“Qonşu kəndin sakinləri bələdiyyə ilə əlbir olub örüş sahəmizi hasarlayıb” – Ağdaşda NARAZILIQ…

Baxılıb:169
“Qonşu kəndin sakinləri bələdiyyə ilə əlbir olub örüş sahəmizi hasarlayıb” – Ağdaşda NARAZILIQ…

Ağdaş rayon Korarx kəndinin sakini Malik İsmayılov qonşu Aşağı Zeynəddin kəndindən bəzi ailələrin Ağdaş Rayon İcra Hakimiyyəti və Qolqəti bələdiyyəsi ilə əlbir olaraq kəndlilərin örüş yerini qeyri-qanuni olaraq hasarladıqlarını iddia edir.
Bu barədə Yeniavaz.com-a açıqlama verən M. İsmayılov bildirib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etsələr də heç bir tədbir görülməyib:
“Mənim göl sahəm var. Onun yanında bizim camaatın 50 hektar mal örüşü var. Həmin torpağı qonşu Aşağı Zeynəddin kəndindən 3 ailə 20 ildir zəbt edib. Həmin 3 ailədən ikisinin ailə başçısı Həsənov Yediyar Bəxtiyar oğlu və Yusifov Məzahir Şahbaz oğlu İcra hakimiyyəti bələdiyyə və icra hakimiyyəti ilə əlbir olaraq qeyri-qanuni şəkildə, sənədsiz həmin ərazini hasarlayıblar. Bizə orada mal güdməyə imkan vermirlər. Ailələrdən birinin başçısı isə dünyasını dəyişib. Həmin ərazinin 10 hektarlıq hissəsinə də, heç bir icazə olmadığı halda yonca əkiblər. Polisə, məhkəməyə vermişik, heç bir tədbir görülməyib”.

Məsələ ilə bağlı Ağdaş Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyətindən məsələdən xəbərsiz olduqlarını bildirdilər.
Qolqəti bələdiyyəsinin sədri Süleyman Cəfərov isə məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verib və bildirib ki, hasarlanan ərazi həmin ailələrə qanuni üsullarla verilib və bunu təsdiq edən sənədlər mövcuddur:
“18 hektar Malik kişidə yer var, onun 10 hektarını göl adı ilə icarəyə götürüb, onun da sənədi düzgün deyil. Qaçqınlar da 20 ildir ki, orada məskunlaşıblar və bu müddətdə həmin torpaqlardan bir manat belə ödəmədən istifadə ediblər. Biz həmin ərazidə hər üç ailənin adına, hərəsinə 4 hektar olmaqla 12 hektar torpağı icarəyə vermişik. Onlar həmin ərazini hasarlamayıblar”.
Lakin o, sənədlərin fotosunu redaksiyamıza təqdim edə bilməyəcəyini bildirib. S. Cəfərov həmçinin bildirib ki, M. İsmayılova məxsus gölün yaxınlığındakı ərazi isə zəbt olunub:
“Orada, gölün yanında əlavə bir yer var. Həmin ərazi ümumi bir yerdir və çoraq mülkiyyətidir. Onu da neçə ildir ki, hayasızcasına zəbt ediblər, biz də vermişik məhkəməyə. İndi məhkəmə qərar çıxartmalıdır və həmin ərazidə yenidən ölçü aparılmalıdır”.


Abunəlik