Qubada narkomaniyaya qarşı maarifləndirici görüş keçirilib-FOTOLAR

Baxılıb:207
Qubada narkomaniyaya qarşı maarifləndirici görüş keçirilib-FOTOLAR

  

Qubada narkomaniyaya qarşı maarifləndirici görüş keçirilib. AzTimes.az xəbər verir ki, Quba Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Zərdabi qəsəbəsinin tam orta məktəbində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Karantin qaydalarına uyğun təşkil edilən tədbirdə RPŞ-nin əməkdaşları, təhsil şöbəsinin nümayəndələri, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər. Şagirdlərlə görüşdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Vüsal Rüstəmov narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edib, bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə tədbir iştirakçılarını məlumatlandırıb. Həmçinin, 2021-ci ilin əvvəlindən bu günə kimi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə tədbirləri nəticəsində aşkarlanmış faktların statistikası qeyd olunub və müxtəlif növ narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarıldığı diqqətə çatdırılıb.

“Ağ ölüm”ə qarşı mübarizədə maarifləndirmə işinin də vacibliyini qeyd edən polis polkovnik-leytenantı V.Rüstəmov gəncləri zərərli vərdişlərdən uzaq tutmaq üçün təhsil müəssisələrində bu formada tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.


Abunəlik