki mədəniyyətini formalaşdırdığını görmək olar.
Parlament seçkiləri marafonunda iki gün içində imza vərəqələrinin yığılması da bu yeni mədəniyyətin bariz nümunəsidir. İnsanlarda seçkidə iştirak etmək üçün yüksək əhval-ruhiyyə vardı. Bu yeni mədəniyyətin formalaşdığını, xüsusən də regionda, tam olaraq hiss etdik.

Bu seçkiyə qatılmaq qərarımın əsas səbəbi:
Bölgəmin problemlərinə bələd olmağım
Bu seçkiyə qatılmaq qərarımın başqa bir səbəbi isə uzun illərdir yaşadığım və fəaliyyət göstərdiyim bölgənin problemlərinə daha yaxından bələd olmağım. Və eyni zamanda hesab edirəm ki, bu problemlərin ən effektiv şəkildə həll yolları da mən tapma bilərəm.
107 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi mənim üçün xüsusi əhəmiyyət kəsb edir, çünki burada yaşayan insanların sosial-iqtisadi inkişafına töhfə vermək istəyirəm. Hər gün gördüyüm insanlar, hər gün gördüyüm problemlər. QHT rəhbəri olaraq illərdir bölgəmizdə həyata keçirdiyim layihələr məni bu istiqamətdə daha çox məsuliyyət hiss etməyə vadar edir.

“Qərb-Resurs” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyini təmsil edirsiniz. Bir QHT lideri olaraq seçkilərdə iştirakınızı hansı kontekstdə təqdim edərdiniz?

Vətəndaş cəmiyyətinin iştirakı
Konstitusiya ilə təmin edilir.
Vətəndaş cəmiyyətinin iştirakı bizim Azərbaycan Respublikası Konstitusiyası tərəfindən təmin edilir. Majoritar sistemdə vətəndaş cəmiyyəti mühüm rol oynayır. Seçdiyimiz dairə, yaşadığımız ərazi ilə bağlıdır və strateji bir mövqedə yerləşir. Ermənistanla sərhəddə olan bu dairə 100 km-dən çox ərazini əhatə edir və üç rayonu əhatə edir. Bu üç rayonun əhalisinin əksəriyyəti Tovuzda yerləşir, burada 25 min seçici var, 15 minə yaxın Qazaxda, 7 mini isə Ağstafada yerləşir. Hal-hazırkı qanunvericiliklə burada müəyyən işlər görmək mümkündür, lakin gələcəkdə yeni qanunvericiliklə daha yaxşı işlər görülə bilər.

Biz təşkilat olaraq da bu regionda
davamlı və uğurlu işlərə imza atmışıq.
Bir çox həyata keçirdiyimiz layihə arasından 2023-cü ildə Yapon istehsalı olan 2 ədəd Mitsubişi Jeep markalı təcili tibbi yardım maşınının ucqar kəndlərə verilməsi layihəsi xüsusi əhəmiyyət kəsb edir. Bu layihə sayəsində bölgənin ucqar kəndlərində yaşayan insanlar təcili tibbi yardım xidmətlərindən daha sürətli və effektiv şəkildə yararlana bilirlər. Bu layihə mənim üçün qürur vericidir, çünki birbaşa olaraq insanların həyatına daxil olub və bu gün də onlara xidmət edir.
Bundan başqa Yaponiyanın maliyyə dəstəyi ilə həyata keçirilən layihələr, xüsusilə suvarma üçün günəş panelləri və müasir tibb məntəqələrinin tikilməsi kimi layihələr, bölgənin infrastrukturunun inkişafına böyük töhfə verib. Gələcəkdə də bu cür beynəlxalq əməkdaşlıqları genişləndirməyi planlaşdırıram, çünki bu, bölgəmiz üçün yeni imkanlar yaradır və davamlı inkişafı təmin edir.

Parlament heç şübhəsiz siyasi mübarizə arenasıdır.  Bu arenada partiya mənsubları ilə yanaşı bitərəflər də təmsil olunur. Siz gələcəkdə siyasi partiyalarda təmsil olunmaq perspektivinizi necə qiymətləndirirsiniz?

Gələcəkdə siyasi partiyalarda təmsilçilik
zamanın göstərəcəyi bir məsələdir.
Platformamıza uyğun olaraq gələcəkdə siyasi partiyalarla işləmək və ya siyasi partiyanın üzvü olmaq mümkündür. Bu, zamandan asılıdır. Hazırda vətəndaş cəmiyyəti daha sərbəst hərəkət etmə imkanı verir və bu səbəbdən indiki dövrdə bu cür  təmsilçiliyə üstünlük veririk. Amma gələcəkdə belə çağırışlar olsa, bu məsələləri nəzərdən keçirə bilərik.

Seçkilərdə qalib gəlsəniz, sərhəd bölgələrində infrastrukturun inkişafı və beynəlxalq əlaqələrin genişləndirilməsi üçün konkret hansı addımları atmağı, hansı təkliflərlə çıxış etməyi planlaşdırırsınız?

Sərhəd bölgələrinin inkişafı üçün ilk növbədə
 infrastrukturu gücləndirmək lazımdır
Sərhəd bölgələrinin inkişafı üçün ilk növbədə infrastrukturun gücləndirilməsi, xüsusilə kənd yollarının təmiri və suvarma sistemlərinin yenidən qurulması ön planda olacaq.
Xüsusən sərhəd kəndləri və Qazaxın qaytarılmış kəndlərində investisiya cəlb etmək və quruculuq işlərinin töhfə vermək üçün təşəbbüslərin artırılması vacibdir. Həmçinin, beynəlxalq əlaqələri genişləndirmək üçün bölgədə yerli və xarici sərmayə cəlb etmək məqsədilə iş adamları ilə görüşlər təşkil etməyi planlaşdırıram. Bu sahədə mütəmadi olaraq dövlət qurumları ilə əməkdaşlıq edərək, regiona daha çox investisiya cəlb etmək niyyətindəyəm.

Kənd təsərrüfatının inkişafı və aztəminatlı ailələrin dəstəklənməsi üçün təklif etdiyiniz konkret proqramlar hansılardır? Bu sahələrdə hansı yenilikləri təklif etmək istəyirsinz?
Kənd təsərrüfatının inkişafı üçün fermerlərə dövlət dəstəyi ilə bağlı təşəbbüslərimiz olacaq, məhsullarını bazara çıxarmaq və ixrac etmək üçün mövcud çətinliklərin aradan qaldırılması istiqamətində təkliflərimzi qeyd edəcəyik. Aztəminatlı ailələrin dəstəklənməsi üçün isə davamlı olaraq xeyriyyə aksiyaları təşkil edilməsi üçün ənənələrin yaradımasındsa çalışacağıq.

Regionda başqa hansı sahələr ilə bağlı təşəbbüslərin yaradılmasına ehtiyac var?
Gənclərin məşğulluq problemlərini həll etmək üçün dəyişiklərə ehtiyac var. Gənclərin məşğulluq problemlərini həll etmək üçün bölgədə innovativ iş imkanlarını genişləndirmək, xüsusilə İT texnologiyalar, bioməhsulların laboratoriyası və yeni onlayn marketinq sistemləri yaratmaq üçün təşəbbüslər edəcəyik. Gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün isə idman və mədəniyyət tədbirləri təşkil edəcəyik, həmçinin, onların paytaxtda həyata keçirilən layihələrdə iştirakı üçün daha çox məlumatlandırlmağa ehtiyacları var.
Əlillər və sağlamlığı məhdud olan insanlar üçün texniki peşə məktəblərində informasiya texnologiyaları üzrə kursların təşkil edilməsi üçün təkliflərlə çıxış edəcəm. Bu sahədə uğurlar qazana bilsək bu, onların cəmiyyətə daha aktiv şəkildə inteqrasiya olunmasına kömək edəcəkdir.

Seçkilərdə qalib gəlsəniz Azərbaycanın beynəlxalq əlaqələri ilə bağlı hansı siyasi kursu dəstəkləyəckiniz?

Prezident İlham Əliyevin
siyasətini dəstəkləyirəm
Mən həm daxili və həm də xarici siyasətlə bağlı Cənab Prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyirəm. Bu siyasətin zərgər dəqiqliyini, gücünü və qüvvətini hər birimiz görürük. Azərbaycan vətəndaşları da bu siyasi xətt, siyasi lider ətrafında sıx birləşiblər. Bu bizim uğurlarımızın ən vacib amilidir.
Bu istiqamətdə mən də   türk dövlətləri ilə əlaqələrin gücləndirilməsi üçün təhsil, mədəniyyət, iqtisadiyyat və texnologiya sahələrində yeni layihələr həyata keçirməyin gücləndirlməsinin tərfadarıyam.
Hesab edirəm bu əməkdaşlıqlar regionumuz üçün yeni imkanlar yaradacaq, xüsusilə iqtisadi və mədəni əlaqələrin genişlənməsinə töhfə verəcək. Biz birlikdə çalışaraq daha güclü bir region yarada bilərik.


Abunəlik