Qusar polisi məktəbdə narkomaniya əleyhinə tədbir keçirdi

Baxılıb:458
Qusar polisi məktəbdə narkomaniya əleyhinə tədbir keçirdi

Qusar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 2 nömrəli tam orta məktəbində “Narkomaniyanın sosial təhlükəliliyi və doğurduğu fəsadlar” və “Erkən nikahın fəsadları” mövzularında maarifləndirici tədbir keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan AzTimes.az-a verilən məlumata görə, yerli icra nümayəndəsi, həkim, məktəbin pedaqoji heyəti və şagirdlərin iştirak etdiyi tədbirdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik- leytenantı Hidayət Babayev dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıb.

O qeyd edib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs uğurlu gələcəyindən imtina etməklə, cəmiyyətdə həmişə geridə qalır və aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmir. Onun sözlərinə görə, gəncləri daha düzgün və uğurlu yola yönləndirmək valideynlərdən və əsasən də müəllimlərdən asılıdır.

Tədbirdə həmçinin çıxış edən RPŞ-nin azyaşlılar üzrə baş inspektoru, polis mayoru Səlahəddin Əmrullayev erkən nikahın doğurduğu mənfi cəhətlər və gənc ailələrdə yaratdığı problemlərdən söz açıb.

Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.


Abunəlik